“33 il bundan öncə yanvarın 19-dan 20-nə keçən gecə baş verənlər xalqımızın həm faciəsini, həm də misilsiz qəhrəmanlığını özündə birləşdirən, keçmiş sovetlər imperiyasının bütün mənəvi və sosial dayaqlarının itirilməsinə, nəticə etibarı ilə daha tez dağılmasına və xalqımızın sonrakı taleyinə əhəmiyyətli dərəcədə təsir göstərən tarixi bir hadisədir”.
Bunu hafta.az-a ADP sədri Sərdar Cəlaloğlu bildirib.
Partiya sədri bildirib ki, 20 Yanvar hadisələri zamanı yüzlərlə soydaşımızın kütləvi şəkildə qətlə yetirilməsi, yaralanması, repressiyalara məruz qalması və əmlaklarının dağıdılması əli qanlı Rus imperiyasının xalqımızın azadlıq və müstəqillik uğrunda başlatdığı xalq hərəkatını beşiyində boğmaq məqsədilə həyata keçirdiyi bəşəri cinayətdir.
“Baş vermiş qətliam onu törədənlərin əsl mənəvi, əxlaqi, mədəni simasını, bəşəri dəyərlərdən və çağdaş sivil dünyadan nə qədər uzaqda olduqlarını tam çılpaqlığı ilə ortaya qoymuş oldu. Azərbaycan xalqının azadlıq uğrunda başlatdığı mübarizəyə yönəlmiş bu qəsdi lənətləyərək, 20 Yanvar hadisələrindən 33 il ötməsinə baxmayaraq bu cinayətə hələ də dünya ictimaiyyəti və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən əsl siyasi və hüquqi qiymət verilmədiyindən, bu bəşəri cinayəti törədənlərin təşkilatçılarının və iştirakçılarının bu günə kimi cəzasız qalmasından təəssüfləndiyini və dərin narahatlıq keçirdiyini bildirir”.
S.Cəlaloğlu 20 Yanvar hadisəsinin milli yaddaşa həkk olunması istiqamətində təbliğatın daha da gücləndirilməsinin vacibliyini qeyd edib. 20 Yanvar cinayətini, 26 fevral Xocalı və 31 Mart soyqırımını dünya ictimaiyyətinə çatdırılması üçün daha geniş dövlət tədbirlərinin, bu tədbirlərin yalnız təqvimdən təqvimə deyil, ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb