Abituriyentlər imtahan suallarından narazıdır - Müzakirə

15:11 16.03.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Dövlət İmtahan Mərkəzinin martın 5-də və 12-də keçirdiyi buraxılış imtahanları abituriyentlər arasından kütləvi narazılığa səbəb olub. Abituriyentlərin əsas narazılığı imtahan suallarının qəliz olması ilə bağlıdır. Ehtimal olunur ki, buraxılışla yanaşı, builki qəbul imtahanları da asan olmayacaq. Bunun nə dərəcədə real olacağı hələlik bilinməsə də, həm abituriyentlər, həm də onların valideynləri indidən narahat olmağa başlayıblar.

Bəs, görəsən, indiyədək keçirilən buraxılış imtahanlarında suallar həqiqətənmi çətin olub? Bu hal qəbul imtahanlarının statistik nəticəsinə necə təsir göstərəcək?

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən təhsil eksperti Kamran Əsədov deyir ki, Dövlət İmtahan Mərkəzi (DİM) həmişə biliyin qiymətləndirmə prinsipini əsas götürüb:

"DİM qəbul və buraxılış imtahanlarındakı sualları orta məktəblərin tədris proqramına uyğun olaraq hazırlayır. Amma biz birmənalı şəkildə sualların kifayət qədər asan olduğunu deyə bilmərik. Rəqəmlərə baxsaq görərik ki, ali məktəblərə qəbul olmaq istəyən abituriyentlərin nəticələri kifayət qədər aşağı olub. Hətta orta və yaxşı hazırlıqlı abituriyentlər belə bütün sualları cavablandırmaqda əziyyət çəkiblər. Xüsusilə Riyaziyyat fənnində və Azərbaycan dilində mətn tipli suallar çətinlik yaradıb. Bu, onu göstərir ki, imtahanda istifadə edilən sualların ağırlıq səviyyəsi kifayət qədər yüksək olub. Biz başa düşməliyik ki, 5 və 12 mart tarixlərində imtahanda iştirak edən şagirdlər pandemiya dövründə buraxılış imtahanı vermiş şəxslərdir. Onların imtahan sualları kifayət qədər çətin olmalı deyildi. Bu baxımdan şagirdlər haqlı olaraq etiraz səslərini qaldırıblar. Hətta martın 12-də DİM tərəfindən keçirilən buraxılış imtahanları ilə martın 5-də keçirilən imtahanların sualları arasında böyük fərq müşahidə olunub. Demək olar ki, suallar çox çətin idi. Yadımda qalan sualları təhlil edəndə görürük ki, 2 saat ərzində bu tipli suallara cavab vermək mümkün deyil. Xüsusilə Azərbaycan dili fənnindən təqdim edilən mətn tipli və riyaziyyatdan verilən açıq, situasiya tipli sullar şagirdləri daha çox vaxt itkisinə gətirib çıxarır. Buna görə də şagirdlər haqlı etirazlarını bildirməyə başlayıblar. Keçirilən imtahanlar şagirdlərin gələcəkdə ali məktəbə qəbul olunması ilə bağlı böyük əhəmiyyət kəsb edir. Burada toplanan ballar blok imtahanında toplanan balların üzərinə gələcək. Bu da ciddi faktordur. Əslində, DİM şagirdlərin pandemiyadan çıxdığını nəzərə almalı idi. Çünki şagirdlərin hamısı eyni bilik və bacarıqlara malik deyil. Şagirdlərin və valideynlərin digər haqlı etirazları ondan ibarətdir ki, DİM orta məktəbi bitirən bütün şagirdlərin hər birini eyni səviyyədə imtahan edir. Biz bilirik ki, bu gün şagirdlər orta məktəblərdə bilik əldə etmirlər. Onlar ali məktəblərə girmək üçün əlavə müəllim və hazırlıq kurslarına gedirlər. Bu gün əldə olunan nəticələr həmin əlavə təhsilin hesabına baş verir. Biz 1, 2, 3, 4-cü qrup abituriyentindən Azərbaycan - dili və xarici dilləri soruşuruq. Amma 3-cü qrupla 1-ci qrupun abituriyentindən eyni səviyyədə Azərbaycan - dilini soruşa bilməzsiniz. 4-cü qrupa getmək istəyənlər abituriyentdən ciddi şəkildə ingilis - dilini, Azərbaycan - dili, riyaziyyat soruşuruq. Bu düzgün deyil”.

