İranda siyasi böhran dərinləşir - Etibar Məmmədov

11:55 10.03.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Onunla hafta.az üçün budəfəki söhbətimizdə ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı siyasətinin dəyişməsi fonunda Güney Qafqaza, həmçinin Azərbaycana qarşı siyasətinin də ciddi şəkildə dəyişib-dəyişməyəcəyi, Rusiya lideri Putinin Trampın onunla yaxınlaşması fürsətindən yararlanaraq, Azərbaycana qarşı siyasətində ciddi dönüş etməsi ehtimalı, Ukraynanın çökdürüləcəyi təqdirdə SSRİ sərhədləri çərçivəsində imperiyanın bərpası təhlükəsi, terrorçu “PKK” lideri Abdullah Öcalanın məlum müraciətindən sonra Türkiyə üçün kürd qruplaşmalarının tərk-silah edilməsi prosesinin real nəticəsinin olub-olmayacağı, İrandakı iqtisadi-siyasi durum və istefalar, həmin ölkədə Azərbaycan türkcəsinin mövqeyinin gücləndirilməsi istiqamətində Prezident Məsud Pezeşkianın cəhdləri və s. mövzularda söhbətləşdik. Müsahibimiz Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri, istiqlalçı deputat Etibar Məmmədovdur. 

- Etibar bəy, sizcə, hazırkı ABŞ lideri Donald Trampın Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı siyasəti, Ağ Evdəki məlum görüşdən sonra prezident Vladimir Zelenskini bir növ ofsayd durumda qoyması, Ukraynaya hərbi yardımı dayandırması və s. onun Güney Qafqaz, ayrıca Azərbaycan, Ermənistan və Gürcüstan siyasətində özünü necə göstərəcək?

-      Bu, çox ciddi məsələdir. Biz də bir çox dönüşlərə hazır olmalıyıq. Təəssüf ki, indiki ABŞ Prezidenti Donald Tramp zorakı diplomatiya, yəni məcburetmə yolunu tutub. Onun üçün heç bir beynəlxalq prinsiplər, qayda-qanunlar əhəmiyyətli deyil. Ona görə biz də diqqətli olmalıyıq bu məsələlərdə... Düzdür, hələ ki, Amerikanın Güney Qafqaz, o cümlədən Azərbaycanla bağlı siyasətində ciddi dəyişiklik gözlənilmir. İstənilən vaxt ciddi dönüşlər ola bilər, hətta möhkəm təzyiqlər də edilə bilər. Bu o demək deyil ki, təzyiqlərə boyun əyməli və Trampın dediklərini, diqtə etdiklərini qəbul etməliyik. Hələlik isə Güney Qafqaz gündəmi Ağ evin gündəliyində yoxdur...

-      Bəs sizcə, bundan sonra Putin Rusiyasının Güney Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana qarşı siyasətində necə dönüş yaranacaq? Belə mülahizələr var, guya Tramp, artıq Güney Qafqazı Putinə təslim  edir...

-      Tramp hələ Ukraynanı təslim edib qurtarmayıb axı... Əvvəla, Ukrayna özü təslim olmayacaq. İkincisi, Ukraynanın təslim olması Avropanın Rusiyaya, Putinə təslim olması deməkdir. Odur ki, Avropa da birləşib Tramp və Putinə bunu etməyə imkan verməyəcək. Məntiq bunu göstərir... Üçüncüsü, fikrimcə, Birləşmiş Ştatların özündə də Trampın bu cür yanlış siyasətinə qarşı müqavimət getdikcə artacaq. Ona görə ki, Amerikada Ukrayna lobbisi çox güclüdür. Onların təsir imkanları da böyükdür, Ağ ev administrasiyasına belə, təsir göstərmək vasitələri var və onlar işə düşəcək. Bundan əlavə, Konqresdə Trampa qarşı müxalifət var. Respublikaçıların içərisində də onun Ukraynanı Rusiyaya təslimetmə fikrinə müxalif olanlar xeylidir. Bu proses, tədricən, gedəcək. Düzdür, hələ Ukrayna tezliklə bu ağır durumdan çıxa bilməyəcək. Bu ölkənin müqavimət potensialı da kifayət qədər böyükdür.

-      Deməli, belə düşünürsünüz ki, Putin Trampın onunla yaxınlaşması fürsətindən yararlanaraq Azərbaycana qarşı siyasətində ciddi dönüş etməyəcək?

-      Bəli. Heç axı Rusiyanın indiki geosiyasi durumda özünə qarşı bir neçə cəbhədə qüvvələri qaldırması da məntiqlə doğru olmaz, buna ehtiyac da yoxdur. Həm də bu saat Putinin Azərbaycana qarşı sərt siyasət yürütməsinə, onu təhdid etməsinə elə bir ciddi əsas və səbəb də yoxdur...

-      Belə başa düşdüm,  Avropa ölkələrinin Amerika olmadan da Ukraynanı Rusiyanın cəngindən xilas etmək potensialı olduğunu hesab edirsiniz...

