ABŞ-İran gərginliyi bölgəmizə də təsir edir - Arzu Nağıyev

15:17 24.04.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Dünyanın ipi”ni əlində tutub, istədiyi zaman onu özünə tərəf çəkməyə çalışan güclərin ayrı-ayrı regionlarda, eləcə də Cənubi Qafqazda qurduğu “oyunlar” birmənalıdır. Dünyanın iqtisadi, hərbi, texnoloji cəhətdən güclü dövlələri ilə yaradılan əməkdaşlıqlar Azərbaycanın geosiyasi sistemdəki yeri və rolunun artdığını diqtə edir. Bölgəni öz “maşaları” ilə qarışdırıb bütün prosesi  nəzarətlərində saxlamağa çalşan Qərb, Avropa dairələrinin məlum səylərinə baxmayaraq, ölkəmizin artan iqtisadi, hərbi gücü həmin dövlətləri də bunu hesaba almağa vadar edir. Bu mənada, Prezident İlham Əliyevin aprelin 22-də Çinə olan rəsmi səfəri xüsusilə diqqət çəkir. Bu səfər və iki ölkə arasında daha da yenilənən əməkdaşlıq bölgəyə və dünyaya nələri vəd edir və  Cənubi Qafqazda cərəyan edən proseslər hansı vəziyyətdədir? Bu və digər məsələlərlə bağlı “Həftə içi”nə Milli Məclisin deputatı, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Arzu Nağıyev danışıb.

- Prezidentin Çinə səfəri iki ölkə arasında münasibətlərin hansı müstəvidə inkişafından xəbər verir? Bölgəyə və ikitərəfli münasibətlərə bu səfər nəyi vəd edir?

- Prezident İlham Əliyevin Çinə səfəri Azərbaycan–Çin münasibətlərində yeni bir strateji mərhələyə qədəm qoydu. Azərbaycanın "Bir kəmər, bir yol" layihəsindəki fəal iştirakı, eyni zamanda, Orta Dəhlizlə bağlı təşəbbüsünün Pekin tərəfindən yüksək qiymətləndirilməsi buna bariz nümunədir.

Çin və Azərbaycanın “Bir kəmər, bir yol”, Orta dəhliz layihələrindəki maraqları strateji tərəfdaşlığı iqtisadi-ticari imkanlar və qarşılıqlı investisiyalar üzərində cəmləyir. Çin, Mərkəzi Asiya və Azərbaycan indi Orta dəhlizin “Bir kəmər, bir yol” layihəsində rolunu artırmaq üçün daha yaxından işləyirlər. Bu, Çinin Azərbaycanın strateji layihəsi olan Zəngəzur dəhlizinə böyük rakursdan baxmasına təkan verir. Çin və Azərbaycan sabit və təhlükəsiz şəraitdə uğurlu və davamlı inkişafı təmin edən dövlətlərdir. Azərbaycan dünyanın əsas güclərindən birinə çevrilən Çinlə geniş sahələri əks etdirən xarici siyasət doktrinasına üstünlük verir.

Azərbaycanla Çin arasında 2024-cü il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində imzalanan “Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” genişlənən əməkdaşlıqda xüsusi diqqət çəkdi. Həmin Bəyannamə Azərbaycan Prezidenti İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpinin görüşü nəticəsində qəbul olunub. Deməli, Prezidentin bu səfəri tək iqtisadi deyil, həm də geosiyasi xarakter daşıyır. Heç şübhəsiz, Azərbaycanın nəqliyyat infrastrukturunun Şərqdən Qərbə gedən yol üzərində yerləşməsi Çin və Orta Asiya ölkələri ilə əməkdaşlığı gücləndirməyi diqtə edir. Bu əməkdaşlıq regional sabitliyə və sülhə töhfə verəcək. Belə ki, iqtisadi-ticari imkanlar, dəhlizlər üzərindən qurulmuş əlaqələr iki ölkənin müdafiə sahəsindəki əməkdaşlığını da şərtləndirir. Bu əməkdaşlıq hər iki ölkənin geosiyasi potensialını gücləndirərək, regional təhlükəsizliyin təmin olunmasına töhfə verəcək.

Bu əlaqələr Çinin Avrasiyaya çıxışında mühüm rol oynayır. Bu da regionda əlaqələrin dərinləşməsini istəməyən qüvvələr üçün çiddi bir mesajdır. Azərbaycan öz dönməz daxili, xarici siyasətini özü seçir və bu istiqamətdə də öz addımlarını atır. Əsas məqam suverenlik, ərazi bütövlüyü, Azərbaycan xalqının rifahıdır. Bu, cənab Prezidentin əsas xəttidir.

- Çin–Azərbaycan münasibətləri Orta Dəhlizin hansı perspektivlərindən xəbər verir?

