Günəş enerjisi panelləri istehsal edən Çin şirkətinin İndoneziyada qurmaq istədiyi obyekt ölkədə səs-küy yaradıb.
Hafta.az-ın yazdığına görə, Honqd Konqda yerləşən günəş enerjisi və şüşə istehsalçısı “Xinyi Glass” İndoneziyanın Rempang adasında böyük bir obyekt tikməyi planlaşdırır. 11,6 milyard dollarlıq layihə ilə bağlı saziş iyul ayında Çin prezidenti Si Cinpinlə İndoneziya prezidenti Coko Vidodo arasında keçirilən görüşdə imzalanıb.
Razılaşmadan sonra Cakarta administrasiyası adada yaşayan 7500 nəfərdən evlərini boşaltmağı xahiş edib. Layihəyə əsasən, obyekt üçün 2300 hektar torpaq sahəsi ayrılacaq və 10 min hektar təbiət mühafizə zonası toxunulmaz qalacaq.
Təxminən 700 min ailəyə mənfi təsir göstərəcək qərarda, Batam şəhərində hər ailəyə təxminən 120 milyon İndoneziya rupisi (13130 manat) dəyərində 500 kvadratmetr torpaq sahəsi və 45 kvadratmetr ev veriləcəyi açıqlanıb.
Fransanın AFP xəbər agentliyinə danışan və adını açıqlamayan bir kənd sakini Rempangda polis və bələdiyyə məmurlarının qapı-qapı gəzərək insanları evlərindən çıxardıqlarını iddia edib. "Qorxuram ki, gecə vaxtı evimə gəlib məni küçəyə atacaqlar", - Rempang sakini deyir.
Batam Bələdiyyə Başçısı Məhəmməd Rudi iddiaları rədd etsə də, layihənin ölkənin xeyrinə olduğunu bildirərək, "Biz İndoneziyanın pula ehtiyacı olduğuna razıyıq. Buna nail olmağın yollarından biri də investisiyadır" deyib.
Rempanglılar dövlətin onlara zəmanət vermədiyini iddia edirlər. Kəndin rəhbərlərindən biri olan 67 yaşlı Timo, "İndiyə qədər hər şey sadəcə danışıq idi. Biz köçkün olmaq istəmirik" deyib.
Cakarta, layihə çərçivəsində obyektin inşasına gələn il başlanacağını və adanın 2080-ci ilə qədər minlərlə insanı işlə təmin edəcək “ekoloji şəhərə” çevriləcəyini bildirib.
Dünyanın ən işlək ticarət gəmiçilik marşrutlarından biri olan Malakka boğazında yerləşən 17 min hektarlıq ada günəş panelləri istehsalında istifadə edilən kvars qumu ilə zəngindir. Lakin adanın sənaye zonasına çevrilməsi planları yerli əhalinin böyük reaksiyasına səbəb olur. Sentyabrın 11-də Batamda keçirilən nümayişlər zamanı fəallarla polis arasında dava düşüb. Həmin həftə Çinin Cakartadakı səfirliyi qarşısında layihənin ləğvi üçün etiraz aksiyaları keçirilib.