1 Mart Qazaxıstanda Minnətdarlıq Günüdür

11:15 01.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanda 1 Mart Minnətdarlıq Günü qeyd edilir. Bu əlamətdar gün ölkənin çoxmillətli əhalisi arasında birliyin gücləndirilməsinin vacibliyini vurğulayır. Bu gün çox sayda xalqların nümayəndələrinin zorla ölkəyə köçürüldüyü illərdə etnik qrupların bir-birinə və qazax xalqına göstərdikləri qonaqpərvərliyə, dəstəyə, mərhəmətə və şəfqətə görə minnətdarlıqlarını bildirmək üçün əla fürsətdir.

Hafta.az-ın yazdığına görə, XX əsrdə Qazaxıstanda çoxmillətli əhalinin formalaşması mürəkkəb yol keçib. 1930-cu illərdən 1952-ci ilə qədər Sovet hökuməti ən azı altı milyon insanı əhatə edən müxtəlif etnik qrupların məcburi kütləvi deportasiyasını reallaşdırıb. Deportasiya edilənlər arasında koreyalılar, almanlar, polyaklar, finlər, azərbaycanlılar, qaraçaylar, kalmıklar, çeçenlər, inquşlar, balkarlar, Krım tatarları və Ahıska türkləri var. Gəldikdən sonra bu qruplar ağır şəraitlə üzləşdilər, lakin onları qonaqpərvərliklə qarşılayan və mədəni adətləri bölüşən yerli sakinlərdən sığınacaq və kömək tapdılar.

Minnətdarlıq Günü ilə bağlı artıq nir neçə gündür ki, fərqli mədəni-sosial tədbirlər təşkil olunmaqddır. Fevralın 28-də Qazaxıstan Xalqları Assambleyasının nəzdindəki mədəniyyət mərkəzləri qocalar evinə baş çəkib, burada öz ənənəvi yeməklərini təqdim edib, zəngin konsert proqramı təşkil ediblər.

1995-ci ildə yaradılmış Assambleyaya vaxtilə köçürülmüş xalqların nümayəndələri daxildir. Təşkilat 800-dən çox etnik-mədəni birliyi bir araya gətirir.

Qazaxıstandakı Çeçenlər və İnquşların Vaynax Assosiasiyasının həmsədri Yusup Keliqov “The Astana Times”a bildiib ki, qismən APK-nın səyləri sayəsində heç kim milliyyətinə görə ayrılmır.

“Bu keşməkeşli dövrdə Qazaxıstan tarixi faktorlar sayəsində mədəniyyətlərin və adət-ənənələrin unikal qarışığının formalaşdığı ərazi kimi seçilir. Qlobal münaqişələrə və informasiya müharibələrinə baxmayaraq, Qazaxıstan saysız-hesabsız sınaqlardan keçərək mədəni müxtəlifliyin qalası olaraq qalır və bu, xalqlarda güclü minnətdarlıq hissi yaradıb”, - Y.Keluqov deyib.

Keliqov vurğulayıb ki, qarşılıqlı hörmət Qazaxıstanın bütün tarixi boyu bir-birinə qarışmış müxtəlif etnik qruplar arasında qarşılıqlı əlaqənin təməl daşı rolunu oynayır.

“Köklərinə qayıdan və ya Qazaxıstanı vətəninə çevirənlər arasında minnətdarlıq sərhəd tanımır. Qazaxların ehtiyac anlarında göstərdiyi xeyirxahlıq nəsillər boyu xatırlanır və əziz tutulur”, - deyə Keliqov bildirib.

O, Qazaxıstanın hər bir etnik qrupa özünəməxsus kimliyini, dilini və adət-ənənələrini qoruyub saxlamağa imkan verən ictimai harmoniya və milli birlik modelini vurğulayıb. Bu mədəni mübadilə qazax cəmiyyətinin mənəvi mənzərəsini zənginləşdirir, fərdlərin etnik mənsubiyyətindən çox hərəkətlərinə əsaslanan dəyərini göstərir.

“Qazaxıstanın multikulturalizmi nifaq deyil, birliyi gücləndirən bir sərvətdir”, - Keliqov bildirib.

Qazaxıstan Çeçenlər və İnquşların Vaynax Assosiasiyası ənənəvi olaraq fevralın 23-də Qafqaz xalqlarının, o cümlədən vaynaxların məcburi deportasiyasının ildönümünü qeyd edərək xeyriyyə aksiyalarına start verir.

“Biz etniklərarası inteqrasiya yolu ilə Qazaxıstan xalqının birliyini möhkəmləndirən o günləri xatırlayırıq. Bizim səylərimiz gənclərdə tarixə marağını inkişaf etdirməyə, Böyük Çölün mənəvi və humanitar dəyərlərindən qaynaqlanan ən gözəl adət-ənənələrimizi qorumaq və zənginləşdirmək istəyini gücləndirməyə yönəlib. Hər bir səy ortaq vətənimizdə sülhü, harmoniyanı və millətlərarası birliyi möhkəmləndirmək məqsədi daşıyır”, - Cənab Keluqov fikrini tamamlayıb.

