İyulun 1-dən əlilliyin təyinatı istiqamətində fundamental islahat hətaya keçiriləcək - Davud Rəhimli

17:09 10.06.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanda iyulun 1-dən əlilliyin təyinatı istiqamətində fundamental islahat hətaya keçiriləcək. Bu islahat imkan verəcək ki, əlillik təyinatlarında daha həssas, obyektiv və ünvanlı yanaşma tətbiq edilsin”.

Bunu hafta.az-a açıqlamasında ölkəmizdə əlillik təyinatı ilə bağlı tətbiqi planlaşdırılan yeni meyarlardan danışarkən Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli bildirib.

Onun sözlərinə görə, yeni meyarlar indiki meyarlardan bir sıra üstünlükləri ilə fərqlənir:

 “Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş və əlillik sahəsində mütərəqqi dünya təcrübəsinə uyğun fundamental dəyişikliyi nəzərdə tutan yeni “Əlilliyin müəyyən olunması meyarları” bu il iyulun 1-dən qüvvəyə minəcək.

Həmin vaxtdan sonra əlillik üçün müraciət edənlərin əlilliyinin qiymətləndirilməsi yeni meyarlar əsasında aparılacaq. Yəni, yeni meyarlarla əlilliyin qiymətləndirilməsi ənənəvi 3 dərəcə üzrə məhdud çərçivədə deyil, daha geniş spektrdə olmaqla, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında, həm də xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunacaq.

Belə ki, I dərəcə – orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi, II dərəcə – orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi, III dərəcə – orqanizmin funksiyalarının 31-60 faiz itirilməsi kimi müəyyən ediləcək. Həmçinin sağlamlıq imkanları məhdudluq da bu əsasda təyin olunacaq.

Bu standartlar Ümumdünya Səhiyyə Təşkilatının, Avropa ölkələrinin standartlarında olduğu kimi, orqanizmin funksiyalarının itirilməsi faizi əsasında, əsasən özünəqulluq, səmtlənmə, qidalanma, sərbəst hərəkət etmə və s. kimi həyat fəaliyyətinin əsas istiqamətlərinin məhdudlaşma dərəcəsi nəzərə alınmaqla aparılacaq. Bundan başqa, əsas yeniliklərdən biri də xəstəliklərlə bağlıdır. İndiki qaydalara əsasən, əlillik 168 xəstəlik üzrə müəyyən edilir, lakin yeni qaydalarda bu xəstəliklərin sayı 563-ə qədər artırılıb. Yəni artıq 168 yox, 563-ə yaxın xəstəlik üzrə əlillik faizi almaq mümkün olacaq.

Nəticə etibarilə yeni meyarlar əsasında əlillik müəyyən olunmasına əsas verən xəstəliklərin sayı 4,4 dəfə artırılıb. Yeni meyarların digər  bir üstünlüyü isə ondan ibarətdir ki, əlilliyə əsas verən bütün xəstəliklər nəzərə alınacaq. Məsələn, hazırda əlilliyə əsas verən birdən çox xəstəlik olduqda, onlardan yalnız biri üzrə əlillik təyinatı aparılır. İyulun 1-dən isə əlilliyə əsas verən iki və daha çox xəstəlik olduqda, həmin xəstəliklərdən ən ağır dərəcəli diaqnoz götürüləcək. Eyni zamanda, digər xəstəliklər üzrə də 10 faiz artırılmaqla yekun əlillik dərəcəsi təyin olunacaq. Tutaq ki, insanda ən ağır diqnoza görə orqanizmin funksiyalarının 55 faizinin itirilməsi müəyyən edilibsə və həmin şəxsə 3-cü qrup əlillik düşürsə, bununla paralel orqanizmdəki digər məhdudluqlar da nəzərə alınacaq. Və həmin 55 faizin üzərinə digər məhdudluqlar nəzərə alınmaqla 10 faiz əlavə olunacaq. Nəticədə həmin şəxsin orqanizmin funksiyaları itirmə faizi 65-ə yüksələcək.

Bu o deməkdir ki, şəxs artıq 3-cü deyil, ikinci qrup əlillik təyinatı əldə edəcək. Təbii ki, nəticədə həmin şəxsə təyin olunan müavinət də avtomatik olaraq artacaq. Hesab edirəm ki, ümumilikdə bu addım əlillik təyinatlarına daha həssas və obyektiv, ünvanlı yanaşmanı təmin edəcək, eyni zamanda, müvafiq kateqoriyadan olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarını artıracaq”.