Ekspertin fikrincə, yaranmış vəziyyətlə bağlı şagirdlərə güzəşt olunmalıdır: “Hesab edirəm ki, şagirdlərə müəyyən qədər güzəştlər etməliyik. Doğrudur, ali məktəblərə qəbul plan yerləri ciddi şəkildə artıb və hətta gözləyirik ki, bu il müsabiqə şərtləri aşağı da düşə bilər. Çünki 60 minə yaxın plan yerinin doldurulması bu imtahan qaydaları ilə mümkün deyil və biz ümumiyyətlə, mövcud vəziyyəti nəzərə alaraq şagirdlərə güzəştə getməliyik".

K.Əsədov bununla yanaşı qeyd edir ki, buraxılış imtahanları ilə müqayisədə blok imtahanlarının çətin olmayacağını proqnozlaşdırırlar: "Təbii ki, qəbul imtahanlarının bu qədər çətin olacağını düşünmürəm. Ona görə ki, qəbul imtahanları ilə bağlı vəziyyət tamamilə fərqlidir. Çünki bu il ali təhsil müəssisələrinin qəbul yeri 50 mindən 60 minə qədər artırılacaq. Nəzərə alaq ki, keçən il plan yeri 50 min ətrafında idi və yanlız 46 min yer dolmuşdu. Ümumiyyətlə, keçid balını toplayan, müsabiqə şərtini ödəyənlərin sayı kifayət qədər az idi. Yəni bu amillərin hər biri imtahanlarda asan və orta tipli sualların çox olmasını qaçılmaz edir. Plan yerləri artırılıb və ali təhsil müəssisələri maliyyə imkanlarını, özlərinin fəaliyyətini qəbul proqramının üzərində müəyyənləşdirib. Hesab edirəm ki, biz ali təhsil müəssisələrinin qəbul plan yerindən danışanda mütləq şəkildə bəzi nüansları nəzərə almalıyıq. Qəbul imtahanları nə qədər çətin olarsa, plan yerləri boş qalacaq. Mən hesab edirəm ki, burada ikinci vacib məqam növbəti imtahanların ağırlıq səviyyəsini aşağı salmaqla bağlıdır. Mən düşünmürəm ki, imtahanlar növbəti mərhələdə çətin olacaq. Fikrimcə, sadə sualların faizinin çoxalması ehtimalı yüksəkdir".

Məsələyə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi isə vurğulayır ki, imtahan suallarının çətin olması nəticələrə təsir göstərəcək: "Ümumiyyətlə, imtahanın çətinliyi əsasən Riyaziyyat fənnində, eyni zamanda Azərbaycan dilindən mətn tipli sualların həcminin böyük olması ilə bağlı idi. Məhz bu sualların bir qədər çətin olması abituriyentlər və onların valideynləri tərəfindən bildirildi. Biz də ümumi araşdırma apardıq və nəticə etibarilə onların haqlı olduğunun gördük. Düşünürəm ki, mətn elə seçilməlidir ki, abituriyentin vaxtına daha çox müdaxilə etməsin. Abituriyent normal şəkildə vaxtdan istifadə edə bilsin. Mətnlərin həcmi kiçik olmalı idi ki, abituriyentlər 3 saatlıq imtahan müddətində çox vaxt itirməsin. Riyaziyyat suallarında da, sualın cavabının yazılması çox çətin mərhələdən ibarət olmamalı idi. Buraxılış imtahanı strateji imtahandır. Buraxılış imtahanında əldə olunan nəticə əsasında abituriyentlər ali təhsil müəssisələrinin 1, 2 ,3 və 4-cü qrupu üzrə 300 bal toplayırlar. Eyni zamanda bu imtahan nəticəsi əsasında  5-ci ixtisas qrupu üzrə müvafiq olaraq qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edə bilirlər. Bundan əlavə, abituriyentlər 11 illik təhsil bazasından kolleclərə məhz bu imtahan əsasında qəbul olunurlar. Düşünürəm ki, qarşıdakı imtahanlar da eyni səviyyədə keçirilsə, maksimal nəticəni 1, yaxud 2 nəfərin toplamaq ehtimalı olacaq".

E.Əfəndi də buraxılış imtahanından fərqli olaraq, blok imtahanlarının o qədər də çətin olmayacağını qənaətindədir: "Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi buraxılış imtahanları tam başa çatdıqdan sonra statistik olaraq təhlil aparılacaq və onun əsasında imtahan suallarına baxılacaq. Blok imtahanına salınan sualların daha çətin olacağını düşünmürəm. Sadəcə blok imtahanında problem ondan ibarətdir ki, 4 səhv 1 doğru cavabı aparır. Məhz bu nüans abituriyentlərin blok imtahanında daha aşağı nəticə əldə etmələrinə səbəb olur. Dövlət İmtahan Mərkəzi bunu nəzərə alıb, blok imtahanında sualları abituriyentlərin bilik səviyyəsinə uyğun tərtib etməlidir".