Mayın 10-da Ağdamda Muğam Mərkəzinin açılış mərasimi keçirildi. “Qarabağ şikəstəsi” 30 illik nisgilin buzunu əritdi, yurd həsrəti qürur göz yaşlarına qarışdı. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ilində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutan Ağdam səfərində Azərbaycan insanı böyük tarixi anlar yaşadı. Müsahibimiz Milli Məclisin deputatı, yazıçı Aqil Abbasdır.
- Aqil müəllim, Prezident İlham Əliyevin mayın 10-da Ağdama səfərini necə dəyərləndirirsiniz? Budəfəki səfər əvvəlkilərdən nə ilə fərqlənirdi?
- Mən Ağdama, əsasən, Ağcabədi–Ağdam yolu ilə gedirdim. Bu dəfə Prezident başda olmaqla, hamı Bərdə–Ağdam yolu ilə hərəkət etdi. Çox gözəl yollar çəkilib. Oradan qatar yolu da keçir. Ağdamda Muğam Mərkəzinin istifadəyə verilməsi mərasiminə qatıldıq. Prezident mərkəzin açılışında iştirak etdi. Bütün qarabağlılar üçün bu, tarixi bir gündür. Ulu Öndərin anadan olmasının 102-ci ilində Prezident İlham Əliyevin Ağdama səfəri, Muğam Mərkəzinin açılışında iştirakı qarabağlılara olan sevginin, hörmətin bir təzahürüdür.
Təbii ki, işğaldanəvvəlki Ağdamla, bugünkü Ağdamı müqayisə edəndə çox yenilikləri görə bilərik. Ağdamda əvvəllər Muğam Mərkəzi yox, Muğam Məktəbi olub. Bu məktəb 200 illik tarixi olan bunada yerləşirdi. Ermənilər işğal zamanı o binanı da tamamilə dağıdıblar. 2018-ci ildə Quzanlıda Muğam Mərkəzi tikilmişdi, onun da təməlini Prezident qoymuşdu və açılışını da özü etmişdi. Bu dəfə Muğam Mərkəzi Ağdamın mərkəzində açıldı. Mərkəz çox gözəldir, baxdıqca qürurlanır insan.
- Ağdam Muğam Mərkəzi Azərbaycanda hansı reallığın əsası kimi qəbul oluna bilər?
- Bu o deməkdir ki, bir zamanlar ölmək üzrə olan mədəniyyətimizin özülü, kökü olan muğam artıq dirilib. Azərbaycanda muğam ifaçılarının yaradıcı irsi dünya miqyasında qorunur və təbliğ olunur. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın himayəçiliyi ilə muğam sənətinin qorunması və inkişafı üzrə müvafiq tədbirlər həyata keçirilib. Beynəlxalq Muğam Mərkəzi yaradılıb, Beynəlxalq Muğam Festivalı keçirilməyə başlanıb, gənc muğam ifaçılarının festivalları təşkil olunur, “Muğam aləmi” jurnalı dərc olunur… Təbii ki, Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü işlərin böyük əhəmiyyəti var. Mən bir dəfə Füzulidə Mehriban xanıma yaxınlaşdım və bütün bunlara görə ona təşəkkürümü bildirdim. Həmişə qorxduğum bir şey var idi: əgər ev, küçə dağılıbsa, ağaclar qırılıbsa, onları yenidən tikmək, bərpa etmək, ağacları yenidən becərmək olar, amma millətin mədəniyyət zənciri qopursa, onu 50 ilə qaytarıb bərpa etmək mümkün olmur. Mehriban xanım o zəncirin qırılmasına imkan vermədi…
- Erməni vandallarının cinayətləri üzündən yer üzündən silinmiş Ağdam dörd ildən sonra hansı böyük dəyisiklikləri yaşayır? Bu dəfə Ağdamda nələri müşahidə etdiniz?
