Hər il dekabr ayının 24-ü "Bakı Ağ Şəhər"də müxtəlif layihələrin Prezident İlham Əliyevin iştirakı ilə açılışının olması, artıq ənənə halını alıb. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2018-ci il dekabrın 24-ü dövlət başçısının doğum günündə “Bakı Ağ Şəhər”də 110 kilovoltluq “Ağ Şəhər-2” və “Bakıxanov” yarımstansiyalarının, Birinci Fəvvarələr küçəsinin açılışında, eləcə də “Ağ Şəhər” piyada körpüsünün və Zaman meydanının təməlqoyma mərasimində iştirak ediblər, tikintisi yekunlaşan Fəvvarələr Meydanı Parkı ilə tanış olublar.
2019-cu il eyni tarixdə isə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı Ağ Şəhərdə Mərkəzi Bulvar küçəsinin açılışında iştirak edib, əsasən tamamlanmış Park Kvartalı ilə tanış olublar və buradakı parkın abadlaşdırılmasına start veriblər.
Görəsən, bu il də ənənə qorunacaqmı? Layihə çərçivəsində hansısa açılış gözlənilirmi?
Hafta.az-ın əməkdaşı məsələ ilə bağlı "Ağ Şəhər" layihəsinin ictimaiyyətlə əlaqələr üzrə koordinatoru Ayla Qasımova ilə əlaqə saxlayıb.
O bildirir ki, hazırda biz açılışa hazırlaşırıq, amma dəqiq vaxtla bağlı məlumatımız yoxdur. “Ağ Şəhər”in Qarabağ atları meydanında son tamamlanma işləri gedir:
"Qarabağ atları meydanının bu günlərdə təhvili gözlənilir. İlin sonuna qədər Mərkəzi Park kvartalının bir hissəsi təhvil veriləcək".