"Başıma gələnlərdən maarifləndirici kitab yazmaq istəyirəm" - İİV daşıyıcısının həyat dramı

11:32 29.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

-Həyatımdan kitab yazmaq istəyirəm... Rusiyada belə şeylər var amma bizdə yoxdur; mən bir virus daşıyıcısı kimi öz başıma gələnlərdən maarifləndirici kitab yazmaq istəyirəm.

- Necə bir kitab?

- İİV daşıyıcısı kimi yaşadıqlarım, narkotikdən, “iynə”dən mənə “hədiyyə” olunan iztirabları qələmə almağı düşünürəm. Bəlkə bu yolla gənclərə təsir edə bildim. QİÇS-lə bağlı stiqma və diskriminasiyaya qarşı hər birimizin mübarizə aparmalı olduğumuzu orada qeyd edəcəyəm. İİV-ə test müayinəsinin təbliği ilə bağlı fikirlərimi bölüşəcəyəm. Özüm ali təhsilliyəm. Maşınqayırmanı bitirmişəm. Biri var, kimsə elmi dildə nəsə yaza, bu cəmiyyətə çox az çatır. Amma İİV-ə yoluxmuş adam yazanda gənclər, orta yaşlı adamlar, narkotikə meylli olanlar bu haqda daha dərindən düşünməyə məcbur olur.

***

...İslam bəylə (ad şərtidir-T.T) təxminən bir il əvvəl Respublika QİÇS-lə mübarizə mərkəzində tanış olmuşduq. Onun ağrılı həyatından reportaj hazırlamışdım. “Nizami” metrosu tərəfdə yaşayır. Bu yaxınlarda təsadüfən elə həmin həndərvərdə görüşdük. Açığı, üzü tanış gəlsə də tanımadım. Kim olduğunu özü xatırlatdı. Adımı belə yadında saxlamışdı. Hal- əhval tutduq. Söhbətləşdik.Cibindən qeyd dəftərcəsini çıxardı. Bir il əvvəl müsahibə alarkən də üstündə idi bu dəftərçə. Kitab üçün yazdığı qeydləri göstərmişdi. Zarafata salıb dedi ki, qeydlərini hələ bitirməyib. Bitirən kimi kitab halına salıb çap etdirəcək.

Özü həmin qeydlərə “cızmaqara” deyir. İslam kişi Azərbaycanda bu cür kitabların yazılmasının, özü də narkomanlar tərəfindən qələmə alınmasının çox təsirli olacağını düşünür:

“Mən narkotikin bir bəla olduğunu dərk edəndə onsuz yaşaya bilmədiyimi də anlamışdım. Qurtuluş demək olar ki, yox idi. İndi yeniyetməliyimdən bu dövrə qədər nə olubsa, hamısını qələmə almaq istəyirəm. Rusiyada, Ukraynada bu işi keçmiş polis rəisləri edib. Onlar “idealist” narkomanlar, “iynəvuranlar” barədə maraqlı kitablar yazıblar. Amma bizdə belə bir şey yoxdur. Məncə bu kitabların ən təsirlisini “iynə”yə qurşananlar yaza bilər”.

İslam kişi ilə sağollaşdıqdan sonra onun nə qədər faydalı bir iş gördüyünün fərqinə vardım. Adam başqalarının da onun düşdüyü yola sürüklənməsini istəmir. Özü çox əziyyət çəkib stiqmadan. Söhbət əsasında dedi ki, qonşuları onun virusa yoluxduğunu öyrənəndə ona yaxın getmək istəməyiblər. Onunla söhbətimiz kino lenti kimi gəlib gözlərimin önündən keçir: “Çayxanaya, kafeyə getdiyimiz yoldaşlarım vardı. Arada bir gedib yemək yeyirdik. Ad günlərini, xoş hadisələrimizi qeyd edirdik. İlk dəfə içib dostlarıma İİV-ə yoluxduğumu çayxanada dedim. Ondan sonra əlaqələrimiz kəsildi. Xəbər hər yerə yayıldı. Çayxanaya tək gedirəm. Heç kim gəlib mənimlə oturmaq istəmir. Çıxdaş ediblər. Belə olmaz axı. Bu virus cinsi təmasla keçə bilər. İllərdir bunu yaxın çevrəmdəki insanlara başa sala bilmirəm. Amma mübarizəmi də davam etdirirəm”.

