Paytaxtımızda elə yaşayış binaları və əraziləri var ki, hələ də natəmizlik içindədir, orada yaşayış dözülməz həddə çatıb. Belə yerlərdən biri də Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi, 100 ünvanında yerləşən məcburi köçkünlərin məskunlaşdığı 6 bloklu, tikintisi yarımçıq qalmış 9 mərtəbəli yaşayış binasıdır.
Burada yaşayan məcburi koçkünlər hafta.az-a ağır şəraitdə olduqlarını bildiriblər. Biz də sözügedən ünvanda olduq. Binanın ərazisi narəmizlik içərisində idi, burada antisanitariya şəraiti hökm sürür. Binanın kanalizasiya və su xətti olmadığı üçün sakinlər binanın çöl divarları ilə mənzillərinə su və kanalizasiya xətləri çəkiblər. Borular deşildiyi üçün içməli su və çirkab kanalizasiya suları binanın zirzəmisinə axır.
Qabil Qurbanov adlı məcburi köçkün bildirdi ki, binada 150 köçkün ailəsi yaşayır. Onun sözlərinə görə, bina qəzalı vəziyyətdədir: ”Zirzəmisi çirkab sularla dolub. Artıq binanın özülünü su yuyaraq qəzalı vəziyyətə salıb. Xoşbəxtlikdən, hələ yoluxucu xəstəliklərə tutulmamışıq. Binanın istilik sistemi yoxdur, mavi yanacaq isə verilmir. Sakinlər, ancaq elektrik enerjisinin ümidinə qalıblar. Hamı elektrik sobalarından həm yemək bişirmək, həm də mənzilləri qızdırmaq üçün istifadə edir. Girişlərdə naqillər bir-birinə dolaşıq, açıq vəziyyətdədir. Sakinlər elektrik enerjisindən istifadə etdiklərinə görə yüklənmə olur. Bunun da nəticəsində tez-tez qısaqapanmalar baş verir, naqillər bir neçə yerdən sınır və işıqlarımız sönür. Bu soyuqlu havada saatlarla işıq üzünə həsrət qalırıq”.
Məhəməd Orucov adlı köçkün həyatlarının təhlükə altında olduğunu dedi: “Elekrtik naqillərində baş verən partlayışlar və qısaqapanmalar yanğınlara səbəb ola bilər. Bu da biz insanların həyatı üçün təhlükə deməkdir. Yaşadığımız binanın damı təmir olunmur. Yağış suları mənzillərimizə axır. Hər bir sakin öz vəsaiti hesabına mənzillərə su və kanalizasiya xətti çəkdirib. Bu da günün tələblərinə və sanirtar normalarına cavab vermir. İçməli su üçün ana boruya birləşən hissə natəmizlik içindədir. Bəzən çirkab sular içməli suya qarışır”.
Bünyad Qarayev 1-ci mərtəbədə yaşadığını dedi: “Zirzəmi çirkab sularla dolub. Artıq çirkli sular mənzilimizə çıxıb. Yaşadığım mənzilin divarları nəmişlik içindədir. Rütubətdən nəfəs ala bilmirik. Uşaqlarımız tez-tez xəstəliyə tutulurlar”.
Binada məskunlaşmış sakinlər bu barədə dəfələrlə aidiyyəti qurumlara, eləcə də Sabunçu Rayon İcra Hakimiyyinə müraciət etdiklərini söylədilər: “Sabunçu RİH başçısı Adil Vəliyevin qəbulunda olmuşuq. Üzləşdiyimiz çətinlikləri ona çatdırdıq. Başçının bizə cavabı belə oldu: ”Məskunlaşdığınız bina bizim balansımızda olmadığına görə, sizə köməklik edə bilmərik”. Bəs onda biz hara müraciət edək, dərdimizi kimə deyək?”.
Məcburi köçkünlər xeyir-şər evinin olmamasından da şikayətləndilər: ”Biz köçkünlər üçün təxminən, 5 il bundan öncə 80 nəfərlik Mərasim evi tikilib. Bu, azlıq təşkil edir. Yaxşı olardı ki, yardımçı otaq da tikiləydi. Mərasim evi kiçik bir otaqdan ibarət olduğundan, yas zamanı məcbur olub qadınlar üçün çadırdan mağar sifarişi veririk. Mağarın bir günü 350-400 manata başa gəlir. Buna da maddi imkanımız çatmır. Bu binada bütün işğal olunmuş rayonlardan köçkün yaşayır. Heç bir rayon rəhbəri gəlib, biz köçkünlərin taleyi ilə maraqlanmayıb, o cümlədən “Dövlətqaçqınkom”un nümayəndələri də”.
Sakinlər müvafiq dövlət qurumlarından tez bir zamanda məskunlaşdıqları bina ilə bağlı problemlərinin həllini istəyirlər.