- Ağdama dəfələrlə getmişəm. Ayda, təxminən, 3-4 dəfə rayonda oluram. Şəhərdə böyük tikinti-abadlıq işləri aparılır. Elə yollar çəkilir ki, Ağdamda 200 il tıxac olmayacaq. İnfrastruktur qurulur, evlər inşa olunur. Bir yaşayış massivi hazırdır, indi ikinci, üçüncü yaşayış massivləri salınır. Cənab Prezident dəmiryolu vağzalının da açılışını edib. Kəngərli kəndinə sakinlər köçürüldü. İndi Xıdırlıya sakinlərin geri qayıdışını təmin etməyə hazırlaşırlar. Şəhərə də ilin axırında yəqin ki, müəyyən qədər adam köçürə biləcəklər. Tam rəqəmi deyə bilmərəm, ancaq bu baş tutacaq. Sıfırdan böyük, möhtəşəm şəhər tikilir. İki otel və bir konqres zalı var. Üçüncü otel də tikilir.
Mən Ağdam işğaldan azad olunandan sonra ora ən birinci gedənlərdən olmuşam. Ağdam yerlə-yeksan edilmişdi. O zaman Ağdamdan bəlkə də 300 min maşın zibil daşınmalı idi ki, yenidən işə başlamaq mümkün olsun. Xarabaya çevrilmiş Ağdamın qalıqlarını təmizləyəndən sonra yeni bir Ağdam salınmağa başlandı. Prezident bərpa planında 100 min nəfərlik Ağdam qurmağı nəzərdə tutub. Aparılan işlər onu göstərir ki, Ağdama 150 min adam yığılacaq. Ağdam Qarabağın mərkəzidir. Prezidentin investisya qoymaq istəyən şirkətləri Kəlbəcərə, Laçına və digər azad olunmuş ərazilərimizə dəvət etməsi də təsadüfi deyil. Bu, dövlətin bərpa prosesindəki yükünü bir qədər azalda bilər. Plana görə, Ağdamın tam bərpası, yenidən qurulması 2040-cı ilə qədər bitməlidir. İşlər bu templə getsə, 2035-ci ilə qədər tamamlanacaq. İnanıram ki, Ağdam gələcəkdə Azərbaycanın paytaxtı olacaq. Mən bir dəfə demişdim, indi də deyirəm ki, Qarabağın dağılmış ərazilərində indi İlham Əliyevin şəhərləri tikilir. Vaxtilə Ağdamı tikən, abadlaşdıran Pənahəli xan olmuşdu, onu 30 ildə ermənilər dağıtdı. Bu gün isə İlham Əliyev onu yenidən tikir. İlham Əliyev Qarabağı 200 illik əsarətdən qurtardı.
- Bundan sonra işğaldan azad olunan ərazilərimizə, elə Ağdama qayıdışı, ağdamlı günlərinizi necə təsəvvür edirsiniz?
- Düşünürəm, Qarabağa, Ağdama böyük qayıdış təkcə könüllülük prinsipi ilə olmalı deyil. Bir az da məcburiyyət olmalıdır. Məsələn, deyilməlidir ki, Aqil Abbas, deputatsan, get qal Ağdamda işlə. Bundan başqa mən özüm xanımımla razılaşmışıq ki, Ağdamda ev verilən kimi köçüb oraya gedəcəyik. Onsuz da deputatlıq 100 illik deyil ki… Bu da hər kəs üçün “Mən getdim, siz də gəlin” mesajı olacaq. Ağdam elə tikilir ki, 100 il bundan sonra da orada tıxac olmayacaq. O torpaqda nəfəs genişliyi var - havası gözəl, torpağı bərəkətli.
Mən öz ad günlərimi, digər əlamətdar günlərimi Ağdamda qeyd edirəm. Hamı Ağdama qayıdacaq. Doğma torpaq ayrıdır. Amma bu dəfə Ağdamda təkcə ağdamlılar olmayacaq. Əvvəl Ağdamın şəhər əhalisi 60 min idisə, indi 80 min olub. Bundan başqa, ümumi əhali 157 min idisə, indi 200 min olacaq.
- Uzun illərdən sonra Ağdamda Qarabağ şikəstəsi səsləndi. Prezident başda olmaqla çox duyğulu anlar yaşandı... O mənzərəni necə təsvir edərdiniz?
- Ağdamda kiçik xanəndələri dinləyəndə yadıma Murad Rzayevin yaratdığı “Qarabağ bülbülləri" ansamblı düşdü. Gözəl də oxudular. Deməli, hələ "Qarabağ bülbülləri" yaşayır. Ağdamda muğam ölməyib, yaşayır, yaşadılacaq da.
