Yüksək pensiya almaq üçün nə etməli?! - MÜZAKİRƏ

10:39 15.12.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda pensiya təminatı və bu yöndə aparılan islahatlar mütəmadi olaraq müzakirə mövzusudur. Bəzi ekspertlər ölkəmizdə pensiya sistemi ilə bağlı atılan addımları yetərli və əlçatan saymasalar da, məsələyə cavabdeh qurumlar iradlarla razılaşmırlar və hesab edirlər ki, Azərbaycanda kifayət qədər əlverişli sığorta-pensiya sistemi qurulub.

Maraqlıdır, görəsən, qanunvericiliyə əsasən bu gün ölkəmizdə pensiyalar hansı formada təyin olunur? Tutaq ki, hazırda minimum əməkhaqqı alan vətəndaşın təqaüd yaşı çatanda pensiyası nə qədər olacaq? Vətəndaşın gələcəkdə pensiya hüququ əldə etməsi üçün minimum pensiya kapitalı nə qədər olmalıdır? Ümumiyyətlə, gələcəkdə normal pensiya almaq üçün vətəndaşın əməkhaqqı neçə manat olmalıdır?

Mövzu ilə bağlı qəzetimizə danışan iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, ölkədə tətbiq olunan pensiya sistemi 2006-cı ildən etibarən fərdi uçot əsasında və sosial sığorta prinsiplərinə uyğun şəkildə fəaliyyət göstərir:

“Mövcud qanunvericiliyə əsasən, vətəndaşlara əmək pensiyaları, yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiya təyin olunur. Kişilərdə pensiyaya çıxmaq üçün yaş həddi 65, qadınlarda 63 yaşdır. Qanunvericiliyə görə, pensiya yaşına çatmış şəxs pensiya hüququna maik olması üçün ya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya kapitalına, bu olmadıqda azı 25 il sığorta stajına malik olmalıdır. Bununla belə, pensiya sistemində 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı qeydə alınan şəxslərə avtomatik olaraq 25 il sosial sığorta stajı hədiyyə edilir və əmək pensiyası hüququ verilir. Lakin pensiya yaşına çatsa da pensiya hüququ yaranmayan şəxs heç də sosial təminat sistemindən kənarda qalmır.

Belə ki, 2020-ci ilin əvvəlindən yaşa görə müavinət yaşı pensiya yaşı ilə eyniləşdirilib, yəni pensiya yaşına çatsa da, pensiya hüququ yaranmayan şəxslərə yaşa görə müavinət təyin olunur. Həmin müavinət hazırda 180 manatdır və müəyyən mərhələlərlə bu məbləğ artırılır. Bilirsiniz ki, gələn ildən yaşayış minimumu 246 manat nəzərdə tutulub. Ehtiyac meyarı da yeni ildən ilk dəfə olaraq yaşayış minimumu ilə bərabərləşəcək. Həmçinin növbəti ildən maaş, pensiya və müavinətlərdə artım gözlənilir. Yəqin ki, həmin 180 manat sosial müavinət də bir qədər artırılacaq. Amma bir daha qeyd edirəm ki, qanunvericiliyə görə əmək pensiyası üçün azı 25 il staj əldə olunmalıdır və vətəndaşın əmək fəaliyyəti ilə məşğul olduğu müddətdə aldığı əməkhaqqından tutulan sosial ayırmalar sayəsində müvafiq pensiya kapitalı yığılmalıdır. Həmin kapital sonradan vətəndaş pensiya yaşına çatdıqda onun əldə edəcəyi aylıq pensiya məbləğinin formalaşmasında mühüm rol oynayır. Yəni, əmək stajı və pensiya kapitalı gələcəkdə vətəndaşın alacağı pensiyanın formalaşması üçün əsas faktor sayılır”.

