Fransada 12 milyon şagirddən 298-i yeni tədris ilinin başlandığı sentyabrın 4-də məktəbə abaya ilə gəlib, bu şagirdlərdən 67-si onu soyunmaqdan imtina edib.
Hafta.az-ın yazdığına görə, daha əvvəl dəfələrlə gündəmə gələn “abaya məsələsi” avqustun 27-də təhsil naziri Qabriel Attalın məktəblərdə bu paltarın qadağan olunacağını açıqlamasından sonra milli mətbuatın manşetlərində yer alıb.
Müəllim həmkarlar ittifaqı hökumətin məktəblərdə kadr çatışmazlığı, müəllimlərin maaşlarının qeyri-adekvat olması, məktəbdə həmyaşıdların zorakılığı kimi problemləri bu məsələni gündəmə gətirməklə gizlətməyə çalışdığını iddia edir.
“La Liberation” qəzetinin məlumatına görə, Təhsil Nazirliyi sentyabrın 2-də Fransa mətbuatına mesaj göndərib. Mesajda bildirilib ki, arzu edən media qurumları tədris ilinin ilk günündə abaya problemi olan 8 məktəbdə çəkiliş apara bilər.
Snes-FSU müəllimlərin həmkarlar ittifaqının baş katibi Sofi Venetitay avqustun 28-də “France Inter” radiosunda qonağı olan çıxışında bildirib ki, tədris ilinin başlanmasının əsas məsələsi abaya deyil. O, “Abaya məsələsinin yeni tədris ilində məktəblərdəki bütün problemləri ört-basdır etməməlidir” deyərək, məktəblərdə müəllim çatışmazlığına və siniflərdə şagird sayının çoxluğuna diqqət çəkib.
Təhsil Nazirliyinin məlumatına görə, 2023-cü ildə açılan 23800 müəllim kvotasından 3163-ü boş qalıb.
Nant, Montreuil və Pierrefitte kimi şəhərlərdə bəzi məktəb işçiləri müəllimsiz sinif otaqları və ya çoxlu şagird səbəbiylə tətil etmək qərarına gəliblər.
Həmkarlar ittifaqları da müəllimlərin maaşlarının adekvat olmadığını bildirirlər.