“Paşinyanın dəvətimizi qəbul etməsi mühüm addım idi. Yəni bu məqamda Paşinyan öz ölkəsində müxalifətin təzyiqlərini və digər bir çox maneələri aşaraq dəvətimizi qəbul etdi. Biz yalnız bu mərasimdə baş nazir Paşinyanla üzbəüz görüşə bildik. Bu sürətli görüşdə biz onun bu dəvətə verdiyi cavaba görə minnətdarlığımızı bildirdik. Bundan əlavə, Azərbaycanın, o cümlədən Qarabağın ərazi bütövlüyünü tanıya biləcəkləri ilə bağlı son bəyanatı da bu mənada mühüm əhəmiyyət kəsb edirdi”.
Hafta.az-ın yazdığına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NTV kanalına müsahibəsində deyib. Dövlət başçısı deyib ki, bunu etiraf etmək mühüm inkişafdır. Amma Ermənistanda Paşinyana münasibət də çox önəmlidir. Paşinyanın hələlik bu məsələdə geri addım atmaması da vacibdir.
“Zəngəzur dəhlizinə gəlincə, bu Ermənistanla problem deyil. Zəngəzur dəhlizi İranın problemidir. Yəni əhalisinin əksəriyyəti müsəlman olan iki ölkə. İranın burada belə münasibətdə olması həm Azərbaycanı, həm də bizi üzür. Əslində bu, onları da əsəbləşdirməlidir. Həmçinin, burada qatar vaqonlarına görə tutulan rüsumlar təəssüf ki, çox yüksəkdir. Ümid edirəm ki, tezliklə bu problemin öhdəsindən gələcəyik. Əgər buna müsbət yanaşsalar, bu gün Türkiyə, Azərbaycan və İran həm avtomobil, həm dəmir yolu ilə bir-birinə inteqrasiya olunar, bəlkə də “Pekin - London xətti” də açılardı” deyib prezident Ərdoğan.
CXP lideri Kamal Kılıçdaroğlunun seçkiqabağı İpək Yolu proqramı ilə bağlı danışarkən Azərbaycanın yer almadığı xəritəni göstərməsinə də münasibət bildirən prezident Ərdoğan deyib ki, Kılıçdaroğlu dəmir yolu və ya magistral yolun nə olduğunu başa düşmür. “Biz bu İpək Yolu haqqında Çinlə dəfələrlə danışdıq. Bilirsiniz, Çinin İpək Yolu layihəsi var. Mən də bu layihəyə dəvət almışdım və qəbul etdim. Amma bu hələ də davam edən bir şeydir. Yəqin Kılıçdaroğlu fikirləşdi ki, İpək Yolu ilə bağlı nəsə desə buradan bir az səs alar. Amma nə aldığı ortadadır”, - deyib prezident Rəcəb Tayyib Ərdoğan.