"Çelsi"dən əli üzülən Abramoviç Türkiyənin "Göztəpə" klubunu alır

19:00 05.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ukraynaya hücumundan sonra İngiltərədəki mal varlıqlarına həbs qoyulan, "Çelsi" futbol klubunun keçmiş sahibi olan rusiyalı milyarder Roman Abramoviç indi də Türkiyədəki futbol klublarına maraq göstərir.

Hafta.az-ın yazdığına görə, Abramoviç indi də Türkiyənin "Göztəpə" klubunu almaq istəyir. Məlumata əsasən, rusiyalı bu barədə cümə gününədək açıqlama verəcək. "D-Smart Spor"un xəbərinə əsasən, artıq tərəflər klubun satışına dair razılığa gəliblər. İmirin sarı-qırmızılı klubunun keçmiş sahibi Məhmət Sepilin satmağa qərar verdiyi "Göztəpə"nin yeni sahibinin artıq rəsmən Abramoviç olduğu iddia edilir.

İngiltərədə dərc olunan "The Telegraph" da bir müddət öncə Abramoviçin "Çelsi"dən sonra məhz "Göztəpə"yə yatırım qoya biləcəyinə dair xəbər yayımlamışdı. 

Ötən həftə özəl təyyarəsi ilə İstanbula gələrək 7 saat yarım orada qalan rus oliqarxın 140 metr uzunluğunda və təxminən 300 milyon dollarlıq "Solaris" adlı yaxtası da beynəlxalq sanksiyalardan qaçaraq Türkiyənin Bodrum limanına sığınıb. 

Ən son isə, Roman Abramoviç Ukrayna-Rusiya danışıqlarında rol almaq üçün İstanbulda diplomatik görüşlər keçirib.