Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi yol infrastrukturunda nizamlama vasitələrinin tətbiqi vəziyyətinin nəzarətdə saxlanılması, eləcə də nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində fəaliyyətini daha da gücləndirir.
Baş Dövlət Yol Polisi İdarəsindən hafta.az-a bildiriblər ki, İdarəyə bilavasitə tabe olan “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi və onun regional istismar sahələri yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərərək icraya verilmiş layihələrin həyata keçirilməsini mərhələli şəkildə davam etdirir.
Hazırda meteoroloji şərait nəzərə alınmaqla, respublikanın bir sıra regionlarında, o cümlədən Gəncə, Xaçmaz, Mingəçevir, Ağdam, Sumqayıt, Şəki, Göyçay, Cəlilabad və Kürdəmirdə istismar müddəti keçmiş, mənaları anlaşılmayan yol nişanlarının işıqqaytarıcı elementləri olan yeniləri ilə əvəz edilməsi, silinmiş nişanlanma xətlərinin, yol-cizgi işarələrinin bərpası, eləcə də işıqfor obyektlərinə texniki qulluq həyata keçirilir.