"İranın əlindəki ən mühüm vasitə raketləridir” – Dr. Hazar Vural

09:06 18.06.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İyunun 13-də İsrailin İrana qarşı başlatdığı hücumlara cavab olaraq İranın cavab tədbirləri ilə böyüyən müharibə altıncı günündə də davam edir. İsrail İran ordusundakı ən mühüm adları hədəfə aldığı halda, İran dünən “Mossad”ın qərargahını vurduğunu açıqlayıb. Məsələ bununla bitmir, İsrailin baş naziri Benyamin Netanyahu müharibəni davam etdirəcəklərini açıqlayıb, İran tərəfi də eynilə bəyanat verib. ABŞ prezidenti Donald Tramp İranın razılaşmaya əməl etmədiyini vurğulayaraq İsrailə dəstəyini ifadə edərkən, başda Türkiyə olmaqla, bəzi qonşu ölkələr də İranın mövqeyini müdafiə ediblər.

Hafta.az-ın yazdığına görə, İstanbul Aydın Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər Departamentinin doktoru Hazar Vural bildirib ki, Trampın İrana qarşı müharibəni bitirmək çağırışı maraqlıdır, çünki müharibəni başladan tərəf açıq-aşkar İsrail idi. Özü də İsrail müharibəyə ABŞ və İngiltərənin dəstəyi ilə başlayıb.

İsrail və İran tərəfində qeyri-mütənasib şəkildə can itkisi olduğunu qeyd edən doktor Vural, "Şəhərləri və mülki insanları hədəfə almaq hər iki tərəf üçün bir ilkdir. Buna İsrail başladı. İran da əlindəki imkanlarla cavab verməyə çalışır. İsrailin 5 gün əvvəl başlayan hücumları İran ordusundakı yüksək səviyyəli generallara, enerji obyektlərinə, mülki qurum və strukturlarına, elm adamlarına yönəlib” deyib.

Trampın İrana ünvanladığı sözlərə toxunan doktor Vural, "İranın əlindəki ən mühüm vasitə raketləridir. F-35-lərin ilk dəfə müharibədə sınaqdan keçirildiyini düşünsək, İsrailin bu müharibəni Amerikanın silahları və dəstəyi ilə başladığını və davam etdirdiyini görərik. Müharibənin balanssız, qeyri-mütənasib bir tərəfi var. Müharibədə İranı kimin dəstəklədiyini, eləcə də Qərb ölkələrindən hansının İsrailin yanında durduğu sual altındadır. Trampın “Müharibəyə son verəcəm, əsgərləri öz ölkəsinə qaytaracağam” deməsi də gündəmdədir. Hesab edirəm ki, ABŞ-ın hərtərəfli müharibəyə qarışması rasional seçim deyil. Trampın İranla bağlı sözləri daha çox İranı diplomatik masa arxasında çəkmək hərəkəti kimi oxunmalıdır” deyib.

Doktor Vural Türkiyənin mövqeyinə də toxunaraq bildirib ki, ritorikası və hərəkətləri üst-üstə düşən Türkiyə İsrailin hücumlarını pisləyən və qonşusunun ərazi bütövlüyünü ön planda tutan bəyanatlar verib. Bölgədəki əvvəlki problemlər hələ həll olunmasa və ərəb üsyanlarının təsiri altında gedən vətəndaş müharibələri hələ səngiməsə də, İran Türkiyə üçün böyük bir qonşu dövlətdir. Coğrafiyanı savaşa çevirən İsrail ABŞ tərəfindən dəstəkləndiyi üçün, bölgədə daha çox problem istəməyən Türkiyə, bir çox faktorlardan yararlanaraq problemi həll etməyə çalışacaq.

Doktor Vural həmçinin qeyd edib ki, mülki insanları hədəfə almaq qeyri-mütənasiblik riskləri artıran inkişaflar kimi önə çıxır. Bundan əlavə, bu müharibə regional təhlükələrlə yanaşı silahlanmanı da artıracaq.