İranlı general: “İsraili vuracaq gücdə raketlərimiz var”

10:05 26.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran Müdafiə Nazirliyinin sözçüsü, briqada generalı Rza Talai, "İsraili vuran raket" olaraq xarakterizə etdikləri “Hacı Qasim” adlı raketlərə sahib olduqlarını açıqlayıb.

Hafta.az-ın İran mediasına istinadən yazdığına görə, Talai dünən verdiyi açıqlamada “Bu gün bizim İsraili vuran raketlər var və onların ilk hədəfləri işğal olunmuş ərazilərdir” deyib.

Sözçü bildirib ki, raket sistemi yerli mütəxəssislər tərəfindən hazırlanıb və 2020-ci ildə ABŞ-ın Bağdadda hava hücumu nəticəsində öldürülən İnqilab Keşikçiləri Korpusunun xarici əməliyyatlarının təşkilatçısı Qasim Süleymaninin adını daşıyan raketlərdən ibarətdir.

Bu açıqlamadan bir neçə saat əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İsrailin baş naziri Binyamin Netanyahunun təhdidlərini ələ salıb.

Netanyahunun İrana qarşı əsassız ittihamlarını və təhdidlərini heç kimin ciddiyə almadığını vurğulayan Abdullahiyan, Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasının iclasına qatılan müxtəlif ölkələrdən bəzi rəsmilərin Netanyahunun davranışını zarafat kimi qiymətləndirdiyini də vurğulayıb.

Netanyahu BMT Baş Assambleyasının sessiyasındakı çıxışında Tehrana qarşı “etibarlı nüvə təhlükəsi”nə çağırıb.