Artıq Qərbi Azərbaycana yolumuz başladı - Yasəmən Qaraqoyunlu

17:13 05.01.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Qərbi Azərbaycan” , Azərbaycanın İrəvan bölgəsində 29,8 min kvadrat kilometrlik bir coğrafiyadır. O coğrafiyanın tarixi yerli sakinləri köçə, soyqırımlara məruz qoyulublar. Bu gün o coğrafiyada bir nəfər də olsa türk yoxdur və Azərbaycan adını xatırladan heç nə qalmayıb”.

Bunu hafta.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi işçisi, tədqiqatçı alim Yasəmən Qaraqoyunlu Qərbi Azərbaycan və o tarixi torpaqlarımıza qayıdışla bağlı məsələlərə diqqət çəkərkən bildirib.

Y.Qaraqoyunlu Qərbi Azərbaycanın hansı cinayətkar yollarla Azərbaycandan qoparılaraq orada erməni dövlətinin yaradılması faktına toxunub.

“Qərbi Azərbaycanda türk-Azərbaycan izi silinərək yerində Rusiyanın iştirakı ilə saxta bir erməni dövləti qurulub. Son yüz ildə  azərbaycanlılar o bölgədən sürgün olunub, soyqırıma məruz qoyulub, tarixi dağıdılıb yoxa çıxardılıb. Dünyanın müxtəlif ölkələrində olan erməni qrupları bizim o bölgəyə köçürdülərək Rusiyanın bir vəkalət dövləti qurulub. Bu torpaqlar Azərbaycanın qərb bölgəsi olduğuna görə biz o yerlərə Qərbi Azərbaycan deyirik. Və bu gün  100 il öncəki  nəsillərdən fərqli olaraq leksikonumuza bir “Ermənistan dövləti” ifadəsi də daxil edilib.  Halbu ki, 100 il əvvəl Qafqaz coğrafiyasında Ermənistan adlı erməni dövləti olmamışdı. Əgər Quzey Azərbaycan torpaqları üzərində bir Ermənistan adlı dövlət qurulubsa bu o deməkdir ki, vaxtilə o torpaqlarda yaşayan bizlər çox böyük mərhumiyyətlərə məruz qalmışıq. 

Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Qızıl Ordu tərəfindən işğal olunduqdan sonra  Batum müqaviləsi ilə İrəvan ermənilərə güzəştə gedilmişdi. İrəvan bölgəsi çox az idi- 9 min kvadrat kilometrdə dövlət qurula bilməzdi.  Ermənilər bunun fərqində idi və siyasi qarmaqarışıqlıqdan istifadə edib, maksimum qonşu dövlətlərdən torpaq işğal etməklə  Ermənistanın sərhədlərini genişləndirdilər. Daşnaq  erməni hökuməti Xalq Cumhuriyyəti çökənə qədər bizimlə müharibə apardı. Xalq Cumhuriyyəti 23 ay mövcud olduğu dönəmdə belə Azərbaycanın içində, sərhədləri xaricində Andranikin qoşunları, daşnaqlarla savaşırdı. Cumhuriyyət devrildi. Sonra Ermənistanın torpaqları artıq daşnaqlar tərəfindən deyil, bolşevik erməni hökuməti və rus  kommunist partiyasının rəhbərləri tərəfindən genişləndirildi. Zəngəzur alınaraq ermənilərə verildi”.

Y.Qaraqoyunlu hesab edir ki, Azərbaycana qarşı həyata keçirilən haqsızlıq, o torpaqların xəritəsi gündəmə gətirilməlidir. Onun fikrincə, məhz hökumət Kommunist Partiyasının həmin qərarlarını tanımadığını gündəmə gətirməlidir. Ermənistan beynəlxalq hüquq tanımır. Biz torpaqlarımız üzərində aparılan heç bir işğal siyasəti ilə razılaşa bilmərik. Bu gün təəssüf ki, Azərbaycanda “Azərbaycan ordusu erməni sərhədlərini pozub”-deyən bir kəsim də var. Bütün bunlara baxmayarq Azərbaycan öz tarixi torpaqlarını geri qaytarmaq mücadiləsinə başlamalıdır.  Qarabağ bu mücadilənin bir hissəsi idi. Bu mücadilənin daha böyük hissəsi, Göyçə, Zəngəzur, İrəvan savaşıdır. Biz bu gün İrəvan savaşını başladıq.  Biz daha sistemli şəkildə milli iradəni bu ideya ətrafında  birləşdirərək Qərbi Azərbaycan hədəfimizə doğru əzimlə, addım -addım getməliyik. Bizim qarşımızda 29,8 min kilometrlik tarixi qərb torpaqlarımızın geri alınması durur”.

Y.Qaraqoyunlu hesab edir ki, Azərbaycan qərbi Azərbaycana qayıdışın yox xəritəsini, proqramını çızmalı, bütün fəaliyyətini bu istiqamətə yönləndirməlidir. Tədqiqatçı alim bildirib ki, Zəngəzur Qərbi Azərbaycanın bir parçasıdır və ermənilər o torpaqların Azərbaycanın tarixi ərazisi olduğunu qəbul etməyə məcbur olacaqlar.

Daim erməni diasporunun, lobbisinin güclü olması ilə bağlı “erməni təbliğat maşını”nın 44 günlük Qarabağ savaşında sındırıldığını deyən alim hesab edir ki, artıq Türkiyə və Azərbaycan birgə hərəkət etməklə bu maşını özü daha güclü şəkildə idarə edə bilər. Onun fikrincə, biz sistemli şəkildə mübarizə aparsaq erməniləri Qarabağda necə yendiksə, bundan sonra da yenə biləcəyik. Çünki tarixi faktlar, statistika, xəritələr, toponimlər və sair bütün faktlar bizim haqlı olduğumuzu göstərir. Çünki bizim davamız haqq davasıdır. Ermənilər haqqı tanımırsa, haradan Azərbaycan köçürülüblərsə, ora da qayıtmalıdırlar.  