Sovet dövründə Bakıdan Ağdama birbaşa qatar yolu çəkilmişdi, balaca vağzalı vardi. Ondan sonra həmin qatar yolu Xankəndiyə çəkildi. Vağzal düz Xan bağının yanında idi. İndi möhtərəm Prezident dedi ki, il yarıma oraya dəmir yolu da çəkiləcək. Adam görülən işlərə baxanda qürur duyur. Prezident Ağdamda çıxışı zamanı dedi ki, infrastruktur, nəqliyyat baxımından əsas məsələ Şuşa ilə Xankəndi arasında məsafəni daha da qısaltmaqdır. Yəni yeni qurulan yolla Şuşadan Xankəndiyə 10 dəqiqəyə düşəcəklər, yaxud Şuşaya da 10 dəqiqəyə qalxacaqlar. Əvvəl “7 dolama” deyilən yol indi həm genişləndirilir, həm də məsafələr qısaldılır. Şuşadan Ağdama, təxminən, 12 kilometrdir, indi 7 kilometrə düşəcək. Bununla yanaşı, Şuşadan Xənkəndiyə kanat çəkiləcək. Kəlbəcərə, Laçına da kanatlar çəkiləcək. Yəni böyük işlər gedir.
- Bu səfər zamanı da Prezidentlə şəxsən görüşübsüz. Bu görüşü necə dəyərləndirirsiniz?
- Prezidentimiz son illər ad günlərini Qarabağda əhalinin arasında qeyd edir. Bu dəfə də atasının doğum günündə xalqla bir yerdə oldu.
Açılış mərasimində 300-ə yaxın ağdamlı, incəsənət xadimləri, bəstəkarlar, şairlər iştirak edirdi. Ağdamda möhtəşəm bir konsert keçirildi. Möhtərəm Prezident ünsiyyətcil adamdır. Elə şərait yaratdı ki, hər kəs ürəyindən keçəni deyə bilsin. Hamı bir dost kimi açıq danışa bildi. O uşaqlar "Qarabağ şikəstəsi"ni oxuyanda kövrəldi.
Cənab Prezident həmişə məni diqqətdə saxlayır. O, Şuşada da mənimlə görüşdü. Getdiyi yerdə məni görüb dayandı, hal-əhval tutdu və “Ağdamda nə var nə yox, ora gedirsənsə, birlikdə gedərik", – dedi. Ağdamda görüşəndə də dedim ki, cənab Prezident, yenə bu şəhərdə görüşdük. Siz bütün Qarabağı yenidən tikirsiniz, bütün bu şəhərlər İlham Əliyevin şəhərləridir.
Mən Ağdamda Prezidentlə görüşəndə dedim ki, bu gün ona görə tarixi gündür ki, 10 may sizin atanızın doğum günüdür. Siz onu camaatla birgə Şuşada, Ağdamda keçirirsiniz. Atanıza ən böyük hədiyyə Ağdamda Muğam Mərkəzinin açılmasıdır.
- Torpaqlarımızın işğalında iştirak edən, Ağdamı dağıdanların bir qismi bu gün Bakıda məhkəmə qarşısında cavab verir...
- Bakı məhkəməsi erməni işğalçılarına və onun havadarlarına lazım olan dərsi verəcək. Ermənistan və havadarları işğal siyasəti yürütmənin cəzasız qalmayacağını anlayacaq. Bir daha bəyan ediləcək ki, Ermənistan və onun quldur silahlı dəstələri, başqa torpaqlarda terror, diversiya hərəkətləri edib, cinayətlər törədiblər. Azərbaycanın hansı gücə sahib olduğunu məhkəmə gedə-gedə bir daha öz üzərilərində hiss edəcəklər. Dünya ictimaiyyəti bu reallığı dərk etməli, ermənilərin kim olduğunu anlamalıdır.
Amma ermənilər pis oxuyan şagirddirlər. Onlara nə qədər dəsr versən də, elə “2” alacaqlar. Ağılları, şüurları, faşist ideologiyaları dəyişmir. Ermənistan anlamalıdır ki, bir çıxış yolu var - Zəngəzur dəhlizinin açılması! Paşinyan 29 min kvadrat-kilometrlik ərazi xəritəsini kəsib saxlayır və xalqına göstətərir ki, özünüzü yaxşı aparmasanız bu dövlət də dağılacaq. Paşinyan bunu başa düşür. Sarkisyan, Köçəryan, Fransa bacıları bunu başa düşmək istəmirlər.