"Mir” ödəniş sisteminin kartları yeni çətinliklərlə üzləşib. Belə ki, ABŞ və Avropa İttifaqı Rusiyanın sanksiyalardan yayınmaq üçün işə saldığı “Mir” ödəniş sisteminin digər ölkələrdə fəaliyyətini böyük ölçüdə dayandırmağa müvəffəq olmaqdadır. ABŞ Maliyyə Nazirliyinin saytında “Mir”lə əməkdaşlıq edən ölkələrə xəbərdarlıq yerləşdirilib. Avropa İttifaqının baş diplomatı Jozep Borrelin şəxsi nümayəndəsi Peter Stano isə Aİ-nin də “Mir”dən istifadəyə görə digər ölkələrin banklarına məhdudiyyət tətbiq olunacağını istisna etməyib. Onun sözlərinə görə, Avropa İttifaqında artıq bu məsələ müzakirə olunur.
Bu xəbərdarlıqdan sonra sentyabrın 19-da Türkiyədə “Mir” kartlarına xidmət göstərən iki ən böyük bank – Türkiye İş Bankası və DenizBank onlara xidməti dayandırıb. Ziraat Bankası, HalkBank və VakıfBank isə müəyyən məhdudiyyətlər tətbiq etməyə başlayıb. Sentyabrın 21-də isə Ermənistanda banklar tərəfindən “Mir” ödəniş sistemi kartlarının qəbulu dayandırılıb. Ermənistan Mərkəzi Bankı bununla bağlı bəyan edib ki, Ermənistanın kommersiya bankları sanksiyalarla bağlı “Mir” kartlarına xidmət göstərib-göstərməmək qərarını özləri verirlər.
Sentyabrın 22-də “Mir” kartlarına xidmət daha iki ölkədə - Qazaxıstan və Vyetnamda dayandırılıb. Sentybarın 23-də isə Özbəkistanda Rusiya kartlarının qəbuluna son qoyulub. Özbəkistan milli kart sistemi olan “Uzkard”ın saytında yerləşdirilən məlumatda bunun texniki məsələlərin həlli ilə bağlı olduğu qeyd edilsə də, kartlara xidmətin nə zaman davam edəcəyinə dair heç bir məlumat verilmir.
Bəs, görəsən, Azərbaycanda banklar bu ödəniş sistemindən istifadə edirmi? Azərbaycanda bu sistem vasitəsilə nə qədər əməliyyat yerinə yetirilir? Ümumiyyətlə, “Mir” kartlarından istifadə edən yerli banklara qarşı sanksiyaların tətbiqi nə ilə nəticələnə bilər?
Mövzunu hafta.az-a şərh edən Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, Azərbaycanın “Mir” ödəniş sistemindən istifadə edib-etmədiyinə dair rəsmi məlumat yoxdur: “Amma Azərbaycanın Rusiya ilə geniş iqtisadi əlaqələri var. Bildiyiniz kimi, sanksiyalar çərçivəsində Rusiyanın bank sistemi SWİT-dən ayrıldı. Bundan sonra Rusiya alternativ "Mir” ödəniş sistemini yaratdı. Moskva alternativ bank sistemi yaratmaqla özünə müttəfiq ölkələrlə "Mir”sistemi vasitəsilə ödənişlər həyata keçirirdi. Qərb isə Rusiyanın bu oyununa gedən ölkələrə təzyiq edib ki, Moskvaya yönəlik sanksiyaların daha təsirli olması üçün onlar "Mir” ödəniş sistemindən çıxsın. Əks təqdirdə, Rusiyaya yönəlik sanksiyalar "Mir”dən istifadə edən digər ölkələrə də şamil edilə bilər. Bunun nəticəsi olaraq əvvəl Rusiyanın oyununa gedən ölkələr indi "Mir” ödəniş sistemindən imtina etməyə başlayıblar. Belə vəziyyət isə Rusiyanın bütünlüklə bloklanması deməkdir. Şimal ölkəsinin bank sistemi bloklanacaq. Rusiya heç bir bank sistemindən nə pul qəbul edə, nə də göndərə bilməyəcək. Amma Azərbaycanın “Mir” ödəniş sistemindən istifadə edib-etmədiyinə dair rəsmi məlumat yoxdur. Ola bilsin ki, bu məlumatı ictimailəşdirməyə lüzum görməyiblər. Bildiyim qədər bu sistemə rəsmi qoşulma yoxdur. Eyni zamanda, Azərbaycan Rusiya ilə aktiv ticarət əməliyyatları aparır. Yəqin ki, bunların arasında “Mir”lə mübadilə də var. Təbii ki, Azərbaycanla Rusiya arasında bank əlaqələri kəsilərsə, bu, ölkələrimiz arasında idxal-ixrac əməliyyatları, mal mübadiləsi prosesini bir qədər çətinləşdirəcək. Hesab edirəm ki, ölkələrimiz siyasi-iqtisadi cəhətdən çox yaxın olduğundan digər mexaniki vasitələrdən istifadə etməklə problemi müəyyən mənada aradan qaldıra biləcəklər”.
Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib ki, Azərbaycan bankları “Mir” ödəniş sistemindən istifadə etdiyi təqdirdə ciddi sanksiyalarla üzləşə bilərlər: “Düzdür, bu sistemdən istifadə edib-etmədiyimizə dair konkret məlumat mövcud deyil. Qazaxıstan, Vyetnam, Özbəkistan, Türkiyə kimi ölkələr bu kartlardan istifadəni dayandırıb. Hamı da başa düşür ki, bu addım sanksiyalara görə atılıb. Əgər Türkiyə kimi qüdrətli dövlət bu məsələdən imtina etdisə, vəziyyətə diqqətli yanaşmaq lazımdır. Ona görə də düşünürəm, əgər bizim banklar indiyədək bu sistemdən istifadə edirdilərsə, bundan sonra etməyəcəklər”.
Yeri gəlmişkən,
Kreml Türkiyənin dövlət banklarının Rusiyanın “Mir” ödəniş sistemindən istifadədən imtina etmək qərarını ABŞ-ın ölkəyə misli görünməmiş təzyiqi və ikinci dərəcəli sanksiyalar təhlükəsi səbəbindən məcburi hesab edir. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Aydındır ki, banklar və iqtisadi tərəfdaşlar Amerika Birləşmiş Ştatlarının çox güclü təzyiqi altındadırlar, onları bank sistemi üçün ikinci dərəcəli sanksiyalarla hədələyirlər. Anlaşılandır ki, bu qərar misli görünməmiş təzyiq altında qəbul edilib. Vəziyyət mürəkkəbdir və əlbəttə ki, biz bu təzyiqə qarşı birgə yollar axtarmalıyıq ki, ticarət-iqtisadi əməkdaşlığımıza xələl gəlməsin və hər il Türkiyəyə gedən milyonlarla rusiyalı turistimizi rahat şəraitdən məhrum olunmasın”, - Peskov Kremlin Rusiyanın “Mir” ödəniş sisteminin kartlarının qəbulunu dayandıran türk bankları ilə bağlı vəziyyəti necə qiymətləndirdiyini və Rusiya Prezidenti Vladimir Putinin bu məsələni Türkiyə Prezidenti ilə müzakirə edib-etməyəcəyi sualına cavabında bildirib.
Qeyd edək ki, “Bloomberg“ adı açıqlanmayan yüksək rütbəli türkiyəli məmura istinadən xəbər yayıb ki, Türkiyənin dövlət bankları Halkbank, Ziraat Bank və VakıfBank “Mir” sistemindən istifadəni dayandırmaq qərarına gəliblər.