Y.Qaraqoyunlu hesab edir ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mədəniyyət, kino sahəsində çox böyük işlər görülə bilər. Onun sözlərinə görə, son 100 ildə ermənilərin Qərbi Azərbaycanda azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımlar, deportasiyalar haqqında bədii, sənədli filmlər çəkilməli və bütün dillərdə yayılmalıdır. Y.Qaraqoyunlu eləcə də hesab edir ki, tarixi torpaqlarımızla bağlı informasiya sahəsinin mübarizəsi xüsusilə sərt olmalıdır.

“Qərbi Azərbaycan tarixini anladan çoxsaylı xəbər portalları, saytlar, televiziyalar qurulmalıdır. Bu gün Qərbi Azərbaycanda qalan 735 kəndimizi heç Quzey Azərbaycan tanımır, əzbər bilmir. O 735 kəndin görüntüsü, ordakı abidələrimiz, tariximizdən danışılmalı, göstərilməlidir. Xəritələrimiz və toponimlərimiz müxtəlif dillərə tərcümə olunaraq dünyaya yayılmalıdır. Məsələn, tarixçi alim Budaq Budaqovun toponimlər kitabı mütləq şəkildə ingilis dilinə çevrilib  bütün dünya ölkələrinin səfirliklərinə, beynəlxalq təşklatlara təqdim olunmalıdır. Qərbi Azərbaycanlılarla bağlı 1 yox, 100-lə təşkilat qurulmalıdır.  Bu gün ortada tək bir Qərbi Azərbycan icmasının olması çox azdır.  Qərbi Azərbaycanlılar toparlanması üçün üçün müxtəlif sahələri əhatə edən təşkilatlar qurulmalıdır. Qərbi Azərbaycanlıların hüquqlarının müdafiəsi istiqamətində QHT-lər yaradılmalıdır. Məsələn, hansısa bir irəvanlının İrəvandakı evinə qayıtması məsələsi gündəmə gətirilməlidir.  Nəyə görə İrəvan türkləri oradakı evinə qayıtmasın, nəyə görə qərbi azərbaycanlıların öz torpaqlarına qayıdışı məsələsi beynəlxalq tribunalarda qaldırılmamalıdır. Mənim orda bacımın, nənələrimin, babalarımın məzarı var. Bu gün onların durumunun necə olmasını araşdırmaq üçün beynəlxalq nümayəndlərin təmsilçiliyi ilə monitorinq qrupları yaradılmalıdır.  Bizim oradakı evlərimizin çoxunu söküb aparıblar, çoxunda isə erməni yoxdur. Erməninin nə əhalisi var ki, gedib o 735 kənddə də məskunlaşa bilsin. Hüquqları pozulan bütün qərbi azərbaycanlılar beynəlxalq təşkilatların qarşısında durmadan məsələ qaldırmalıdır. Biz çoxumuz Ermənistan vətəndaşıyıq. Ona görə də ikili vətəndaşlıq gündəmə gəlməlidir. Biz Azərbaycan vətəndaşı olmağımızla bərabər, həm də Ermənistan vətəndaşı olmalıyıq. Bizim vətəndaşlığımız, qaçqın statusumuz geri qaytarılmalıdır ki, sabah  Ermənistan, dünya, beynəlxalq təşkilatlar qarşısında öz haqlarımızı tələb etmək üçün hüquqi əsasımız olsun.

Bəli, biz Azərbaycanda qaçqınıq, çünki bizim öz torpağımız, evimiz var. Azərbaycan hökuməti deməlidir ki, ey Ermənistan, mən sənin 500 min vətəndaşını bu günə qədər öz gücümlə saxlamışam, vətəndaşlarımızı qəbul elə”.

Y.Qaraqoyunlu Qərbi Azərbaycanın 735 kəndində yaşadığı iddia olunan 500 min azərbaycanlının say məsələsində müəyyən yanlışlığın olmasına da diqqət çəkib. Onun fikrincə, cəmiyyətdə bu istiqamətdə sayımızla bağlı manipulyasiyalar, saxta rəqəmlər var.

“Əvvəl qərbi azərbaycanlıların sayının 200 min olduğunu dedilər. Mən buna etiraz etdim və çağırış etdim ki, biz çoxuq bizim sayımızı azaltmayın.  Sonra qaldırdılar 500 minə. Hesab edirəm ki, bu qədər kənddə 500 min əhali yaşaya bilməz. Belə çıxır ki, kəndin sayı əhalinin sayından çoxdur. Əhalinin sayı ilə bağlı dəqiqləşdirmə aparılmalıdır. O qədər kənddə 1 milyondan çox əhalinin yaşaması mütləqdir. Haqlarımızı bərpa etmək üçün çox işlər görülməlidir və millətimizin buna gücü çatar”.

AMEA alimi hesab edir ki, həqiqətləri ortaya çıxarmaq, dünyaya göstərmək üçün bütün vasitələrdən istifsadə olunmalıdır. Onun fikrincə, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yazıçılar Birliyi, ziyalılar, tarixçilər, alimlər -hamı səfərbər olmalıdır.

Artıq Qərbi Azərbaycana yolumuz başladı. Mən inanıram ki, biz Qərbi Azərbaycana, öz torpaqlarımıza qayıdacağıq”.

Siyasət rubrikasından digər xəbərlər