Yeni ildən qüvvəyə minəcək qanunlar

18:33 27.12.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Yeni ilin başlamasına sayılı günlər qalır. Bu o deməkdir ki, 2025-ci ilin yanvar ayından ölkədə həm də müxtəlif sahələri əhatə edəcək yeni qanunlar qüvvəyə minəcək.

41 milyardlıq büdcə sənədi

2025-cü ilin yanvarın 1-dən Azərbaycan Respublikasının yeni dövlət büdcəsi qüvvəyə minəcək. Gələn il dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri isə 41 milyard 407,6 milyon manat olacaq. Beləliklə, dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri 40 milyon manat artırılıb. 2025-ci ilin dövlət büdcəsində müdafiə, təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının saxlanması xərcləri 11601,5 milyon manat olmaqla 13,65 faiz çox nəzərdə tutulur. 2025-ci ilin dövlət büdcəsinin 41 faizini isə sosial yönümlü xərclər təşkil edəcək. Bu da 2024 cü ilin dövlət büdcəsi ilə müqayisədə 1370,0 milyon manat və ya 8,8 faiz çox deməkdir. O cümlədən təhsil xərcləri 4946,1 milyon nəzərdə tutulmaqla 2024-cü illə müqayisədə 8,75 faiz, elm sahəsi üzrə xərclər 244,4 milyon manat olmaqla 3, faiz% , səhiyyə xərcləri 1999,4 milyon manat olmaqla 7,1 faz , sosial müdafiə və sosial təminat xərcləri 4811,8 milyon manat olmaqla 9,65 faiz, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyyəsi və digər kateqoriyalara aid xərclər 635,3 milyon olmaqla 10,4 faiz çox nəzərdə tutulur. 2025-ci ilin dövlət bütcəsində də işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 4 milyard manat vəsait nəzərdə tutulub. Bu vəsait dövlətin qarşısına qoyduğu bütün planların vaxtında icrası istiqamətində maddi təminat yaradacaq.

3 milyon insanı əhatə edəcək sosial paket

Yeni ildən Azərbaycanda yeni sosial paketin icrasına başlanacaq. Belə ki, Prezident İlham Əliyev "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. Bundan başqa, Nazirlər Kabinetinə əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Prezidentə təqdim etmək tapşırılıb. Eyni zamanda hökumət sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini də üç ay müddətində dövlət başçısına təqdim etməlidir. Həmçinin, sərəncamla Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə aylıq tarif (vəzifə) maaşlarının minimum aylıq əməkhaqqının artırılmış yeni məbləğinə uyğunlaşdırılmasını təmin edəcək. Beləliklə, həmin sahələr (sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı və s.) üzrə 19 pillədən ibarət Vahid Tarif Cədvəlinin ilk pilləsindəki maaş 400 manata çatdırılmaqla, digər pillələr üzrə maaşlarda da buna uyğun artımlar tətbiq ediləcək. Yeni sərəncamla icrasına başlanan növbəti sosial islahat paketi gələn ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması da nəzərə alınmaqla ümumən 3 milyon insanı əhatə edəcək və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artırılacaq. Həmin artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq. Sərəncamın birinci hissəsi 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Bəzi avadanlıq və xammal gömrük rüsumundan azad ediləcək

Gələn il yanvarın 1-dən “Gömrük tarifi haqqında” qanunda edilən dəyişiklik də qüvvəyə minəcək. Həmin dəyişikliklə dövlətin satınalma öhdəliyi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanuna uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq gömrük rüsumlarından azad edilib. Bununla yanaşı, dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində özəl tərəfdaş olan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanununa uyğun olaraq müəyyən edilmiş dövlət tərəfdaşının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq gömrük rüsumlarından azad olunub. Qanuna görə, gömrük rüsumları üzrə güzəştlərin və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin aparılması məqsədilə gömrük rüsumları üzrə güzəştlər və azadolmalar Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada təsnifləşdiriləcək.

Kənd təsərrüfatı təyinatlı torpaqlara nəzarət artacaq

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Qanununa görə kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş tikililər inşa edilə və quraşdırıla bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvəqqəti tikinti-quraşdırma işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsini və yerli icra hakimiyyəti orqanlarını məlumatlandırılmaqla aparılacaq. Tikinti-quraşdırma işləri həyata keçirilərkən torpaqların kateqoriya və təyinatının dəyişdirilməsinə ehtiyac olmayacaq. İstixanalar və suvarma infrastrukturlarının inşası və quraşdırılması zamanı isə 5 hektara və 1 faizə dair məhdudiyyətlər tətbiq edilməyəcək. Yəni 5 hektardan az olan sahələrdə də ümumi ərazinin neçə faizini təşkil etməsindən asılı olmayaraq istixanalar və suvarma infrastrukturlarının inşası və quraşdırılması mümkün olacaq. Bu əsaslı tikintilərin aparılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilən qaydada “Şəhərsalma və Tikinti Məcəlləsinə” uyğun olaraq qaydada həyata keçiriləcək. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulan, habelə işçilərin müvəqqəti yaşaması üçün inşasına yol verilən tikinti obyektlərinin, kənd təsərrüfatı məqsədli istifadəsi halları istisna olmaqla, torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən digər məqsədlər üçün istifadəsinə və istismar təyinatının dəyişdirilməsinə yol verilməyəcək.

Qohum evliliklərə qadağa

Gələn il həm də qohum evlilikləri ilə bağlı yeni qaydalar  qüvvəyə minəcək. Belə ki, Ailə Məcəlləsinə edilən dəyişikliklərə əsasən, 2025-ci il iyul ayının 1-dən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir. Ailə Məcəlləsinə edilən dəyişikliklərdən biri də yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsmə edən şəxslərin inzibati həbs olunmasıdır. Həmçinin, Azərbaycanda 16 yaşına çatmayanlarla nişanlanan şəxslər 2 min manat cərimələnəcək, həbs olunacaq. Dəyişikliyə əsasən, on altı yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs tərəfindən nişanlanmaya və ya evliliyə dair digər sövdələşməyə daxil olmağa görə 1 000 manatdan 2 min manatadək məbləğdə cərimə ediləcək və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunacaq. Azərbaycanda nikah yaşı üzrlü səbəblərdən də 1 il azaldılmayacaq. Belə ki, əvvəlki qanunvericiliyə əsasən, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilərdi. Yeni dəyişikliklə qanunun bu müddəası ləğv edilib. Dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini keçirənlər 13 min manatadək cərimələnəcək.