ABŞ və Danimarka Qrenlandiya məsələsində fərqli mövqelər sərgiləyir

08:23 16.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qrenlandiya ilə bağlı məsələlərin müzakirəsi üçün işçi qrupunun yaradılması barədə razılığa gələn ABŞ və Danimarka hakimiyyətlərinin açıqlamaları ciddi şəkildə fərqlənir.

Hafta.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Karolin Livittin sözlərinə görə, işçi qrupunda Qrenlandiyanın ABŞ-ın nəzarətinə keçməsi ehtimalı da müzakirə ediləcək. O vurğulayıb ki, Prezident Donald Tramp bunu milli təhlükəsizlik baxımından prioritet məsələ hesab edir.

Danimarkada bu cür bəyanatlar kəskin reaksiya doğurub. Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen qeyd edib ki, razılaşma Qrenlandiyanın ABŞ-a verilməsi ilə deyil, Danimarka Krallığının “qırmızı xətlərinə” hörmət olunmaqla təhlükəsizlik məsələləri üzrə ortaq yanaşmanın tapılmasına aiddir. O xəbərdarlıq edib ki, məqsədlər üst-üstə düşməsə, danışıqlar tez bir zamanda dayandırıla bilər.

Danimarkanın Baş naziri Mette Frederiksen “Facebook” paylaşımında bildirib ki, işçi qrupu Arktikada təhlükəsizliyin gücləndirilməsi yollarını müzakirə etmək üçün yaradılıb:

“Lakin bu, fundamental fikir ayrılığının mövcud olduğu faktını dəyişmir, çünki ABŞ-ın Qrenlandiyanı nəzarətə götürmək ambisiyası qüvvədə qalır. Bu, açıq-aşkar ciddi məsələdir və buna görə də belə bir ssenarinin reallaşmasının qarşısını almaq üçün işimizi davam etdirəcəyik”.

Ağ Evin mətbuat katibi Karolin Livittin bu açıqlamaları Qrenlandiyanın gündəlikdə yer almadığı mətbuat konfransı zamanı verib, lakin jurnalistlərdən biri mövzu ilə bağlı sual ünvanlayıb.