İslam kişi onu da söylədi ki, İİV-yoluxmuş bir sürücü dostu beş-altı il əvvəl özəl şirkətlərin birində təsərrüfat şöbəsində işləyirmiş. İİV daşıyıcısı olduğunu bilən kimi işdən çıxarıblar: “Savadlı adamların bu cür hərəkətini başa düşə bilmirəm. Savadsızı haradasa, başa düşmək olar. Sonra da öz-özümə deyirəm ki, hamısı məlumatsızlıqdandı. Həmin dostum indi moykada işləyir. Maşın qurulayır. Bu haqda QİÇS-lə Mübarizə Mərkəzi xeyli iş görüb. Amma azdır. Jurnalistlər də, televiziya da ona dəstək olmalıdır. Bizi cəmiyyətdən təcrid etmək olmaz. Biz də insanıq. Taleyimiz elə gətirdi ki, narkotikə qurşandıq. Hər kəs bir yolla yoluxub. Amma onlara qarşı bu qədər sərt təpki, özündən itələmə nəyə lazımdır axı. Dünyanın hər yerində İİV daşıyıcılarına bu cür münasibətlərə rast gəlmək olar. Hətta Dombasda yaşayarkən də bu cür halların şahidi olmuşam. Fərq ondadır ki, bizdə İVV daşıyıcılarına, QİÇS-ə yoluxanlara qarşı münasibət daha qabadır. İnsanlar bizimlə öz aralarına divar çəkirlər. Cəmiyyətdən təcrid etmək bizim psixikamızı iflic edir”.

Həmsöhbət olduğum bir çox İİV daşıyıcısının əsas fikri budur ki, cəmiyyətin işıqlı insanları media vasitəsilə xəstəlik barəsində məlumatlandırılması və xəstələrə qarşı tolerant münasibətin bəslənməsinə nail olmalıdırlar. İİV-ə yoluxmuş şəxslərin cəmiyyətə inteqrasiya hüquqlarını əllərindən almamalıdırlar.

Belə bir fikir də bədii yaradıcılıq sahəsinə yaxın olan bir şəxs olaraq bəndəniz irəli sürmək istəyir. Fikrimcə, şair və yazıçılarımız da bu məsələyə həssaslıqla yanaşmalıdırlar. Media ilə atbaşı olaraq bədi yaradıcılıqla məşğul olan ictimai fəallar öz hekayə və şeir qəhrəmanları sırasında İİV-ə yoluxan şəxslərin dözülməz həyatlarını, onlara qarşı diskriminasiya hallarını işıqlandırmalı və bunun yolverilməz olduğunu öz əsərlərində təbliğ  etməlidirlər. Hətta əsərlərinin daha canlı olmaları üçün İİV daşıyıcıları ilə söhbətlər aparmalı, onların danışdıqlarından daha inandırcı obrazlar yaradaraq cəmiyyəti bu insanlara qarşı tolerant olamağa səsləməlidirlər.

Eyni zamanda, bununla bağlı qısametrajı bədii filmlər çəkməklə gənc rejissorlar, eləcə də Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyası filmlər çəkməklə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin fəaliyyətinə yardımçı ola bilər. Bundan başqa telekanallarımız da haqqında danışdığımız məsələ ilə bağlı vaxtaşırı sosial çarxlar günün pik saatlarında təqdim edə bilər. Bu da maarifləndirmə işində RQMM-nin maarifləndirmə işinə böyük töhvə  sayıla bilər. Amma təssüf ki, hazırda nə kinostudiyalarımız, nə də yazarlarımız, nə də televiziyalarımız İİV-ə yoluxan vətəndaşlarımızla bağlı hər hansı bir maarifləndirici addım atmağa maraqlı görünmür. Halbuki QİÇS-ə yoluxanlar da bizdən biridir və bu virusdan heç kim sığortalanmayıb.

Ümid edirəm ki, bu yazının yayımlanmasından sonra yazıçılarımız, televiziya rəhbərlərimiz, rejissorlarımız İİV-ə yoluxan vətəndaşlarımıza qarşı çevrələrinin diskriminasiya halları ilə üz-üzə qalması ilə bağlı yaxşı-yaxşı düşünəcəklər.

P.S: Bu yazı Respublika QİÇS-lə Mübarizə Mərkəzinin “IIV/QİÇS-lə bağlı stiqma və diskriminasiyaya qarşı mübarizə və İİV-ə test müayinəsinin təbliği” adlı media müsabiqəsinə təqdim etmək üçündür.