Yaponiyanın Aya üz tutmuş “Hakuto-R” kosmik gəmisi göy cisminin tozlu səthinin görüntüsünü qeydə alıb.
Hafta.az-ın "Gizmodo"ya istinadən yazdığına görə, bir neçə gün əvvəl Ayın orbitinə uğurla daxil olan "Hakuto-R", Tokioda yerləşən özəl kosmik şirkəti "ispace" tərəfindən hazırlanıb. Şirkət Ay səthinə uğurla enən ilk özəl müəssisə olmağı hədəfləyir.
Şirkətin rəsmi Twitter hesabında paylaşdığı paylaşımda kosmosun dərinliklərində parlayan Ayın krater səthinin yaxından çəkilmiş fotoşəkili yer alıb. Yazıda həmçinin deyilir: "Ay orbitindən salam! Keçən həftə Ay orbitinə uğurlu giriş manevrindən sonra "Hakuto-R" əsas gövdəyə quraşdırılmış kamera ilə Ayın bu şəklini çəkdi".
Kosmik gəmi dekabrın 11-də SpaceX-in Aya yük daşıyan "Falcon 9" raketi ilə buraxılıb. Üç aylıq kosmos səyahətindən sonra "Hakuto-R" manevr edib və martın 21-də Ayın orbitinə daxil olub. Kosmik gəmi hazırda Ay ətrafında sabit orbitdədir.
Kosmik idarənin rəsmiləri, "Hakuto-R"in aprelin sonunda Aya enməyə cəhd edəcəyini bildiriblər.
Lakin hələlik dəqiq eniş tarixi müəyyən edilməyib. Əgər “Hakuto-R” Ayın səthinə enməyi bacararsa, bu, bunu edən ilk kommersiya vasitəsi olacaq.
Qeyd edək ki, 2019-cu ildə İsrailin özəl kosmik uçuş aparatı "Beresheet" də Aya enməyə cəhd edib, amma səthə düşə bilməyib.