-      Təbii ki, Avropa Ukraynaya dəstəyini davam etdirəcək. Paralel olaraq Avropa ölkələri öz hərbi potensiallarını gücləndirməyə, müdafiə xərclərini artırmağa məcburdurlar. Həmçinin ortalıqda ümumi Avropa ordusunun yaradılması haqda ideya da mövcuddur. NATO strukturlarında qitənin müdafiə sisteminin gücləndirilməsi, ABŞ-nin  bundan imtina edəcəyi halda  Avropanın müstəqil nüvə müdafiəsinin təşkili və s. gündəmdədir. Avropalılar da yaxşı anlayırlar ki, Rusiyanın önündə ciddi güc olmasa, onun qarşısını almaq çətin olacaq...

- Ukraynanın çökdürüləcəyi təqdirdə, SSRİ sərhədləri çərçivəsində imperiyanın bərpası təhlükəsi də yaranmayacaq ki?

- Belə bir təhlükə hələ də var. Ukraynalılar, özlərinin də bəyan etdiyi kimi, Rusiya imperiyası ilə bütün Avropanın, postsovet məkanının və demokratik dünyanın əvəzində vuruşur...

-      Necə düşünürsünüz, Türkiyənin Ukraynanı Ərdoğanla Zelenskinin o məşhur fotosuna uyğun olaraq öz çətiri altına alması Rusiyaya müqavimətdə ciddi rol oynaya bilərmi?

-      Türkiyənin Ukraynaya dəstəyi onun müqavimətində ciddi rol oynaya bilər və fikrimcə, belə bir rolu oynayacaq da. Türkiyə NATO sisteminin tərkibindədir  və Avropada da ordusunun potensial gücünə, döyüş imkanlarına görə birinci yerdədir. Digər tərəfdən, Avropaya qarşı hər hansı birbaşa təhdid, hücum olarsa, Türkiyə ordusu da NATO qüvvələri tərkibində həmin hücumun qarşısında olacaq. Avropa da Türkiyədən bu cür asılılığını hiss edir.  Ukraynanın gücləndirilməsi də çox vacibdir. Bu ölkə Avropanın içərisində ən güclü və artıq genişmiqyaslı müharibədə böyük təcrübəsi olan bir orduya malikdir. Həmin ordu Türkiyə Silahlı Qüvvələri ilə birlikdə Rusiya ordusunun yetərincə güclü alternativini təşkil edə biləcək...

-      Türkiyənin özündə də maraqlı olaylar baş verir. Terrorçu “PKK” lideri Abdullah Öcalanın məlum müraciətindən sonra artıq bəzi kürd qruplaşmaları silahı yerə qoymaqdadır. Sizcə, bu prosesin real nəticəsi olacaqmı?

-      Öcalanın tərəfdarlarına silahlarını təhvil vermək haqqında müraciətindən sonra, hələ ki, proses öz səviyyəsində gedir. Bunun Türkiyə üçün real müsbət nəticələr verəcəyi mənə hələlik inandırıcı görünmür. Sonrakı təhlükələri də ola bilər bu prosesin. Ona görə ki, bir dəfə oxşar proses gözlənilməz hadisələrə gətirib çıxarmışdı. Ərdoğan yenicə hakimiyyətə gələndə indikinə oxşar bir müraciət olmuşdu və yenə də “PKK”çılar guya silahları yerə qoyurdular. Bu onunla nəticələndi ki, o vaxtadək dağlarda olan terrorçuların bir hissəsi artıq Türkiyənin şəhərlərinə endilər və şəhərlərdə terror aktları icra edilməyə başlandı. Ona görə də kürd qruplaşmalarının tərksilah edilməsi məsələsinə sadə məsələ kimi baxmaq olmaz.

-      Türkiyə-Ermənistan sərhədlərinin açılması haqqında nə deyə bilərsiniz?

-      Düzdür, Ermənistan tərəfdə sərhədlərin açılması üçün hazırlıqlar gedir, sərhəd-keçid məntəqəsi də tikilib, lakin Türkiyə tərəfdə heç bir ciddi hazırlıq görünmür və hələ ki, heç bir razılıq da yoxdur. Təbii ki, bunun üçün Ermənistan rəsmi şəkildə Türkiyəyə qarşı ərazi iddialarından imtina etməlidir və Azərbaycanla sülh müqaviləsi bağlamalıdır. Və bunlar Türkiyə ilə sərhədlərin açılmasından ötrü Ermənistan qarşısında qoyulan əsas şərtlərdir.

-      İrandakı son iqtisadi-siyasi böhran barədə nə düşünürsünüz? Bu günlərdə vitse-prezident Məhəmməd Cavad Zərif istefa verdi, iqtisadiyyat və maliyyə naziri işdən çıxarıldı. İsrail mediasının yaydığı məlumata görə hətta İran prezidenti Məsud Pezeşkian da istefa ərizəsi yazıb, amma ali dini lder qəbul etməyib.