- Qeyd etdiyim kimi, Orta Dəhliz, sadəcə, bir nəqliyat marşrutu deyil. Bu, Çin ilə Avropanı birləşdirəcək xətdir, ciddi, mühüm əhəmiyyətə malik platformadır. Mərkəzi Asiya ölkələri və Azərbaycan bu layihə vasitəsilə öz maraqlarını böyük bir arealda qlobal bazara çıxara bilər. Burada Azərbaycanın tranzit ölkə kimi çıxış etməsi onun geosiyasi çəkisini artırır və operatorluq funksiyasını üzərinə götürməklə logistik, infrastruktur sahələrində özünün əməkdaşlığını daha da genişləndirir.

- ABŞ İranı mümkün müharibə ilə hədələyir. Bu, baş verərsə, bölgəmizdə hansı arzuolunmayan proseslər yarana bilər?

- ABŞ–İran münasibətləri gərgindir. Bu münasibətlər təkcə iki dövlətin maraqları üçün deyil, həm də beynəlxalq təhlükəsizlik sisteminin gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır. Sirr deyil ki, ABŞ–İran münasibətlərindəki gərginliyin müəyyən tarixi var. Biz çox da uzağa getmədən ABŞ-nin İrana qarşı tətbiq etdiyi son sanksiyalar paketinə diqqət çəkə bilərik.

Məlum olduğu kimi, ABŞ İranın nüvə proqramının qarşısını almağa çalışır. Nüvə və ya raket proqramlarında istifadəsi ehtimal olunan polad boru növləri, folqalar və sair sanksiya siyahısındadır. ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışır, İran isə öz suveren hüquqlarını müdafiə etdiyini bildirir. Bu ziddiyyətli mövqelər fonunda baş tutan danışıqlar həm ikitərəfli münasibətlər, həm də bütövlükdə, Yaxın Şərq regionunun sabitliyi baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Məhz bu baxımdan, İran–Amerika danışıqları təkcə iki ölkə arasında deyil, həm də regional və qlobal təhlükəsizlik üçün vacibdir.

ABŞ Prezidenti Donald Trampın da əsas tələbi məhz bu idi. İkinci mühüm tələb isə İranın Yaxın Şərqdə dəstəklədiyi silahlı və ya radikal qruplara dəstəyin dayandırılmasıdır. ABŞ və İran arasında aparılan danışıqlar, hər iki tərəfin qəbul edə biləcəyi formatda yekunlaşarsa, bu, Yaxın Şərqdəki siyasi proseslərə də müsbət təsir göstərə bilər, İranın İsrailə qarşı təhdidləri ilə bağlı narahatlıqları azalda bilər. Bundan əlavə, ABŞ-nin təsiri altına düşən İran bölgədəki digər dövlətlər üçün də təhdid mənbəyi olmaya bilər. ABŞ–İran danışıqlarının müsbət yekunlaşması bütövlükdə regionda gərginliyin azalmasına və sabitliyin artmasına gətirəcək mühüm  hadisə ola bilər.

ABŞ–İran münasibətlərindəki gərginlik Cənubi Qafqaz regionuna da təsirsiz ötüşmür. İrana qoyulan sanksiyalar bu və ya digər şəkildə regionda iqtisadi disbalans yaradır. İranın Azərbaycan ətrafındakı sərhədyanı aktivliyi ciddi narahatlıq doğurur. Enerji marşrutlarının təhlükəsizliyi, beynəlxalq yük daşımaları təhdid altında qalır. Ona görə də Azərbaycan olaraq bu məsələlərə ciddi yanaşır və müdafiə imkanlarımızı daha da genişləndiririk.

- Şimal–Cənub dəhlizinin açılması istiqamətinə gedən proseslər və böyük güclərin münasibətləri kontestində bu istiqamətdə yaranan şəraiti necə dəyərləndirirsiniz?

- Şimal–Cənub nəqliyyat dəhlizi regionda Azərbaycan, İran, Rusiya kimi ölkələri birləşdirən çox ciddi layihədir. Burada da xarici və geosiyasi maraqlar səbəbindən risklər mövcuddur. Xüsusilə Qərb dairələri bu layihənin tam gerçəkləşməsini özlərinə bir təhdid kimi görür və ciddi cəhdlə çalışırlar ki, bu prosesdə daha zərbəli addımlar atsınlar. Beləliklə, qonşu ölkələrdə - Ermənistanda və digər bölgələrdə stabil vəziyyətin olmaması bu təhlükəsizliyin təmin olunmasına mənfi təsir göstərir.

- İran Prezidenti Pezeşkianın Azərbaycana gözlənilən səfəri ikitərəfli münasibətlərdə fikir ayrılıqlarını aradan qaldıra biləcəkmi?

