"Təhsil müəssisələrinin müəyyən şərtlər daxilində fəaliyyətinə razılıq verilməlidir"- TƏKLİF

15:21 18.08.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bu günlərdə əsas müzakirə dərslərin necə və hansı qaydalarla başlamalı olacağıdır. Aylardır ki, aydınlıq gəlməyən bu məsələ valideynləri də narahat edir. Artıq avqust ayı yekunlaşır, hələ ki, yekun qərar yoxdur. 

Bu məsələ ilə bağlı hafta.az-a danışan təhsil məsələləri üzrə ekspert Elçin Əfəndinin fikrincə, bu mövzuda nə məktəbləri, nə də Təhsil Nazirliyini günahlandırmaq doğru olmazdı:

"Görünən dağa bələdçi lazım deyil. Məlumunuz olduğu kimi son 10-15 il ərzində istər Ali təhsil müəssisələrinə, istərsə də orta ixtisas təshil müəssisələrinə (9 və 11 illik bazadan hər ikisi üzrə) qəbul olan şagirdlərin-abituriyentlərin nəticələri birbaşa özəl kursların, təhsil, tədris mərkəzlərinin və repetitor fəaliyyəti ilə məşğul olan müəllimlərin payına düşür. Bu danılmaz faktdır. Bəli mən istisna etmirəm ki, bir neçə litsey, məktəb yüksək təhsil verir. Adlarını çəkmirəm, Amma Bakı, Sumqayıt, Gəncə, Şəki və s. kimi şəhər və rayonlarda belə litseylər, məktəblər var. Heç təsadüfü deyil ki, ölkədə hər il 600+ bal toplayan, ümumilikdə isə 2005-2020 aralığında 600+ nəticə göstərən şagirdlərin-abituriyentlərin 90%-dən çoxu məhz özəl kursların, təhsil mərkəzlərinin, eləcə də repetitor müəllimlərin yetirmələridir. İndi isə mövcud vəziyyət elə gətirib ki, istər ali, istər orta ixtisas, istərsə də orta ümumtəhsil müəssisələrində dərslərin ənənəvi, distant formada başlanacağı ilə bağlı yekun qərar yoxdur".

Ekspert hesab edir ki, bu isə birmənalı olaraq narahatlıq, psixoloji gərginliklə müşahidə olunur:

"Əgər qeyd olunan təhsil müəssisələrində dərslər ənənəvi qaydada olmayacaqsa, o zaman Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah özəl kursların, təhsil müəssisələrinin müəyyən şərtlər daxilində fəaliyyətə başlamasına razılıq verməlidir. Yox əgər dərslərin özəl kurslar və özəl təhsil müəssisələrində qrup şəklində olmasına razılıq verilmirsə, ən azından fərdi qaydada-tək müəllim-tək şagird prinsipi ilə fəaliyyətinə icazə verməlidir. Bu, həm şagirdlərin təhsil göstəricilərinə təkan, həm orada çalışan vətəndaşların işsizliyinin aradan qalxması, həm də sahibkarlığa dəstək xarakteri daşıyar. Ölkə başçısı da hər dəfə öz fikirlərində prioritet məsələ kimi birmənalı olaraq təhsilin əlçatanlığını, sahibkarlara dəstəyi və eyni zamanda vətəndaşların işlə təmin olunmasını vurğulayır".

E. Əfəndi çıxış yolu kimi qeyd etdi ki, Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah üzvlərinin də əsas müzakirə mövzularından biri də məhz bu məsələ olmalıdır:

"Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah özəl kursların, təhsil müəssisələrinin müəyyən şərtlər daxilində fəaliyyətə başlamasına razılıq verməlidir. Yox əgər dərslərin özəl kurslar və özəl təhsil müəssisələrində qrup şəklində olmasına razılıq verilmirsə, ən azından fərdi qaydada-tək müəllim-tək şagird prinsipi ilə fəaliyyətinə icazə verməlidir".

Sosial rubrikasından digər xəbərlər