Fukusima Atom Elektrik Stansiyasında tullantı sularının okeana axıdılması səbəbindən Yaponiya ilə Çin arasında gərginliyin təsiri davam edir.
Hafta.az-ın yazdığına görə, Yaponiyanın xarici işlər naziri Yoşimaşa Hayaşi dünən verdiyi açıqlamada Pekindəki səfirliyin binasına kərpic atıldığını təsdiqləyib.
Yaponiyanın ictimai yayımı NHK bildirib ki, hadisə avqustun 24-də, çirkab suların okeana axıdılmasının başladığı vaxt baş verib. Məlumatda kərpic atan şəxsin Çin vətəndaşı olduğu və polis tərəfindən saxlanıldığı bildirilsə də, hücum edənin kimliyi açıqlanmayıb. Bildirilib ki, hadisə zamanı səfirliyin binasına heç bir ziyan dəyməyib və kimsə xəsarət almayıb.
Hayaşi hakimiyyətdən “gərginliyin artmasının qarşısını almaq və Çindəki Yaponiya vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyi” tələb edib. Nazir həmçinin Pekin administrasiyasını tullantı sularının axıdılması prosesi ilə bağlı ictimaiyyəti yanlış məlumatlandırmaqda ittihamlayıb.
Çinin xarici işlər naziri Vanq Venbin dünən verdiyi açıqlamada səfirliyin binasında mühafizənin gücləndirildiyini bildirib. Digər tərəfdən, baş verənlərə görə Yaponiyanı günahlandıran nazir, "Beynəlxalq ictimaiyyətin etirazlarına məhəl qoymayaraq suyun okeana boşaldılması prosesinə başladılar. Bu, bütün dünyada hiddətə səbəb oldu. Mövcud vəziyyətin əsas səbəbi də budur" deyib.
Fukuşima meri Hiroşi Kohata da şənbə günü bildirib ki, bir gündə bələdiyyəyə 200 hədə zəngi gəlib. Kohata, nömrələrin əksəriyyətinin Çin üçün +86 yığım kodunu daşıdığını bildirib.
Fukuşima Atom Elektrik Stansiyasını idarə edən Tokio Elektrik Şirkəti də evakuasiya başlayandan bəri Çindən 6 mindən çox zəng qəbul edildiyini bildirib.
Yaponiya Xarici İşlər Nazirliyi ötən gün Çinin Tokiodakı səfiri Vu Cianghaonu çağıraraq ona hadisələrin "böyük narahatlıq doğurduğunu" bildirib.
Xatırladaq ki, avqustun 24-də Fukusimadan radioaktiv tullantı sularının okeana axıdılması çoxlu mübahisələrə səbəb olub. Pekin administrasiyası bu qərara reaksiya verib və Yaponiyadan dəniz məhsulları idxalını dayandırıb.
Birinci mərhələdə 17 gün ərzində 7800 ton tullantı suyunun okeana axıdılması, gələn ilin mart ayına qədər ümumilikdə 31,2 min ton radioaktiv tullantı suyunun axıdılmasının başa çatdırılması nəzərdə tutulur.