Yerli camaata qız vermirlər, ayrı məscidlərdə namaz qılırlar - Axısqa türkləri ilə bir gün - REPORTAJ

15:57 18.07.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Çoxdan idi ki, ölkədə yaşayan axısqa türklərinin yaşadığı ərazi, dili, mətbəxi haqqında öyrənmək istəyirdim. Bircə onu bilirdim ki, axısqa türkləri Saatlı rayonunda məskunlaşıblar. Saatlı rayonun Orta Muğan kəndi mesxeti türklərinin (Axısqa) yaşadığı ərazidir. Bu kənddə 250 ailə mesxeti türküdür. Bəs bunlar kimlərdir, haradan köç ediblər?

Müəzzəm Türk dünyasının ulu boylarından, ulu olduqları qədər də ən ağır məşəqqətlərə düçar olan boylarından biri də Axısqa türkləridir. Ən qədim dövrlərdən Kiçik Qafqaz sıra dağlarının başlanğıcında yaşayan bu soydaşlarımızın danışdığı şivə, adət və ənənələri, folkloru, mədəniyyəti qədim Türk məskəni Borçalı mahalındakı Azərbaycan türkləri və Ərzurum-Qars ərazilərindəki Türklərlə çox yaxındır. Tarix boyu etnik yaşayış yerləri Gürcüstanın Məhsəti bölgəsi olmuşdur. 1944-ci ildə Axısqa türkləri Stalin repressiyasının qurbanı olmuş, axısqalılar kütləvi şəkildə öz doğma yerlərindən deportasiya olunmuşdur.

Axısqa türkləri haqqında yerli camaat deyir ki, onlar çox mehriban insanlardır. Jurnalist olduğumu bilən kənd sakini Vüqar Orucov axısqa türkləri haqqında çox geniş danışdı:

"Bu kənddə türklər mehriban olduqları qədər, həm də işləyən adamlardır. Bütün kənd təsərrüffatı texnikaları onlardadır. Toy-yas məclislərimiz bir olur".

Atalar deyib ki, yüz eşitməkdənsə, bir dəfə görmək daha yaxşıdı. Mən də bu fikirlə razılaşıb, daha dərindən məlumat almaq üçün türklərin yaşadığı məhəlləyə yollandım. Məhəllənin girişində böyük bir məscid yerləşir. Kənd camaatı deyir ki, türklərin məscidinə yerli camaat getmir. Ona görə ki, məshəb fərqləri var. Və yerli camaatın da öz məscidi var.

Havanın isti olması ya karantin səbəbindən məhəllədə səs-sorağ yoxdur. Məscidə daxil oluram. Məsciddə də heç kim yoxdu. Allahın evinin qapısı isə bütün kənd camaatına açıqdır.

Uzun bir gəzintidən sonra axısqa türklərinin yaşadığı məhəllənin ağsaqqalı İsmayıl bəylə görüşdük. Kənd camaatı ona "İsmayıl xoca" deyir. Maraqlısı odur ki, insanlar məscid axundunun adını bilmir. Elə hamı"Xoca" deyir. Öyrəndiyimiz məlumata görə xoca o türklərin içki içməsini də yasaqalayıb. Hətta, sipirtli içki içən insanların yaxınlarının dəfnində də iştirak etmir.

İsmayıl bəy bizi görüb danışmayacağını dedi. Çox istəsək də heç bir kəlmə də kəsmədi. Başqa türklərlə söhbətləşmək istəsək də onlar da buna razı olmadılar. Mənə maraqlı olan isə onların mədəniyyəti, mətbəxidir.

Kənd sakinlərindən olan Təbriz bəy deyir ki, onlar Azərbaycan mətbəxinə elə də maraq göstərmirlər: "Daha çox türk mətbəxinə aid olan yeməklər bişirirlər"

Sən demə axısqa türkləri azərbaycanlılara qız vermirmişlər. Yerli camaatın dediyinə görə, türklər heç bir halda ailə qurmaq üçün öz övladlarına azərbaycanlı qız almırlar, eləcə də azərbaycanlı oğlana qız vermirlər. Səbəbini isə heç özləri də bilmirlər.

Axısqa türkləri kənd işləri ilə, yəni kənd təsərrüfatı ilə məşğuldurlar. Əsasən də tərəvəz bitkiləri əkib-becərirlər. Burada yaşayan insanlar toy məcləsilərini də fərqli keçirirlər. Tez-tez Türkiyəyə səfər edirlər. Təhsil alan gənclər isə, Türkiyədə yaşamaq üçün üz tuturlar. Bir il öncə bir çox türk yaşadıqları Saatlı rayonunun Orta muğan kəndindən Türkiyənin Bursa vilayətinə köç ediblər. Lakin orada vəziyyətin çətinliyi ucbatından, yenidən bu kəndə qayıdıblar. Onlar Azərbaycanda yaşamağın daha rahat olduğunu etiraf edirlər. Çünki Azərbaycan dövləti öz yerli xalqına göstərdiyi diqqəti, gəlmə xalqların nümayəndələrinə də göstərirlər. Heç bir ayrı-seçkilik qoyulmur.

Axısqa türklər öz dillərində danışırlar. Azərbaycanda yaşamalarına baxmayaraq dillərini də unutmurlar. Onlar hesab edir ki, Türk dili onların ana dilidir, yaşadıqları ölkənin dilini bilmələri yaxşı hal hesab olunsa da, öz dillərini unutmaq Türk xalqına xəyanət kimidir.

Axısqa türklərinə də orta məktəbdə Azərbaycan əlifbası tədris edilir. Bütün dərslər Azərbaycanca keçilir. Türk dili yalnız ailədaxili istifadə olunur. Şəxsiyyət vəsiqələrində isə azərbaycanlı qeyd edilir. Digər azsaylı xalqlardan fərqləri yoxdur. Talış, avar, ləzgi kimi onların da doğulduğu yer Azərbaycan, milləti azərbaycanlı qeyd edilir.

Axısqa türkləri dillərini Türk dili hesab etsə də, biz onları azərbaycanlı hesab edəcəyik, bir ölkə kimi hər zaman humanistlik göstərəcəyik...