“İran özünü müdafiə etmə hüququna malikdir” – Seyyid Cəfər Ağayi

14:48 23.06.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“İran İslam Respublikası ABŞ-la dolayı danışıqlar apararkən və danışıqların altıncı mərhələsi keçirilməli olarkən, İsrail diplomatik prosesi və danışıqları pozmaq məqsədilə İranın ərazisinə açıq təcavüz edib”.

Hafta.az-ın yazdığına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında İranın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Seyyid Cəfər Ağayi deyib. Diplomat xatırladıb ki, iyunun 13-də İsrailin İrana açıq təcavüzünə nəticəsində İranın bir sıra yüksək rütbəli komandirləri, alim və mülki şəxsləri şəhid olub. Lakin həmin gün dərhal komandirlərin yerinə təyinatlar həyata keçirilib və bir neçə saat sonra təcavüzkara cavab verilib.

“İsrail elə təsəvvür edirdi ki, 48 saat ərzində yüksək rütbəli hərbi komandirlərin, nüvə alimlərinin terroru və nüvə obyektlərinə hücum yolu ilə İran cəmiyyətində parçalanma yaradacaq və daxili qarşıdurmalarla bu məkrli məqsədinə nail olacaq. İsrailin bu təcavüzü, BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin açıq şəkildə pozulması və İrana qarşı hücum aktıdır. İranın bu təcavüzə cavabı özünümüdafiə prinsipinə əsaslanır. "Self-defense" beynəlxalq hüquqda tanınmış fundamental hüquqdur və BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, hər bir ölkənin qanuni haqqıdır” deyib dipomat.

Müvəqqəti işlər vəkili bildirib ki, Fars körfəzi bölgəsindəki İranın neft və qaz obyektlərinin hədəfə alınması çox təhlükəli aqressiya aktıdır. Münaqişəni Fars körfəzinə yaymaq strateji baxımdan böyük səhvdir və bu, böyük ehtimalla qəsdən və planlı şəkildə həyata keçirilib - bu addım müharibəni İran sərhədlərindən kənara çıxarmağı hədəfləyir. Cənab Ağayinin sözlərinə görə, Fars körfəzi çox həssas və mürəkkəb regiondur, burada baş verən hərbi dəyişikliklər təkcə regionu deyil, bütün dünyanı əhatə edə bilər və bunun bütün nəticələri İsrailin özünü bürüyəcək.

“İran İslam Respublikası İsrailin təcavüzünə baxmayaraq, diplomatiya yolunu tərk etməyib. Son günlər ərzində ölkəmizin xarici işlər naziri Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi, Böyük Britaniya, Almaniya və Fransanın xarici işlər nazirləri ilə, eləcə də İslam Əməkdaşlıq Təşkilatının toplantısında bölgə ölkələri ilə danışıqlar aparıb. Lakin bu dəfə ABŞ tərəfindən birbaşa hərbi hücum həyata keçirilib və İranın Fordo, Nətanz və İsfahan şəhərlərində yerləşən nüvə obyektləri birbaşa hərbi zərbələrə məruz qalıb” deyən cənab Seyyid Cəfər Ağayi bildirib ki, rəsmi Tehran, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq öz qanuni müdafiə hüququnu qoruyur, münasib zaman və üsullarla beynəlxalq hüquq çərçivəsində bütün imkanlardan istifadə etmək hüququnu özündə saxlayır.

Diplomat BMT üzvü olan bütün ölkələri, xüsusilə region və İslam ölkələrini, Qoşulmama Hərəkatının üzvlərini və beynəlxalq sülh və təhlükəsizliklə maraqlanan bütün dövlətləri İrana qarşı hərbi təcavüzü qınamağa və İsrailin sülh və təhlükəsizliyə yaratdığı görünməmiş təhdidə qarşı təcili və birgə tədbir görməyə çağırıb.

Müvəqqəti işlər vəkili qeyd edib ki, İran cəsarət və əzmlə özünümüdafiə hüququnu həyata keçirməkdə davam edəcək, təcavüzkara öz böyük səhvinə görə etdiklərinin bədəlini ödədəcək.

"Ac qalarıq, can verərik, amma düşmənə boyun əymərik" — bu yalnız bir cümlə deyil, bir müqavimət məktəbidir”, - Seyyid Cəfər Ağayi çıxışını yekunlaşdırıb.

Daha sonra müvəqqəti işlər vəkili jurnalistlərin suallarını cavablandırıb.

Diplomat qeyd edib ki, ölkəsinə edilən hərbi təcavüzlərə baxmayaraq, heç bir İran vətəndaşı vətənini tərk etməyib və hər kəs öz evindədir. O, İranın dövlət sərhədlərinin təhlükəsizliyinin də lazımınca qorunduğunu xatırladıb.

Müvəqqəti işlər vəkili Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinə də toxunub. Bildirib ki, səfirlik fəaliyyətini tam təhlükəsizlik şəraitində davam etdirir.

Seyyid Cəfər Ağayi səfirliyin ölkəsindəki biznes ortaqları ilə əlaqə yaratmaq istəyən sahibkarlıq subyektlərinə bu məqsədlə dəstək verməyə hazır olduğunu da bəyan edib.