İran müsəlman dövləti olsa da, həmişə Azərbaycanın əleyhinə olub - Qasım Hacıyev

14:20 30.01.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Şimalda Rusiya, cənubda İran həmişə Azərbaycan dövlətinə qarşı qısqanclıqla yanaşıb, düşmən gözü ilə baxıb. Bəzən sözdə siyasi manipulyasiya edib, haqqımızda müsbət fikirlər söyləsələr də, mənfi addımlar atıb, iç üzlərini daim göstərib, xəyanətkar mövqe sərgiləyiblər”.

Bunu hafta.az-a AMEA-nın Qafqazşünaslıq İnstitunun kafedra müdiri, tarixçi alim Qasım Hacıyev İranda səfirliyimizə qarşı olan silahlı hücumu bu ölkələrin tarixən Azərbaycana olan münasibəti kontekstində təhlil edərkən bildirib.

 “Tarix boyu Azərbaycanın başına nə oyunlar gətirilibsə, onun əksəriyyəti rus imperiyası tərəfindən törədilib. İran imperiyası həmişə Azərbaycana düşmən gözü ilə baxıb.  Heç vaxt Azərbaycan dövlətinin, xalqının inkişafına razı olmayıb, imkan düşdükcə buna maneə yaradıb. Torpaqlarımızın işğalında da İranın çox böyük “xidmətəri” var. İran müsəlman dövləti olsa da, həmişə Azərbaycan dövlətinin əleyhinə olub.  Azərbaycan dövlətinin yarandığı tarixlərdə və sonrakı mərhələlərdə özünün dövlətçiliyini bərpa etdiyi dövrlərdə də qeyri-səmimi münasibət bildirib. Ona görə də İrandan başqa münasibəti gözləmək sadəlövlükdür.  İran 44 günlük müharibədən sonra Azərbaycanın dövlətçiliyinə, imicinə zərbə vurmaq üçün nə qədər həmlələr etdi. Dənizdən, quru sərhədlərdən və son dövrlərdə Ermənistanın silahlandırılmasında İranın “fəaliyyəti” özünü açıq şəkildə göstərir. Ona görə də  İran kimi dövlətlərdən hər şeyi gözləmək olar. Hansı tərəfdən baxsaq İran nəinki dost, din qardaşımızdır, əksinə, yalançı müsəlman dövlətdir”.

Q.Hacıyev qeyd edib ki, İran rejimi Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı hansı münasibəti göstəribsə, şimala da eyni münasibət sərgiləyib. 

Q.Hacıyev bildirib ki, İranda səfirliyimizə edilən silahlı hücumla, Fransa, Böyük Britaniya baş verən hücumlar fərqli olsa da, bu münasibətin bir mənası var: Onlar türkü sevmirlər.

“Biz Fransada konfranslarda çıxış edərkən onların Azərbaycana qarşı çox loyal, laqeyd münasibətini qeyd edirdik. Amma onların Azərbaycana, türkə bu dərəcədə düşmən gözü ilə baxması son zamanlar özünü daha da biruzə verdi. Ötən sərin 90-cı illərində uydurma erməni soyqırımını tanımamaq haqqında qərara nəzər salsaq, görərik ki, həmişə türkə qarşı etirazla çıxış edib əks qərarlar veriblər.  Hətta Fransada Türk Tarix Qurumunun rəhbəri Həllacoğlunu da həbs eləmişdilər ki, sən erməni soyqırımını danırsan, etiraz edirsən”.

Q.Hacıyev bu kontekstdə İranda Azərbaycan səfirliyinə hücumu ötən tariximizdə Azərbaycana qarşı yönələn hadisələrin davamı kimi dəyərləndirib.

“Türkü sevməyən Azərbaycanı da sevmir. Bunu nə danmaq, nə də gizlətmək mümkün deyil. Türkiyədən çəkinirlər və ona görə çox açıq –aşkar əks çıxışlar edə bilmirlər. Amma bəzən də belə terror aktları ilə üzə çıxırlar”.

Q.Hacıyev Böyük Britaniyada baş verənləri Fransada baş verənlərdən fərqləndirib. Onun fikrincə, bu ölkələri eyni götürmək olmaz.

“Böyük Britaniya  neytral və Azərbaycana dost gözü ilə baxan bir ölkədir. II Qarabağ savaşında da Ermənistanın tərəfini saxlamadı. Böyük Britaniya Azərbaycan dövlətini  istəyən dövlətdir və siyasi, iqtisadi mədəni əlaqələrimiz var. Amma Fransada, İranda baş verənlər bir-birindən fərqli olsa da, Azərbaycan dövlətinə, xalqına böyük düşmənçilik, Türk dövlətlərinin inkişafına qısqanclıqla yanaşmanın bariz nümunəsidir. Hər halda bu dövlətlər beynəlxalq səviyyədə ifşa olunmalıdır”.

Oxunma sayı 95
Siyasət rubrikasından digər xəbərlər