- İranla Azərbaycan arasında son zamanlar baş qaldıran gərginliklər bu və ya digər şəkildə ikitərəfli münasibətlərdə özünü büruzə verməkdədir. Hər iki dövlət qarşılıqlı hörmət əsasında fikir ayrılıqlarının aradan qaldırılması üçün bir-birinə bir addım yaxınlaşa bilər. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Tehranda səfirliyimizə qarşı atılan addımların qarşısının alınması və cinayətkarın öz cəzasını alması münasibətlərin tənzimlənməsi fonunda çox önəmlidir. Hər iki dövlət bir-birinə qarşı etimad yaradan addımlar atmaq üçün diplomatik səylərini ifadə etməlidir. İkitərəfli münasibətləri normallaşdırmaq üçün real dialoq, qarşlıqlı maraqlara əsaslanan, emosiyalardan, ritorikalardan kənar addımlar atmalıyıq.

- Ermənistan baş naziri artıq konstitusiyada dəyişikliyin zərurətini vurğulayr və “Mənim fikrimcə, burada müstəqillik bəyannaməsinə istinad olunmamalıdır, amma bunu erməni xalqı qərar verəcək”, – deyir. Paşinyan bununla hansı mesajı verir və yaxud nəyə yönəlik çıxışlardır?

- Məlumdur ki, Nikol Paşinyan bu bəyanatı ilə Ermənistanın konstitusiyasında yer alan müstəqillik deklorasiyasını Qarabağa iddia kimi qiymətləndirir. Ola bilər ki, Paşinyan bunun gələcəkdə Ermənistan-Azərbaycan münasibətlərində əks olunmasını istəmir və real addımların atılması ilə aradan qaldırılmasının sülh prosesinə töhfə verə biləcəyini düşünsün. Ermənistan hakimiyyətinin bu prosesi 2027-ci ildə keçirmək istədikləri referendum yolu ilə müəyyən edəcəyi çox ciddi məsələdir. Ermənistanda 2026-cı ildə seçki keçiriləcək və Nikol Paşinyanın qalib gəlib-gəlməyəcəyi sualı gündəmdə var. Ona görə də Ermənistan cəmiyyəti bu prosesə indiki rakusdan yanaşmalı və başa düşməlidir ki, gələcəyi ilə bağlı çox şeylər konstitusiyanın dəyişməsindən asılıdır.

- Referendum nə vaxt keçirilə bilər və mümkün konstitusiya dəyişikliyi realdırmı?

- Referendum bu il də keçirilə bilər. Paşinyan hələ ki, hakimiyyədədir və müxtəlif müxalif qüvvələr ilə müqayisədə onun komandası xeyli irəlidədir. Referendum indi keçirilsə, bu problemi çözə bilərlər. Ermənistana təklif olunan dəyişikliklərin reallaşması üçün beynəlxalq legitimlik də şərtdir. Digər tərəfdən, Ermənistanın daxilində məsələyə qarşı çıxan ciddi qüvvələr də az deyil. Ermənistan hakimiyyəti bu səbəbdən çox ciddi problemlərlə qarşılaşa bilər. Bunun baş verməməsi üçün Ermənistan vətəndaşı sülhə ciddi hazırlaşdırılmalıdır.

- Ermənistan tərəfi iddia edir ki, Türkiyənin Azərbaycan–Ermənistan sülh danışıqlarında müsbət rolu ola bilər. Buna görə də birinci Türkiyə-Ermənistan münasibətləri normallaşmalıdır. Azərbaycan isə bu münasibətlərin Azərbaycanla problemlərin həllindən sonra formalaşmasını istəyir. Bu cür yanaşmalar nəyə yönəlikdir?

- Ermənistan başa düşür ki, iki əsas yol var - sərhədləri açmaq və NATO-nun ən güclü dövlətlərindən olan Türkiyə ilə sülh prosesini yenidən bərpa etmək. Rusiya-Ermənistan sərhədi Türkiyə-Ermənistan sərhədidir və bu sərhəd açıq olmalıdır. Sərhədlər açılarsa, ermənilər birmənalı şəkildə bundan müsbət yöndə istifadə edə bilərlər.  Ermənistan bunun üçün Azərbaycana münasibətdə müsbət yöndə addımlar atmalıdır. Azərbaycanın mövqeyi göz qabağındadır. Ermənistan Azərbaycanla sülh müqaviləsinə getməlidir və bu prosesdə Türkiyə ilə Azərbaycanın marağı üst-üstə düşür. Ermənistan çalışmalıdır ki, üzərinə düşən bu məsuliyyətdən qaçmasın. Fransa və Ermənistanın digər havadarları olan dövlətlər buna zərbə vurur. Məqsəd Ermənistandan istifadə etməklə Türkiyəyə, türk birliyinə qarşı təhdidləri artırmaqdır.