Bu il böyük səs-küy yaradan bir neçə yanğın hadisəsinə şahidlik etdik. Şəhərin bir başından – “Diqlas”dan başlayan yanğın “X-Lady” , “3-cü mikararayon” bazarını, ən sonda isə “Euro Home” tikinti materialları bazarına qədər gəlib çıxdı.
“Euro Home” da baş verən yanğın zamanı 5 hektar bazar ərazisinin 2 hektarı yandı. Yanğının baş verməsindən artıq 3 aya yaxın bir müddət keçir.

Hafta.az olaraq biz də bu gün yolumuzu oradan saldıq. Son vəziyyət, bazarın yenidən nə zaman satıcıların, alıcıların istifadəsinə veriləcəyi ilə maraqlandıq.
Onu bildirək ki, “Euro Home” tikinti materialları bazarının qarşısında Bakı-Sumqayıt yolunun genişləndirilməsi ilə əlaqədar işlər də aparılır. Yanğınla eyni vaxta təsadüf edən genişləndirmə işləri hələ də davam edir.

Yanğın baş verən gün orada olduğumuz üçün bu gün çox şeyi xatırlaya bilirik. Əriyən plastik qapı pəncərə, alovlara qərq olan taxta məmulatları... İndi isə o gündən çox şey dəyişib. Artıq bazarın konstruktiv hissələri demək olar ki, yenilənib, bazar tamamilə yenidən qurulub. Bazarın arakəsmələri hazırlanıb. Ərazidə tikinti işləri sürətlə davam edir.

Ərazidə "EuroHome" tikinti materialları bazarının direktoru Samir Məmmədovla qarşılaşdıq. Bizi maraqlandıran suallarla bağlı ətraflı məlumat əldə etməyə çalışsaq da, "direktor baş ofisin icazəsi olmadan biz öz başımıza mətbuata açıqlama verə bilmərik" deyərək cavablardan yayınmağa çalışdı:
“Gördüyünüz kimi, işlər davam edir. Artıq asfaltlama işlərinə başlanılıb. Daha dəqiq məlumat almaq üçün iki gün sonra gəlin, suallarınızı cavablandıraq”.
Bu yerdə xatırladaq ki, direktora ünvanlamaq istədiyimiz suallar tək bizi yox, 3 ay əvvələ qədər burada çalışan sahibkarları da yaxından maraqlandırır.

Bazarın içinə daxil olub, ustalarla danışırıq. Onlardan aldığımız məlumata görə, əvvəlki ilə müqayisədə yanğının miqyasının çox böyük olmasına səbəb verən plastik vasitələrdən artıq konstruktiv hissələrdə çox az istifadə edilib. İşıqlandırma sistemində elektrik kabellərinin quraşdırılması daha təhlükəsizdir. Naqillərin çəkilməsi açıq hava xəttindən istifadə olunmayıb.
Ədə etdiyimiz məlumata əsasən, yekun tamamlama işləri ay sonuna qədər bitməlidir: “Bizə də tapşırılıb ki, sürətli işləyək. Ay sonuna qədər bütün işlər yekunlaşacaq. Gördüyünüz kimi, elə də çox iş qalmayıb. Hazırda bazarın içində quraşdırma işləri aparılır”.
İnanırıq ki, 3 ay əvvəl baş vermiş yanğın artıq bazar rəhbərlyinin də məsuliyyətini artırıb. Bir daha o cür dəhşətli hadisə ilə üzləşməmək arzusu ilə ərazidən uzaqlaşırıq...