Yeni idarəetmə modelinə keçid - aktual

11:51 01.12.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün Qarabağ yeni texnologiyalar əsasında yenidən inşa olunur. Bununla paralel işğaldan azad olunmuş ərazilərdə yeni idarəetmə sistemi sınaqdan keçirilir. Prezident İlham Əliyev bu yaxınlarda Bakıda keçirilən "Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda xarici ekspertlərin suallarını cavablandırarkən Qarabağda görülən işlərə toxunaraq qeyd edib ki, Qarabağın və Zəngəzurun yenidən qurulmasını bütün ölkə üçün nümunə hesab edirik: “Biz azad edilmiş ərazilərdə ən son texnologiyalardan istifadə edirik. İki il əvvəl, müharibə bitəndən dərhal sonra mən “Qarabağı yenidən quracağıq və yenidənqurmanın yaxşı nümunəsini nümayiş etdirəcəyik” deyəndə eynilə bunu nəzərdə tutmuşdum. İndi bu, həyata keçir.

Biz şəhərlərimizi və kəndlərimizi smart texnologiya platformasına əsaslanaraq tikirik və yenidən qururuq. Ağalıda ilk kənd artıq məskunlaşdırılıb. Oraya gedən hər kəs Qarabağın yenidən qurulması modelinin necə olacağını görə bilər. Bu, təkcə 30 il ərzində erməni işğalından əziyyət çəkmiş, layiqli həyat yaşamağa, tam qorunmağa layiq keçmiş məcburi köçkünlər qarşısında bizim mənəvi borcumuzun bir növ nümayişi olmamalıdır, həmçinin biz Qarabağın və Zəngəzurun yenidən qurulmasını bütün ölkə üçün nümunə hesab edirik. Onda biz bəlkə də artıq indi davamlı olaraq texnoloji təcrübəyə, eləcə də inzibati idarəçiliyə keçəcəyik. Azad edilmiş ərazilərdə bizim ölkənin digər yerlərindən fərqli inzibati strukturlarımız var. Prezidentin xüsusi nümayəndəsi institutu üç ərazidə artıq qurulub və səmərəliliyi sübut olunub. Beləliklə, biz texnoloji inkişaf modelini sınaqdan keçirməklə yanaşı, həm də idarəçilik modelini sınaqdan keçiririk. Ona görə də biz rəqəmsal inkişafa çox diqqətlə və əzmlə yanaşacağıq, xalqımıza uyğun olan ən yaxşı seçimi edəcəyik.”

Xatırladaq ki, 2021-ci ilin yanvarın 19-da Prezident işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndələri haqqında fərman imzalayıb. Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəlikləri təsis edilib. Prezidentin xüsusi nümayəndəliklərinə prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa prezidentə tabe olan xüsusi nümayəndələr rəhbərlik edirlər. Fərmana əsasən müəyyən edilib ki, xüsusi nümayəndə prezidentin müəyyən etdiyi ərazi hüdudlarında prezidenti təmsil edən vəzifəli şəxsdir və prezidentin müəyyən etdiyi ərazi hüdudlarında onun müəyyən etdiyi səlahiyyətləri həyata keçirir.

Prezidentin ilk xüsusi nümayəndəsi həmin il yanvarın 27-də Şuşa rayonuna təyin edilib. Bu vəzifəni Aydın Kərimov icra etməkdədir. 2021-ci il mayın 24-dən Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində (Ağdam şəhəri daxil olmaqla) prezidentin xüsusi nümayəndəsi olmuş Emin Hüseynov həmin il dekabrın 1-dən Qarabağ iqtisadi rayonunun işğaldan azad edilmiş ərazilərində (Şuşa rayonu istisna olmaqla) prezidentin xüsusi nümayəndəsidir. 2022-ci il mayın 4-də Vahid Hacıyev prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin edilib.

Maraqlıdır, görəsən, Qarabağda idarəetmə ilə bağlı təcrübənin Azərbaycanın digər ərazilərində tətbiq olunmasına nə vaxtdan başlanıla bilər?

Məsələni qəzetimizə şərh edən millət vəkili Tahir Rzayev bildirib ki, bu gün ölkəmizdə bütün sahələrdə islahatlar həyata keçirilir: “Bu islahatlar öz müsbət nəticələrini verməkdədir. Sözsüz ki, bu islahatlar düşünülmüş şəkildə gələcəyə hesablanmış və reallıqları əks etdirən ıslahatlardır. Bu baxımdan Prezidentin xüsusi nümayəndəliyinin yaradılması və 3 nümayəndəliyin işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərməsi, artıq qısa müddətdə onların fəaliyyətinin yaxşı nəticələr verməsi təqdirəlayiq haldır. Əlbəttə ki, bütün bu fəaliyyət ölkə rəhbəri tərəfindən istiqamətləndirilir və onun nəzarəti altındadır. Əgər bu idarəetmə forması tam olaraq öz müsbət nəticələrini verərsə, digər ərazilərdə də həmin idarəetmə üsulunun həyata keçirilməsi mütləq baş verəcəkdir”.

Millət vəkili xatırladıb ki, hazırda azad olunmuş ərazilərdə geniş quruculuq işləri həyata keçirilməkdədir: “Qarabağda yeni, modern infrastruktur yaradılır. Burada yüksək idarəetmə modeli tətbiq olunur. Prezidentin liderliyilə işğaldan azad edilmiş ərazilərdə qurulan “ağıllı kəndlər” və “ağıllı şəhərlər” Azərbaycanın yüksək kreativ idarəetmə modellərinə açıq olduğunu nümayiş etdirir. Qarabağ, bütövlükdə ölkəmiz faktiki olaraq regionda yeni texnologiyalar mərkəzinə çevrilir. Təbii ki, bununla paralel işğaldan azad edilən ərazilərimizdə yerli idarəetmənin yeni modelinin formalaşdırılması işlərin daha sürətlə aparılmasına imkan verir. Ümumiyyətlə isə idarəetmə sahəsində islahatların həyata keçirilməsinin başlıca məqsədi insanların həyat şəraitinin yaxşılaşdırılması və ölkənin inkişaf etdirilməsidir. Ona görə də bu cür islahatlar səmərəli olduğu təqdirdə, gələcəkdə digər ərazilərimizdə də xüsusi nümayəndəliklərin yaradılması reallığa çevriləcəkdir”.