Son illərdə gənclər və yeniyetmələr arasında narkomaniyanın sürətlə yayıldığının şahidi oluruq. Hazırda bütün dünya bu bəla ilə mübarizə aparsa da, təəssüflər olsun ki ciddi nəticələr əldə etmək mümkün olmayıb. Ölkəmizdə isə bu problem demək olar hər gün gündəmə gətirilir, tez-tez Milli Məclisdə müzakirəyə çıxarılır. Bəs görəsən, narkomaniya ilə mübarizədə daha effektiv nəticələr əldə etmək üçün nələr lazımdır?
Hafta.az-a açıqlama verən Respublika Narkoloji mərkəzinin psixoloqu Ramin Allahverdiyev deyir ki, yeniyetməlik çağında maddəyə başlama səbəbləri ilk növbədə beyin funksiyalarının inkişafı ilə əlaqəlidir. Yaxşı olardı ki, həmin yaş dövründə uşaqlar daha çox elmə, incəsənətə yaxud da idmana yönləndirilsinlər:
“Gənclər və yeniyetmələr arasında narkotik maddələrə meyillilik indinin müzakirə mövzusu deyil. Təəssüf ki bu uzun illərdir belədir. Statistikalar göstərir ki, maddəyə başlama yaş həddi yeniyetməliyə təsadüf edir. Buna səbəb olaraq bir çox faktorları göstərə bilərik. Anadan olanda arxa beyin adı verdiyimiz beyin inkişaf edir. Onun funksiyası mübarizədir. Uşaq yaşamaq üçün mübarizə aparır. Sonradan emosional beynimiz inkişafa başlayır. Bu da 12-14 yaş arasına təsadüf edir. Emosional beynin funksiyası yemək-içmək və digər prosesləri kontrol etməkdir. Ən əsas isə mükafatlandırma sisteminin inkişaf etdiyi beyin bölgəmizdir. Bu zaman şəxslərin verdiyi qərarlar məntiqi fikrə əsaslanmır. Emosional qərarlar verirlər. 22-24 yaşdan sonra bizim ön beynimiz inkişaf edir. Bu zaman da biz normal qərarlar verə bilirik. Mən, yeniyetməlik çağında maddəyə başlama səbəblərini əsas olaraq beyin funksiyalarının inkişafı ilə əlaqələndirirəm”.
Müsahibimiz narkomaniya ilə mübarizədə psixoloji dəstəyin əhəmiyyətini də xüsusi vurğuladı:
“Qarşısını almaq üçün hər bir cəmiyyətin öz yanaşması mövcuddur. Bəziləri qadağalar qoyur, bəziləri maarifləndirir yaxud da mükafatlandırır. Fikrimcə bunun qarşısını almaq üçün şəxsdə uşaqlıq yaş dövründə daxili və xarici resursları aktivləşdirmək, özünüqiymətləndirməni artırmaq lazımdır. Bu, şəxsləri mütaliəyə, idmana yönləndirmək ola bilər. Maddə asılılığında birinci medikamentoz müdaxilədir. İkinci isə psixoterapiyadır. Təcrübə də onu göstərir ki, maddə asılılığının reabilitasiya müddətində psixoterapiyalar həyata keçirilməlidir”.