"Bu problemlərin kökü hərbi hissələrdən gəlir. Qazinin yaralanması, müalicəsi haqqında arayışları hazırlayan hərbi tibbi komissiyalar var. Yaralıların çoxu Hərbi Hospitalda yatıb müalicə alıb. Amputasiya olunmuş qazilərimiz var. Onun bərpa olunmayacaq orqanı gözlə görünən bir həqiqətdir".
Bu fikirləri hafta.az-a açıqlamasında “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, polkovnik-leytenant, Aprel Şəhidi Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə deyib.
Onun sözlərinə görə, bu gün onun mübarizəsini aparırıq ki, həmin sənədlər vaxtında hazırlanıb verilməlidir:
"6 ay vaxt keçir. O sənədlər vaxtında hazırlanıb Əmək və Sosial Müdafiə Nazirliyinin pensiya təminatı idarəsinə verilməlidir ki, qazilər vaxtında pensiya ilə təmin olunsunlar. Biz bu məsələni ictimai şurada da müzakirə etdik. Nazirlikdən bildirdilər ki, bu problemlər həkim komissiyalarının rəylərinin gecikməsi ilə bağlıdır. Orada da bildirmişəm ki, axı qazinin bu orqanı yenidən əmələ gəlməyəcək.
Digər bir məsələ, əlillik alanlara əlillik dərəcəsinin düzgün verilməməsi barədədir. Bununla bağlı nazirliyə dəfələrlə sorğu vermişik. Bildirilib ki, bu dünyada qəbul olunan əlilliyin təyin olunması meyarlarına əsasən aparılır. Yəni dizdən aşağı amputasiya olunan şəxsə 3-cü dərəcə əlillik verilir. Bu sahədə çalışan QHT-lər (ƏƏSMN) nazirlik qarşısında belə təklif irəli sürüb ki, bu əlillər avtomobil qəzası zamanı dizdən aşağı ayağını itirmiş mülki insanlar deyil. Bunlar Vətən uğrunda döyüşmüş, əlini-ayağını itirmiş oğullarımızdır, qəhrəmanlarımızdır. Bu müharibədə ortaya necə yanaşma qoyuldusa, indi də o yanaşma həmin əlillərə də olmalıdır. Bu ölkənin də öz həqiqətləri var və həmin əlillərə əlillik dərəcəsinin verilməsinə yanaşmaya fərqli baxmalıyıq".