“Azərbaycan öz müstəqilliyini bərpa etdiyi zaman İsrail ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Ötən dövr ərzində bu dövlətlə Azərbaycan arasında münasibətlər müsbət dinamika üzrə inkişaf edir. Qarabağ savaşında İsrailin Azərbaycanın haqlı davasına dəstək verdiyini nəzərə alsaq Milli Məclisin bu qərarını gecikmiş hesab etsək də, düzgün addım kimi dəyərləndiririk. Partiya sədri bildirib ki, eyni zamanda Azərbaycanın Fələstində Təmsilçilik Ofisinin açılması ilə bağlı qərarını da təqdir edirik”.
Bunu hafta.az-a ADP sədri Sərdar Cəlaloğlu regionda baş verən gərginliklər fonunda İsraildə Azərbaycan səfirliyinin açılması qərarı ilə bağlı bildirib.
Partiya sədri eyni zamanda bu gün İranda baş verən hadisələrə diqqət çəkib. O, İranda baş verən kütləvi xalq hərəkatı zamanı insanlara qarşı aşırı gücün tətbiq edilməsi, yüzlərlə aksiya iştirakçısının öldürülməsi, onlarla aksiya iştirakçısı barəsində ölüm hökmü qərarı çıxarılması faktlarını kəskin tənqid edib.
“Beynəlxalq ictimaiyyət İranda baş verən insanlıq dramına seyrçi qalmamalı, İran hökumətini dinc insanlara qarşı amansız rəftardan çəkindirməlidir”.
S.Cəlaloğlu eyni zamanda Azərbaycanın Qarabağ bölgəsində Rusiya “sülhməramlıları”nın nəzarət etdiyi ərazidə ötən həftə ərzində erməni separatçı qrupu tərəfindən Azərbaycan silahlı qüvvələrinə qarşı təxribatçı hərəkətlərin edilməsini, müdafiə xarakterli səngərlərin qazılmasına çalışmalarını, o cümlədən separatçıların məskunlaşdığı Azərbaycan ərazisində qondarma “referendum” keçirməyə hazırlaşmalarını önə çəkib. O, bildirib ki, baş verənlər bölgədə vəziyyətin gərginləşməsinə xidmət edir ki, bunun da arxasında Rusiyanın çirkli niyyəti dayanır.
“Azərbaycan dövləti ölkəmizin ərazi bütövlüyü və suverenliyinə təhlükə yaradan bu tipli addımlara qarşı adekvat cavab verməlidir. Lazım gələrsə, həmin ərazidə antiterror əməliyyatları keçirməlidir”.