Hazırda minimum əmək haqqı alan vətəndaşların gələcəkdə pensiya təminatı məsələsinə də toxunan ekspert vurğulayıb ki, minimum əmək haqqı alanlardan da müəyyən sosial ödənişlər tutulur: “Hazırda ölkədə minimum əməkhaqqı 300 manatdır. Bu o demək deyil ki, minimum əməkhaqqı ilə işləyənlər həmin vəsaiti tam şəkildə alırlar. Təbii ki, həmin vəsaitdən Dövlət Sosial Müdafiə Fonduna müəyyən ayırmalar olur. 2019-cu ildə aparılan ıslahatlardan sonra həmin məbləğ 10 faizə qədər artırıldı. Yəni, bizim aylıq əməkhaqqından 10 faizə qədər bilavasitə sosial ayırmalara gedir. Amma bundan başqa digər ödəmələr də var. Onu da bilməliyik ki, vətəndaşın əməkhaqqı nə qədər aşağıdırsa, onun pensiya yaşına qədər istənilən səviyyədə pensiya kapitalı əldə etmək imkanı məhdud olur. Ona görə də belə şəxslər gələcəkdə minimum səviyyədə – təxminən,  250 manat ətrafında pensiya alacaqlar. Gələcəkdə yaxşı pensiya almaq üçün yaxşı da maaş almaq lazımdır. Bunun günahını bəzən dövlətdə görürlər. Məsələn, vətəndaşlar pensiyalarının aşağı olmasından şikayətlənirlər və s. Nəzərə almaq lazımdır ki, hər kəsin aldığı pensiya məbləği onun vaxtilə aldığı əməkhaqqına əsasən formalaşır. Tutaq ki, vətəndaşın aylıq maaşı minimum əməkhaqqı ətrafında təcəssüm edirsə, həmin vətəndaşların pensiya hüququ əldə etdikdən sonra aldıqları pensiya da istənilən səviyyədə olmayacaq. Hazırda hökumətin də çalışdığı budur ki, aşağı olan maaşlar hissə-hissə qaldırılsın. Məsələn, 2019-cu ildə minimum əməkhaqqı 2 dəfə artırıldı. Yaşayış minimumu nöqteyi-nəzərindən götürəndə 300 manat minimum əməkhaqqı məbləği olaraq istehlak tələbatını ödəmir. Sual oluna bilər ki, bəs hökumət bu məbləği niyə artırmır? Bazar qiyməti ilə hesablayanda minimum əmək haqqı 400-500 manat civarında olmalıdır. Əgər bu gün minimum əməkhaqqı 500 manat təşkil edərsə, istehlak səbətimizi təmin edə bilərik. Amma bu məsələdə reallığı da nəzərə almaq lazımdır. Hökumət birdən-birə bu məbləği 200 manat qaldırsa, onun istehlak bazarında zəncirvari olaraq neqativ təsirlərini müşahidə edəcəyik. Və həmin 500 manat bizə 1 və ya 2 ay rahat nəfəs almağımıza imkan verəcək. Ona görə də aşağı əməkhaqqının istənilən səviyyəyə çatması üçün ölkə iqtisadiyyatının daha çox inkişaf etməsi və artması tələb olunur”.

P.Heydərov onu da qeyd edib ki, vətəndaşın gələcəkdə normal pensiya alması üçün hazırda onun rəsmi şəkildə minimum 500 manat əməkhaqqı alması lazımdır: “Amma bir şərtlə ki, ölkədə infilyasiya yüksək olmasın”.

Hazırda Azərbaycanda minimum pensiya kapitalının həcminə gəlincə, ekspert bildirib ki, 2022-ci il üzrə pensiya kapitalının minimum məbləği artıb: “Bu ilin yanvar ayının 1-dən minimum pensiya kapitalı 34 560 manat təşkil edir. Bundan əvvəl həmin məbləğ 28 800 manat idi. Amma bu məbləği əldə etmək üçün vətəndaşın rəsmi əməkhaqqı, ən azı, 1000 manatdan yuxarı olmalıdır. Yəni, hər vətəndaşın bu qədər pensiya kapitalı yığmağa imkanı yoxdur. Təbii ki, illik indeksasiya zamanı həmin pensiya kapitalının məbləği də avtomatik olaraq artır. Tutaq ki, bu il həmin məbləğ 34 min 560 manatdırsa, gələn il bu məbləğ artacaq. Başqa sözlə, bizim nəzərdə tutulan minimum pensiya kapitalını yığmağımız ildən-ilə çətinləşir”.