Yazını böyüt
Yazını kiçilt
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Bolqarıstana səfəri və eləcə də Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasiminin keçirilməsi ölkəmizin regional mövqeyinin güclənməsində xüsusi rol oynayacaq. Ötən ay Ermənistan tərəfinin bir sıra qlobal media qurumlarında feyk təbliğatı kontekstində Azərbaycanın regional proseslərdə mövqeyinin bir daha təqdimi vacib idi. Açılış mərasiminə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayeninin qatılması və çıxışını da xüsusi vurğulamaq lazımdır".
Hafta.az-ın yazdığına görə, bunu millət vəkili Vüqar Bayramov deyib. O deyib ki, Serbiya prezidenti Aleksandar Vuçiçin "İlham Əliyevin iştirakı olmasaydı, hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmayacaqdı", Şimali Makedoniyanın Prezidenti Stevo Pendarovskin "Avropada ən çox arzuolunan şəxs Azərbaycan Prezidentidir" deməsi Azərbaycana və prezident İlham Əliyevə verilən xüsusi qiymət idi.
"Aydındır ki, istər Cənub Qaz Dəhlizi, istər də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) reallaşması məhz Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində mümkün oldu. Bunu Avropa rəsmilərinin etiraf etməsi məhz ölkəmizin regional təhlükəsizliyinin formalaşmasına xüsusi töhvəsini bir daha təsdiq edir" deyən millət vəkilinin sözlərinə görə, İGB-nin reallaşması Cənub Qaz Dəhlizi ərsəyə gələndən sonra daha da aktuallaşıb. Bu daxili şəbəkə vasitəsilə Azərbaycan qazının Avropanın enerji diversifikasiyasına daha çox ehtiyac olduğu bölgələrinə çıxması deməkdir. Bununla da Azərbaycan həmçinin Mərkəzi və Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinin formalaşmasına xüsusi töhvə vermis olacaq.
"Rəqəmlər də göstərir ki, Azərbaycanın Avropanın enerji təhlükəsziliyinin formalaşmasına töhvəsi genişlənməkdədir. 2021-ci ildə Azərbaycan bütövlükdə 19 milyard kubmetr mavi qaz ixrac edib. Bu müddətdə Avropaya 8,2 milyard kubmetr qaz göndərilib. Bu ilin ilk 8 ayında isə Avropaya qaz ixracımız 50 faizdən çox artıb və illik nəqlin 11,5 milyard kubmetrə çatacağı gözlənilir. Bütövlükdə isə, Azərbaycan bu il 22 milyard kubmetr qaz ixrac etmək niyyətindədir. İGB vasitəsilə bu il Bolqarıstana 440 milyon kubmetr qaz nəqli planlaşdırılır. Bu rəqəmin daha sonra 1,5 milyard kubmetrədək artacağı gözlənilir. İGB-nin ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,5 milyard kubmetrdək artırılması isə Macarıstan, Slovakiya, Ruminiya, Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər", - deyib V.Bayramov.
Millət vəkili sonda qeyd edib ki, bütövlükdə, Azərbaycan Prezidentinin son səfəri ölkəmizin regional geo-siyasi və geo-iqtisadi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edib.