Assambleyanın nəzdində fəaliyyət göstərən “Tan” Tatar-Başqırd Mədəniyyət Mərkəzinin sədr müavini Sergey Sadikov Minnətdarlıq Gününün dərin əhəmiyyətindən və mənəvi dəyərindən söz açıb. O, bunu ümumi tarixə hörmət jesti və bütün qazaxların vətəninə çevrilmiş müqəddəs qazax torpağına verilən qiymət kimi qiymətləndirib.

“Köç illərində qazax xalqı milliyyətindən və dinindən asılı olmayaraq, gələnlərlə öz sərvətlərini səxavətlə bölüşüb. Qazax torpağına pənah gətirənlər qazax xalqına istilik və sığınacaq verdiyinə görə dərin minnətdarlıqlarını bildirirlər. Bu gün onların nəsli Qazaxıstanı vətən hesab edir” deyən Sadikov Qazaxıstanda yaşayan tatarların qürurunu və bu ölkənin yaratdığı əlverişli imkanları diqqətə çatdırıb. O, milli mərkəzlərin, məktəblərin və ansamblların yaradılmasında dövlətin dəstəyini, adət-ənənələrin, ayinlərin və dilin qorunub saxlanmasına töhfə verdiyini etiraf edib.

Qazaxıstanda müxtəlif etnik qrupların öz dillərini və adət-ənənələrini qorumaq üçün şərait yaradılıb. Ölkə üzrə dostluq evlərində özbək, tacik, koreya, tatar, çeçen, inquş və daha çox dillər üzrə dərs qrupları keçirilir.

Sadikov bütün tatar-başqırd icması üçün xüsusi əhəmiyyət kəsb edən, Kazan və digər bölgələrdən gələn qonaqlar da daxil olmaqla, mindən çox vətəndaşı müxtəlif tədbirlərdə və konsertlərdə iştirak edən “Sabantuy” yaz əkini bayramını xatırladıb.

Estoniyanın Astanadakı səfiri Toomas Tirs Qazaxıstanın 20-ci əsrdə bura köç etməyə və kəndlər salmağa başlayan eston xalqının vətəninə çevrildiyini vurğulayıb.

“Akmola vilayətindəki Pokrovka kəndi ilk eston yaşayış məntəqəsi olub və ötən il 130 illik yubileyini qeyd edib. Kəndin hələ də ilk məskunlaşması ilə bağlı xatirələri var və belə əlaqələr bizim üçün çox vacibdir. Ora səfərim zamanı o dövrü xatırlayan yerli ağsaqqallarla söhbət etdim, xalqlar arasında dostluq münasibətlərini vurğuladım” deyən Tirs ölkəyə kütləvi deportasiya zamanı göstərdiyi qonaqpərvərliyə və dəstəyə görə qazax xalqına minnətdarlığını bildirib.

“Bizim dilimizdə vətən mənasını verən “kodumaa” sözü var, ona görə də Qazaxıstanda yaşayan estonlar fəxrlə deyə bilərlər ki, bu ölkə onlar üçün kodumaaya çevrilib”, - diplomat deyib.

Mangistau Bölgəsində fəaliyyət göstərən Hindistan etnomədəni birliyi “Salaam-Namaste” də xeyriyyə tədbirləri və kommunal xidmət işçilərinə minnətdarlıq ifadələri vasitəsilə Minnətdarlıq Gününü qeyd edir.

Assosiasiyanın sədri Nadejda Vadodariya Qazaxıstanda etnik qrupların harmonik birgəyaşayışını vurğulayır və sülh, dostluq və harmoniya mühiti yaratdıqlarına görə qazaxlara minnətdarlığını bildirir.

Qeyd edək ki, Minnətdarlıq Günü ərəfəsində yuxarıda deyildiyi kimi, artıq bir neçə gündür start verilən bayram əhvallı fərqli mədəni və rəsmi tədbirlər, o cümlədən sərgilər, konsertlər və teatr tamaşaları keçirilməkdədir. Bayram şənliyinə isti çay və ənənəvi baursakların (milli çörək) paylanması və təşəkkür süfrəsi təqdim edilməsi kimi xeyirxahlıq tədbirləri də daxildir.

Xatırladaq ki, hazırda Qazaxıstanın 19,3 milyonluq əhalisinin 70 faizi qazaxlardan ibarətdir. İkinci yerdə təxmini sayı 3 milyon nəfər olan ruslar, sonrakı yerlərdə isə özbəklər - 650 min, ukraynalılar - 380 min, uyğurlar - 300 min, almanlar - 225 min nəfər və sair qərarlaşıb.

Bu arada, hazırda Qazaxıstanda orta hesabla 150 min nəfər azərbaycanlı yaşayır. Onlardan 7 minə yaxını Mangistau vilayətində məskunlaşıb. 

Bu ölkədə azsaylı etnik icmalar olaraq ərəblər 632 nəfər, türkdilli karaimlər 586 nəfər, tabasaranlar 450 nəfər, udinlər 400 nəfər, farslar - 350 nəfər, italyanlar 325 nəfər, assuriyalılar - 325 nəfər, xakaslar 320 nəfər, komililər 250 nəfər, kareliyalılar 200 nəfər və monqollar 200 nəfər yaşayır. 

Oxunma sayı 535