Son həftələr ölkədə və ölkədən kənarda baş verən hadisələr bir növ koronavirus məsələsini ört-basdır elədi. Rusiyada və Brüsseldə ermənilər azərbaycanlılara qarşı törətdiyi təxribatlar müzakirə olundu. Eləcə də Operativ Qərargah üçün mübarizə bir addım geridə qaldı. Amma görünən odur ki, hələ də ölkədə virusa yoluxanlar var.
Vətəndaşların tövsiyələrə uymaması, qərargahın işinin zəifləməsi barədə hafta.az-a danışan millət vəkili Tahir Kərimli dedi ki, bir çox ölkələr karantin rejiminin ilk yumşalma mərhələsindən sonra yenidən yoluxma saylarının artımı ilə üzləşib.
Deputatın sözlərinə görə, karantin rejiminin yumşaldılması yeni yoluxma dalğasına əsas yaradır və bir çox ölkələr yenidən sərtləşmə tədbirləri tətbiq etmək məcburiyyətində qalırlar:
"Məsələn, Qazaxıstanda da biz bu təcrübəni gördük. Eləcə də Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra insanların məsuliyyətsizliyi, Operativ Qərargahın tələblərinə uymaması nəticədə yoluxmanın artmasına səbəb oldu. Zəncirvari yoluxmanı qırmaq üçün hazırda Azərbaycanda sərt karantin rejiminin yenidən tətbiqinə başlanıldı. Bu gün hamımızı narahat edən məsələ yoluxmaların sayının hələ də yüksək səviyyədə qalmasıdır. Karantin rejiminin nə qədər sərt olması onun həyata keçirilməsindən asılıdır. Yəni, insanlar qaydalara nə qədər çox əməl etsə, karantin rejiminin müddəti də o qədər az olacaq. Bütövlükdə Azərbaycan cəmiyyətini koronavirusun yayılmasının qarşısını almaq üçün həyata keçirilən məhdudiyyət tədbirlərini anlaşıqla qarşılamağa, məsuliyyət, nizam-intizam göstərməyə çağırıram. Çünki hələ də aramızda karantin rejiminin qaydalarına əməl etməyənlər var. İctimai nəqliyyatda, qapalı məkanlarda maskalardan istifadə etməmək, koronavirusa yoluxmuş qohumların və qonşuların ziyarəti, dəfn mərasimlərinin, müxtəlif məclislərin təşkilinə dair faktların şahidi oluruq. Hazırkı dövrdə koronavirusla mübarizədə müsbət nəticənin əldə olunması təkcə hökumətin, Operativ Qərargahın fəaliyyətindən deyil, həm də bütövlükdə cəmiyyətimizin, hər bir vətəndaşın məsuliyyətli davranışından asılıdır. Biz müharibədəyik və qalib çıxmağımız üçün hamımız mübarizəyə qoşulmalıyıq. Sadə olan üç məsələyə əməl etməklə buna nail olmaq mümkündür: tibbi maska taxmaqla, sosial məsafə saxlamaqla, əllərimizi mütəmadi yumaqla”.