XX əsrin sonlarında ikiqütblü dünya nizamı Qarabağ münaqişəsi ilə sona çatdısa, bu gün yeni dünya düzəni də 30 ildən sonra azad olunmuş Qarabağ ərazisindən qurulur. Bu proseslərin Azərbaycan üçün böyük perspektivləri olduğu kimi, böyük riskləri də vardır. Bu baxımdan, Azərbaycan siyasətçiləri Azərbaycanın bölgədə və dünyada geosiyasi əhəmiyyətini dərk edərək dünyaya Böyük Azərbaycan idealından baxmağı bacarmalıdırlar. Azərbaycan, onu əsarətə çəkən Sovet Azərbaycanı məfkurəsindən tam şəkildə qurtularaq, özünün və bölgədəki xalqların qurtuluşuna aparan Böyük Azərbaycan məfkurəsinə qovuşmalıdır.
Bu fikirləri hafta.az-a politoloq Rauf Məmmədov deyib.
Onun sözlərinə görə, bunun üçün, Böyük Azərbaycanın dil, din, fəlsəfə, elm-təhsil, mədəniyyət, siyasət və iqtisadiyyat sahələrinin müvafiq və özünəməxsus fundamental konseptual əsasları müəyyənləşdirilməli və və bu nəzəri əsasların praktiki tətbiqi kimi islahatların aparılması zəruridir.
Azərbaycan nəinki bölgədə, Avrasiyada mühüm iqtisadi mərkəzə çevrilməlidir. Təbii ki, “Bir kəmər, bir yol” layihəsinin reallaşması, enerji transit xətlərinin Azərbaycanda təmərküzləşməsi, azad olunmuş Qarabağ ərazisində müasir iqtisadi layihələrin həyata keçirilməsi və digər layihələr Azərbaycanın iqtisadi imkanlarını genişləndirəcək və yeni iş yerlərinin meydana çıxmasına şərait yaradacaqdır. İran Zəngəzur məsələsində Azərbaycan və Türkiyə ilə razılığa gəlsə, yəni zəngin qaz-neft resursları olan İranın xətləri Azərbaycandan keçsə (bura Rusiya və Türkmənistanı da əlavə etsək), Azərbaycan və Türkiyə bu tranzit marşrutlardan böyük gəlir əldə edəcəklər. Üstəlik, loqistika və ticarət sahəsində də geniş imkanlar açılacaqdır. Azərbaycan bu sahədə əldə etdiyi imkanlardan yararlanaraq Gürcüstan, Ermənistan, Şimali Qafqaz, Orta Asiya, Cənubi Azərbaycan, Əfqanıstan kimi ərazilərdə geniş sərmayə qoyuluşuna başlaya bilər. Azərbaycanın enerji texologiyaları sahəsində əldə etdiyi təcrübə və bilikləri nəzərə alsaq, bu ərazilərdə “Socar”ın yeni filiallarını açmaq, həmçinin, yerli tikinti şirkətlərinin bu ərazilərdə yeni layihələr təqdim etmək imkanlarının olduğunu söyləyə bilərik.