Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndələri ilə görüş keçirilib.
Aİİ-dən hafta.az-a bildirilib ki, görüş zamanı Aİİ-nin rektoru Ceyhun Məmmədov ali təhsil müəssisəsinin fəaliyyəti haqqında məlumat verib. Tələbələrin şəxsi keyfiyyətlərinin, dil biliklərinin yüksək olmalarına, dini və dünyəvi biliklərə dərindən yiyələnmələrinə xüsusi önəm verildiyini qeyd edən rektor bildirib ki, onların bilikli, savadlı, zəngin dünyagörüşlü yetişmələri üçün müxtəlif layihələr həyata keçirilir. C.Məmmədov qeyd edib ki, belə layihələrdən biri də ali təhsil müəssisəsində əlavə ərəb və ingilis dillərindən kursların təşkil olunmasıdır. Ceyhun Məmmədov İnstitutda, eyni zamanda, BMqT tərəfindən ingilis dili kurslarının təşkil edilməsinin tələbələrin dil biliklərinin gücləndirilməsinə öz töhfəsini verəcəyini bildirib.
Daha sonra təşkilat haqqında informasiya verən nümayəndələr BMqT-nin Bakı ofisi yarandıqdan sonra, Azərbaycanda müxtəlif sahələrdə layihələrin uğurla icra olunduğundan bəhs ediblər. Qeyd edilib ki, BMqT 2018-ci ilin sentyabr ayından etibarən ölkəmizlə sıx əməkdaşlıq şəraitində Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Dayanıqlılıq naminə ictimai fəaliyyət” layihəsini həyata keçirir.