Son günlər ölkə koronavirusa yoluxma ilə bağlı dinamikada müsbət tendensiya müşahidə olunsa da, təhlükə hələ də qalmaqdadır.
Bu barədə hafta.az-a danışan millət vəkili Ceyhun Məmmədov da dedi ki, bu təhlükə hələ sovuşmayıb. Deputatın fikrincə, xəstəliklə bağlı narahatlıqlar hələ də qalır, virusdan dünyasını dəyişən vətəndaşlarımız var:
“Maarifləndirmə işləri davam etməlidir. O vaxta qədər ki, bu təhlükə tamamilə yox olsun. Hesab edirəm ki, bu istiqamətdə maarifləndirmə işləri aparmalıyıq. Xatırladım ki, iyun ayında yumşalma oldu və bu vaxt xəstəlik artdı. Çünki arxayınlıq yarandı. Amma məlum olan odur ki, təhlükə hələ sovuşmayıb. Sonradan artım tempi sübut etdi ki, təhlükə hələ də qalır. Düzdür, əvvəlki kimi olmasa da tam bitdiyini də deyə bilmərik. Bu gün dünyada da bu istiqamətdə işlər gedir. İkinci və üçüncü dalğanın olacağı müzakirə olunur. Hətta onu deyim ki, xarici dövlətlər də tam yumşalmaya getmədilər. Biz çalışmalyıq, səy göstərməliyik. Maksimim dərəcədə təbliğat işləri aparılmalıdır”.
C. Məmmədov əlavə olaraq bildirdi ki, bu işdə əsasən KİV-lərin üzərinə böyük yük düşür. Onlar çalışırlar və bu gün də səy göstərirlər:
“Millət vəkilləri də bu işdə dəstək oldular. Vətəndaşlar sərt karantin qaydalarına əməl etməlidirlər. Maskadan istifadə olunmalıdır, sosial qaydalar gözlənilməlidir. Burada ictimai rəyin, vətəndaş mövqeyi önəmlidir. əgər qaydalara əməl etməyən vətəndaş varsa onlara başa salınmalıdır, qaydalara əməl olunması üçün çağrışlar edilməlidir”.