-      Bəli, İranda sosial-iqtisadi böhranın ardınca siyasi böhran da baş qaldırıb. Prezident Pezeşkianın istefa verə bilməsinə gəldikdə, təbii haldır, özünə hörmət edən adam müəyyən durumda vəzifədən istefa ərizəsini yazmalıdır. Hazırda İranda prezident vəzifəsi faktiki heç bir şeyi həll etmir; hətta onun ən daraldılmış vəzifələri çərçivəsində də hərəkət etməsinə imkan verilmir. Və prezident hər şeyə görə kimlərdənsə icazə almalıdır. Sözsüz ki, bu şəkildə fəaliyyət göstərmək mümkün deyil. Ona görə də belə bir durumda İranda daxili siyasi böhran da getdikcə dərinləşməlidir. 

İqtisadi böhran isə ölkənin tam izolyasiya olunmasıyla, Qərbin, Amerikanın tətbiq etdiyi sanksiyalarla bağlıdır. İndiyədək İran rəhbərliyi neft və qazdan gələn gəlirlərdən əhaliyə pul paylayaraq iqtisadiyyatı bu qaydada saxlamaqla məşğul idi. Bu gün isə həmin gəlirlər kifayət qədər gəlmir və onu təmin edə bilmirlər. Başqa tədbirlər görmək, ölkəyə investisiya cəlb etmək və s. üçün şərait və imkan yoxdur. İqtisadi islahatlar keçirmək isə onların sisteminin çökməsinə gətirib çıxara bilər. Odur ki, belə bir ağır iqtisadi böhran başlayıb. Lakin bu saat əsas problem İranın rəhbərliyində səlahiyyətlərin bölgüsü, vəzifələrin icrasıyla bağlı olan siyasi böhrandır. Bu da ya mollaların geri çəkilməsi, yaxud Pezeşkian və onun komandasının istefasıyla nəticələnməlidir.

-      Prezident Məsud Pezeşkian son vaxtlar sanki İranda Azərbaycan türkcəsinin işlənməsi dairəsinin rəsmən genişlənməsi üçün müəyyən dolayı cəhdlər göstərir, parlamentdə onun azərbaycanlı tərəfdarları təşəbbüslərə çıxış edir, özü Təbrizdəki görüşlərindən birində Azərbaycan türkcəsində “Heydər babaya salam” poemasından parça söyləyir.

-      Hesab edirəm, bu da əslində, İran hakim dairələrindəki bayaq dediyimiz siyasi böhranın göstəricisidir. Həm də söhbət yalnız ölkədə Azərbaycan dilinin tətbiqindən getmir. İran Konstitusiyasında ölkə ərazisində yaşayan bütün millətlərin məktəblərdə öz ana dillərini, ədəbiyyatlarını öyrənmək hüququ təsbit edilib. Bunun da icra olunmaması və parlamentdə bir neçə dəfə səsə qoyulması artıq irəliləyiş deməkdir. Yəni qərar qəbul olunmasa da, dillə bağlı məsələnin artıq ikinci dəfə İran parlamentində səsə qoyulması məsələnin gündəmdə qaldığını və əvvəl-axır öz həllini tapmalı olmasının göstəricisidir. 

-      Etibar bəy, dildən söz düşmüşkən, Rusiyanın səbəb olduğu məlum təyyarə faciəsindən sonra Azərbaycanda rus dilinin müəyyən dairələrdə hökmranlığını aradan qaldırmaq, rusdilli məktəblərin bağlanması və s. haqda fikirlər səslənir. Buna sizin də münasibətinizi bilmək maraqlı olardı.

-      Fikrimcə, Azərbaycanda rus dilinə qarşı ümumi siyasət dəyişməlidir. Birdən-birə inzibati qaydada nələrisə dəyişib baltanı kökündən vurmaq da olmaz.  Təbii ki, dövlət idarələrində dövlət dili olaraq Azərbaycan dili işlənməlidir, özgə dilin işlənməsi həm də qeyri-qanunidir. Məktəblərə gəldikdə isə hər hansı bir vətəndaş istədiyi dildə təhsil ala bilər və buna qadağa qoyilmamalıdır. Ancaq dövlət yalnız Azərbaycan dilində fəaliyyət göstərən məktəbləri  maliyyələşdirməlidir. Ölkədə rus, ingilis, fransız  və s. dillərdə də məktəblər ola bilər. Onlar özlərini maliyyələşdirən, özəl məktəblər olmalıdır. Yəni onlar dövlət tərəfndən maliyyələşdirilməməlidir. Bu keçidi də tədricən etmək lazımdır. Dediyim kimi, baltanı kökündən vurmaq və bununla Kremlin əlinə bir bəhanə də vermək olmaz. Ukraynaya hücumun səbəblərindən biri bu idi ki, guya Rusiya oradakı rusdilli əhalini Ukrayna hökumətinin təzyiqlərindən müdafiə edirdi. Yəni bu cür bəhanəni Azərbaycan üçün də vermək olmaz. Dövlət dilinin təbliğini gücləndirmək, dövlət məktəblərinin yalnız Azərbaycan dilində olmasını təmin etmək bu prosesi yumşaq şəkildə həll etməyə imkan verər.