Buraxılış imtahanlarının qrafiki ilə bağlı valideynlər iradlarında haqlıdırlar.
Bu fikirləri hafta.az-a təhsil eksperti Kamran Əsədov bildirib:
“Məlumdur ki, buraxılış imtahanında - qəbul imtahanının birinci mərhələsində - abituriyentlərə tədris dili fənnindən 30, riyaziyyat fənnindən 25, xarici dil fənnindən 30 tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100-dür.
Bu nəticənin əldə edilməsi asan deyil. Nəzərə alsaq ki, şagirdlər imtahanda əldə etdikləri nəticələri orta məktəblərdə qazanmırlar, həmin bilik və bacarıqlara repetitor yanında, hazırlıq kurslarında yiyələnirlər, o zaman imtahanın mövcud xidmət göstərənlərin proqramı başa çatmadan, təkrar olmadan mart ayında keçirilməsi nəticələrinə ciddi təsiri olacaq. Çünki qeyd etdiyim dərslər, məşğələlər mart ayında davam edir.
Martda DİM tərəfindən keçirilməsi nəzərdə tutulan qəbul imtahanlarının birinci mərhələsinin, 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının keçirilməsi haqlı olaraq narazılığa səbəb olur. Bununla bağlı bəzi vacib məqamları qeyd edim.
Yaxşı olar ki, keçirilməsi planlaşdırılan imtahanlar ən azı 6 ay əvvəldən elan olunsun
Mart ayında keçirilməsi nəzərdə tutulan buraxılış imtahanlarında şagirdlərin 1-ci sinifdən 11-ci sinfə qədər formalaşdırılmış səriştələrinin, bacarıqlarının yoxlanılması nəzərdə tutulur. Tədris dili, riyaziyyat və xarici dil üzrə ən ümumi məqamlarla əlaqəli tapşırıqlar sual kitabçasına daxil edilir. İndiki halda mart ayının 20-nə, tətilə görə isə 25-nə qədər dərslərin olmaması həmin bacarıqların unudulmasına, yaddan çıxmasına səbəb olacaq. Digər tərəfdən, dərslər bu tədris ili üçün 15 sentyabrda yox, 29 sentyabrda başlayıb və pandemiya səbəbindən mütəmadi olaraq 500-dən çox məktəbdə dərslər onlayn olub, tam təşkil edilməyib. Bütün bunları nəzərə alsaq, ən azı 11-ci siniflər üçün mart ayındakı imtahanlar təxirə salınmalıdır.
Ən yaxşı halda may ayında keçirilməlidir. Bundan başqa, yaxşı olar ki, keçirilməsi planlaşdırılan imtahanlar ən azı 6 ay əvvəldən elan olunsun. Mart ayında imtahanların keçirilməsinin elan edilməsi şagirdlərdə ciddi psixoloji gərginlik yaradıb. Amma görünən odur ki, yayılan imtahan qrafikləri gec-tez təsdiq ediləcək”.