İrəvan və Moskvanın yeni "planı" - LAÇIN YOLU BAĞLANILIR, XANKƏNDİ AEROPORTU...

19:11 06.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Laçın yolunda azərbaycanlı ekofəalların etiraz aksiyaları bir aya yaxındır ki, davam edir. Tələblər isə dəyişmir - Azərbaycanın müvafiq dövlət orqanlarına rus hərbçilərinin nəzarətindəki ərazilərdə mədən fəaliyyətinin monitorinqə şəraitin yaradılması və bu qanunsuz fəaliyyətə dərhal son qoyulması.

Maraqlı məqam odur ki, bu tələblərin yerinə yetirilməsi ilə bağlı nə Moskva və Xankəndidəki separatçı rejimin qalıqları, nə də İrəvan hansısa qərarlar qəbul edir.

Sanki iki tərəf də Azərbaycanı daha kəskin addımlar atmağa vadar edir. Moskva bu məsələdə özünün susqunluğu və "günahı" separatçıların üzərinə atmaqla məsuliyyətdən yayınmağa çalışır. İrəvan isə dünyaya hay-küy salıb "Dağlıq Qarabağda humanitar fəlakət" deyə rəsmi Bakıya qarşı təzyiqlərin artmasına səy göstərir.

Artıq Moskva və İrəvanın nə istədiyi ortaya çıxmağa başlayır. Rusiya nəzarətində olan Azərbaycan əraziləri ilə birbaşa, rəsmi Bakının nəzarətində olmayan hava yolunun açılmasını istəyir. Bunu özünün Xankəndidəki kuklası Ruben Vardanyan tərəfindən dilə gətirir. Belə bir əlaqə vasitəsi Xankəndidə vaxtilə Azərbaycandan icazəsiz inşa edilən hava limanının istifadəyə verilməsi ilə mümkün ola bilər. 

İrəvan isə separatçıları silahlandırmaq, sərvətlərimizin qanunsuz mənimsənilməsi ilə əldə edilən xammalın rahat şəkildə daşınmasına şərait yaratmaq istəyir. İrəvanın Xankəndi hava limanı ilə bağlı istəyinin arxasında dayanan başqa bir məqam isə "Zəngəzur dəhlizi" ilə bağlı rəsmi Bakının Ermənistana artan təzyiqlərindən qurtulmaqdır. Belə ki, Laçın yolunun bağlanması fonunda Xankəndi ilə hava əlaqəsinin yaradılması 9 noyabr öhdəliklərindən yayınmaq üçün geniş imkanlar açır. Azərbaycanın hər iki dəhliz üçün eyni qaydaların tətbiqi tələbini neytrallaşdırmaq məqsədi ilə İrəvan Laçın yolunun birdəfəlik bağlanması və ya Azərbaycanın tam nəzarətinə keçməsini Xankəndinə birbaşa hava əlaqəsinin bərpasına dəyişmək istəyir. Bununla da, ermənilər düşünürlər ki, "Laçın dəhlizini bağlamaq" təhdidi ortadan qalxacaq. Nəticədə Zəngəzur dəhlizi ilə bağlı məsələdə də rəfə qaldırılacaq.

Həm Moskva, həm də İrəvanın siyasi baxışları nə qədər fərqlənsə də bu məsələdə ortaq maraqları onları eyni "humanitar fəlakət" tezisini daha da qabartmağa sövq edir.

İndi isə gəlin, ermənilərin Xankəndi hava limanı ilə bağlı irəli sürdükləri bir neçə tezisləri onların öz dilindən eşidək. 

Məsələ ilə bağlı "Azadlıq radiosu"nun erməni xidmətində yer alan fikirlər diqqət çəkir. Bildirilir ki, "rəsmi İrəvan Dağlıq Qarabağa yardım xahişi ilə BMT-nin Ümumdünya Ərzaq Proqramına müraciət edib-etmədiyini dəqiqləşdirmir. XİN və aidiyyəti dövlət qurumlarının “Dağlıq Qarabağda humanitar böhran nəticəsində yaranmış problemlərin həlli üçün” müxtəlif beynəlxalq strukturlarla daimi əlaqədə olduğunu bildirir".

