İqtisadi Azadlıq İndeksi: “Rusiya 1980-ci illərə qayıdır”

09:26 26.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Freyzer İnstitutu illik iqtisadi azadlıq indeksinin nəticələrini açıqlayıb.

Hafta.az-ın “Kommersat”a istinadən yazdığına görə, 165 ölkə arasında 104-cü yerə enən Rusiya 1980-ci illərdə SSRİ-nin səviyyəsinə yaxınlaşıb.

Reytinqin daimi lideri olan Honq Konq bu il birinciliyi Sinqapura uduzub. Bildirilir ki, Çin Kommunist Partiyasının Honq-Konqda artan nüfuzu bu regionda iqtisadi azadlıq səviyyəsini xeyli aşağı salıb.

Siyahıda ilk beşlikdə Sinqapur, Honq-Konq, İsveçrə, Yeni Zelandiya və ABŞ qərarlaşıb.

Həmçinin ilk 10-luqda İrlandiya (6-cı), Danimarka (7-ci), Avstraliya (8-ci), İngiltərə (9-cu) və Kanada (10-cu) yer alıb.

Bu il Yaponiya 20-ci, Almaniya 23-cü, Fransa 47-ci, Hindistan 87-ci, Braziliya 90-cı, Çin 111-ci yerdə qərarlaşıb.

Rusiya 1980-ci ildə Fraser İnstitutunun Sovet İttifaqını 107-ci yeri tutduğu pilləyə yaxın 104-cü yerə düşərək bir neçə bal itirib. Rusiya Nepalla Tanzaniya arasında yer alıb.

2000-ci ildə 115-ci yerdə olan Rusiya 2015-ci ildə 109-cu, 2019-cu ildə 94-cü yerdə qərarlaşmışdı. Lakin 2020-ci ildə yenidən eniş olub və 97-ci yerə düşüb.

Bu arada, qardaş ölkə Türkiyə 101-ci yerdədir.

Son beşlikdə Yəmən (161), Sudan (162), Suriya (163), Zimbabve (164) və Venesuela (165) qərarlaşıb. Freyzer İnstitutu məlumat çatışmazlığı səbəbindən Kuba və Şimali Koreyanı öz reytinqlərinə daxil etmir.

Tədqiqatda hüquq sisteminin şəffaflığı və ədalətliliyi, vergi sistemi, “xarici aktivlərin özgəninkiləşdirilməsi riski”, gəlirlərin tənzimlənməsi, əmək qanunlarının məhdudlaşdırıcılığı, özəl sektor üçün dövlət tənzimləmələri, tarif və qeyri-tarif maneələri, azadlıq kimi meyarlar müəssisələrin rəqabəti, xüsusi mülkiyyət hüquqları qiymətləndirilib.

Bütövlükdə, müəlliflər qeyd edirlər ki, davamlı artım dövründən (2000-2019) sonra dünyada orta iqtisadi azadlıq indeksi aşağı düşüb. 2020-2021-ci illərdə qlobal indeks 6,77 balla 2009-cu ildən bəri rekord aşağı enib. 2019-cu ildə indeks 6,94 bal ilə ən yüksək səviyyədə olub.