"Rəqabət Məcəlləsinin qəbulu iqtisadiyyat üçün daha ciddi effekt verə bilər”- Ekspert

13:15 28.10.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda Rəqabət Məcəlləsinin layihəsi hazırlanıb. Lakin uzun illərdir ki, bu məcəllənin qəbulu reallaşmır. Sənədin gələn il qəbul ediləcəyi bildirilir. Artıq rəqabət mühiti ilə bağlı qanunvericilik bazasının formalaşdırılması məqsədilə Rəqabət Məcəlləsinin layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.

Mövzu ilə bağlı hafta.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, əslində Rəqabət Məcəlləsi ilkin oxunuşda 2008-ci ildə qəbul olunsa da, 11 ildir ki, parlamentdə təsdiqlənməmiş qalır: “Bir sıra maraq qrupları onu qəbul etmədiyi üçün, parlament də onu təsdiqləmədi. Bu gün isə məsələnin yenidən aktuallaşması məcəllənin uzun müddət qəbul olunmamasının səbəblərini də açıq-aşkar göstərir. Azərbaycanda oliqarxlar, məmur biznesi Rəqabət Məcəlləsinin qəbul olunmasını əngəlləyir. Əslində Rəqabət Məcəlləsinin qəbul olunması qanunvericilik bazası yaradacaq. Hansı ki, şikayəti olanlar haqsız rəqabətə uğradıqlarını subut edə biləcəklər. Rəqabət Məcəlləsinin düzgün olması üçün idarəetmənin də fəlsəfəsi dəyişməlidir. Bu gün məmur biznesi çoxalıb. Yəni günün birinci yarısı məmur rolunu oynayır, ikinci yarısı isə dönüb olur biznesmen... Əslində bu məsələ həllini tapmalıdır. Məmur bizneslə məşğul olursa, onu vəzifəsindən uzaqlaşdırmaq lazımdır. Ancaq Rəqabət Məcəlləsinin qəbulu vəziyyətə elə də təsir etməyəcək. Başqa qanunvericilik aktlarında da  dəyişiklik etməyə təlabat yaranacaq. Azərbaycan kiçik ölkədir. Kim nə edirsə dərhal bilinir. Rəqabət Məcəlləsinin qüvvəyə minməsi Azərbaycan iqtisadiyyatı üçün daha ciddi effekt verə bilər”.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq. Xatırladaq ki, Rəqabət Məcəlləsi 2006-cı ildə Prezident tərəfindən Milli Məclisə təqdim edilib. Qanun layihəsi 2 oxunuşdan keçsə də, 3-cü oxunuşa çıxarılmayıb.