Azad edilən ərazilərdə elə bir mühit yaradılmalıdır ki, əhali özü ora can atsın. Bu isə o qədər də çətin deyil. Dünyada belə bir çox təcrübə var.
Bu fikirləri hafta.az-a sosioloq Əhməd Qəşəmoğlu deyib. Onun sözlərinə görə, bu sahədə xüsusi mexanizmlər olmalıdır:
“Ölkədə orada gözəl cəmiyyətin formalaşması barədə ictimai rəy yaranmaldır. Hansı ki, vətəndaşların indi yaşadıqları yerdə üzləşdiyi problemlər orada yox dərəcəsindədir. Buna məmur biganəliyi, rüşvət, insanlara qarşı etinasızlıq, işsizlik amilləri daxildir.
Əhali burada nələrdən şikayət edirsə, həmin problemlər orada öz həllini tapmış olsun. Biz azad olunan ərazilərimizdə elə bir mühit yaratmalıyıq ki, əhali orada yaşamağa can atsın. Mən sovet vaxtı Kamçatka vilayətinə getmişdim. Bütün sovet camaatı da ora can atırdı. Səbəb isə 3 qat əməkhaqqı amili idi. Hər kəs Kamçatkada burada aldığından qat-qat artıq alırdı. Belə güzəştlərin tətbiqi insanlarda tərəddüd yaratmayacaq, əksinə hər kəs özü qayıtmağa səy göstərəcək. Ona görə də mətbuatda yaradılacaq ictimai rəy olduqca mühümdür. Bu işləri kompleks şəkildə həyata keçirmək lazımdır. Yeni metodlarla müasir cəmiyyəti azad edilən ərazilərə qayıtmağa təşviq edəcək proqramlar həyata keçirilməlidir”.