Yeni avtobusların hansı xətt üzrə istifadəyə verilməsi ilə bağlı təhlillər aparılır - BNA

12:14 23.10.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Paytaxımızda son dövrlər müasir və rahat avtobuslar gətirilməkdə davam edir. Bakı Nəqliyat Agentliyi bu ənənənin davam edəcəyini bildirmişdi.

Hafta.az-a bu barədə məlumat verən BNA-nin mətbuat xidmətinin rəhbəri Mais Ağayev dedi ki, yeni avtobuslar artıq Bakıdadır.

Onun sözlərinə görə, Bakı şəhərinə indiyə kimi 230–a yaxın yeni avtobuslar gətirilib: “Bunların bir qismi 12 metrlik avtobuslardır. Ümümilikdə alınan 300 avtobusun 280 ədədi 12 metrlik, 20 ədədi isə 18 metrlik avtobuslar olacaq. Avtobusların çatdırılma prosesi qarşıdakı aylarda tam yekunlaşacaq. Çalışırıq ki, bütün gətirilən avtobuslar ilin sonuna kimi xəttə buraxılsın, sərnişinlərin istismarına verilsin. Həmçinin xəttə buraxılma ilə yanaşı, yeni işçilərin cəlb olunması işləri də aparılır. Həmin avtobuslarda kart sistemi də quraşdırılır. Yəni, yeni avtobuslar xəttə buraxıldıqda ödəniş kartla həyata keçiriləcək".

Qurumun sözcüsü yeni avtobusların hansı istiqamətlər üzrə istismara veriləcəyi məsələsinə də toxundu. O, bildirdi ki, yeni avtobusların hansı xətt üzrə istifadəyə verilməsi ilə bağlı mütəxəsislərimiz tərəfindən müraciətlər və təhlillərə baxılacaq:

“İlk növbədə vətəndaşları narahat edən xətlər üzrə istifadəyə başlanılacaq. Bakı Nəqliyyat Agentliyinin (BNA) sifarişi ilə "BMC Otomativ Sanaye ve Ticaret A.S." şirkəti tərəfindən istehsal edilən avtobuslar yaxın aylarda Bakı yollarında istismara veriləcək. Paytaxta gətirilən həmin avtobusların əsasən daha çox şikayət olunan, problemlər yaşanan xətlərdəki avtobusları əvəz edəcəyi və kənd və qəsəbələrə də bu avtobuslardan istismara verilməsi planlaşdırılır. Burada bir şeyə diqqət etmək lazımdır ki, o istiqamətlərdə yol infrastrukturu avtobusların manevr etməsinə imkan verməlidir. Bu sahədə bütün istiqamətlər üzrə işlər aparılır”.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) 300 avtobusun tədarükü ilə bağlı elan edilmiş tenderin qalibi "BMC Otomativ Sanaye ve Ticaret A.S." şirkətidir. İki qurum arasında 2018-ci il oktyabr ayının 23-də müqavilə bağlanılıb.