Beynəlxalq münasibətlər və təhlükəsizlik sahəsi üzrə ekspert Sosi Tatikyan deyir ki, İrəvanın müraciəti yetərli deyil, ondan sonra BMT Təhlükəsizlik Şurasının qətnaməsi və ya Azərbaycanın da razılığı lazımdır, hər iki halda problemin həlli asan deyil.

“Təəssüf ki, Azərbaycanın razılığı və BMT Təhlükəsizlik Şurasının qətnaməsi olmadan bu mümkün deyil. Hətta bir neçə gün əvvəl gördüyümüz kimi BMT Təhlükəsizlik Şurasının bəyanatını qəbul etmək belə mümkün olmadı, çünki konsensus yox idi. Əsas problem də budur”, - deyə o bildirib.

Erməni ekspertin fikrincə, humanitar yardımın BMT və ya Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə, hava və ya quru yolu ilə çatdırılacağı başqa bir sualdır.

“İndi başa düşdüyüm qədər, Qırmızı Xaç bir növ yardım gətirir. Bu da onun hava, yoxsa quru yolu ilə daşınması sualını yaradır. İndi humanitar hava daşımaları - yardımın hava ilə çatdırılması haqqında çox danışılır. Azərbaycan deyə bilər ki, bu lazım deyil, çünki Qırmızı Xaç yük maşınları artıq keçib yardım gətirə bilər və bunu vurğulayır və belə texniki əsaslarla rədd edir”, - deyə Sosi Tatikyan əlavə edib.

İş o yerə çatıb ki, ermənilər Xankəndidəki vəziyyəti Sudandakı aclıq ilə müqayisə edirlər:

"Müharibə və Münaqişə Qurbanlarının Müdafiəsi üzrə Beynəlxalq Cenevrə Konvensiyasına əsasən, “əgər mülki əhali, məsələn, ərzaq və tibbi ləvazimat kimi resurslarla kifayət qədər təmin olunmaması səbəbindən mövcudluğu üçün həddən artıq əziyyət çəkirsə, o zaman tərəflər, mülki əhaliyə yardım məqsədilə əməliyyatlar həyata keçirilir ki, bu da müstəsna humanitar və qərəzsiz xarakter daşıyır.

Məhz bu məqama uzun illər əvvəl Darfura (Sudan dövləti) humanitar yardım çatdırmağa çalışan beynəlxalq təşkilatlar tərəfindən istinad edilmişdi".

Keçmiş baş nazirin aviasiya üzrə müşaviri, aviator Akop Çağaryanın iddialarına fikir verək:

“Afrikada işlədiyim illər ərzində öz aviaşirkətimlə Sudanın qərbində yerləşən blokadada olan Darfura, Çad sərhədində, Konqo Demokratik Respublikasının şərq ərazisi olan Zairə uçmuşam. BMT insanlara kömək etmək qərarına gələndə belə olur, çünki dünya qanqster normaları ilə idarə olunmur”. Çaqaryan deyir ki, Xankəndi hava limanından hava nəqliyyatı üçün istifadə edilə bilər.

Göründüyü kimi, Laçın yolundakı aksiyalar uzandıqca ermənilərin şantaj üçün əl atdıqları vasitələr də genişlənir. Lakin həm Moskva və onun qanadları altında varlığını sürdürən separatçı rejim, həm də İrəvan bir məqamı unudur ki, milli maraqları təhdid edən məsələlərdə heç bir qüvvə Azərbaycanla təhdid, təzyiq və şantaj dili ilə danışa bilməz. Bölgədə, xüsusilə də beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində təhlükəsizliyini təmin etmək, qanunsuzluğa, separatçılığa son qoymaq Azərbaycanın müstəsna hüququdur. Bu hüquq ona məhz BMT nizamnaməsi ilə verilir. Bu səbəbdən ermənilərin Xankəndi hava limanının fəaliyyətinə şərait yaradılması ilə bağlı "tələbləri" elə "tələb" olaraq da qalacaq.

Siyasət rubrikasından digər xəbərlər