Avropalıların 48 faizi kommunal borclarını ödəməkdə çətinlik çəkir

11:40 28.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avropa Komissiyasının dərc etdiyi araşdırmanın nəticələrinə görə, Avropa İttifaqı (Aİ), İslandiya və Norveçdə yaşayanların demək olar ki, yarısı borclarını ödəyə bilməməkdən narahatdır. 48 faiz mənzil krediti ala bilməməkdən və işə getmək üçün nəqliyyatdan narahatdır. Respondentlərin 37 faizi dolanışıqlarını təmin etmək üçün əmanətlərini dəyişdiyini bildirib.

Hafta.az-ın "İpsos" sorğu şirkətinin araşdırmalarına istinadən yazdığına görə, insanları ən çox inflyasiya narahat edir.

Covid-19 pandemiyası və ardınca Rusiyanın Ukraynaya hücumu Aİ-də istehsal, ərzaq və enerji xərclərini artırdığı üçün inflyasiya da artıb. Avropa Mərkəzi Bankı inflyasiyanı azaltmaq üçün faiz dərəcələrini artırıb, lakin yaşayış minimumu yüksəlməkdə davam edir.

2023-cü ilin yanvar ayını əhatə edən son sorğuda respondentlərin 40 faizi inflyasiyanın bu gün ölkələrinin üzləşdiyi ən mühüm problemlərdən biri olduğunu bildirib. Beləliklə, inflyasiya ardıcıl on ay ərzində əsas narahatlıq kimi müəyyən edilib.

İştirakçıların yüzdə 71-i yaşayış xərclərinin artması səbəbindən evdə istehlaklarını məhdudlaşdırmağa çalışdıqlarını ifadə edərkən, yüzdə 28-i nəqliyyat seçimlərini dəyişdiklərini söyləyib.

2022-ci ilin oktyabrında sorğuda iştirak edən 10 nəfərdən təxminən 4-ü (37 faiz) sorğudan əvvəlki altı ay ərzində (2022-ci ilin may-oktyabr aylarında) qənaət edərək yığdıqlarını xərclədiklərini bildirib. Maddi cəhətdən çətin vəziyyətdə olanlar üçün bu nisbət 50 faizə, daha ağır durumda olanlar üçün isə 48 faizə çatıb. Digər tərəfdən, maliyyə vəziyyəti “kifayət qədər yaxşı” olanların beşdə biri (19 faiz) əmanətlərindən istifadə etməli olduqlarını deyiblər.

Digər tərəfdən, önümüzdəki altı ayla bağlı narahatlıqları soruşulan Avropalı istehlakçıların demək olar ki, yarısı hesablarını ödəməkdən narahat olduqlarını (yüzdə 48) bildiriblər. Rəyi soruşulanların yarısı sevdikləri yeməkləri alıb yeyə bilmədiklərini söyləyiblər. Respondentlərin 34 faizi məzuniyyət xərclərini ödəyə bilməməkdən narahat olduqlarını bildirib.

Respondentlərin 19 faizi yaxın altı ayda ipoteka kreditlərini ödəyə bilməyəcəkləri ilə bağlı narahatlıq ifadə ediblər. İstehlakçıların dörddə biri gələcəkdə işə gedib-gəlmək üçün səyahət xərclərini ödəməkdən narahat olduqlarını söyləyib.

Oxunma sayı 232