“Astronavtika Konqresinin Bakıda keçirilməsi növbəti böyük qələbəmizdir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevi ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması ilə əlaqədar qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, bu çox böyük hadisədir: "Bir neçə gün bundan əvvəl Vaşinqtonda keçirilmiş Beynəlxalq Astronavtika Konqresində növbəti Konqresin Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilib. Bu, çox böyük hadisədir, bizim böyük qələbəmizdir".
Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) direktoru Namiq Cəlilov da bildirib ki, bu Azərbaycan üçün tarixi bir hadisədir: “Məlum olduğu kimi, 68 ölkəni təmsil edən 398 təşkilatın üzv olduğu Astronavtika Federasiyası kosmik sahədə fəaliyyət göstərən ən mötəbər beynəlxalq təşkilatdır. 1950-ci ildən bəri fərqli ölkələrdə keçirilən Beynəlxalq Astronavtika Konqresi təşkilatın əsas tədbiridir. Bu konqres dünyanın kosmik sahədə aparıcı agentlikləri, elm mərkəzləri və beynəlxalq təşkilatlarının rəhbərləri, eləcə də məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr də daxil olmaqla dünya kosmos ictimaiyyətinin bir araya gətirən qlobal platformadır. Konqres zamanı iştirakçılar kosmos sahəsinə aid aktual trendləri və ən son innovasiyaları izləmək fürsəti əldə edir. Bu təşkilata Azərbaycan üç qurum üzvdür ki, onlardan biri də adına Şamaxı Astrofizika Rəsədxanasıdır. Əslində, bu tədbirin Azərbaycanda keçirilməsinin daha dərin tarixi var. Çünki, Beynəlxalq Astronavtika Konqresi ulu öndər Heydər Əliyevin təşəbbüsü və səyləri nəticəsində 1973-cü ildə keçmiş Sovet İttifaqında yalnız bir dəfə və məhz Bakı şəhərində keçirilib”.
Direktor onu da vurğulayıb ki, sözügedən tədbirə ölkəmizin ev sahibliyi etməsi Azərbaycan üçün əlavə imkanlar yaradacaq: “Azərbaycan artıq bir neçə ildir ki, kosmik klubun üzvüdür. Əlbəttə ki, müasir texnologiyaların inkişafı bizim ölkəmizdə əsas məsələlərdən biridir. Bu gün dünyanın inkişafı müasir texnologiyaların imkanından asılıdır. Azərbaycan da yeni texnologiyaların tətbiqinə açıq bir ölkədir. Həmin tədbirdə bu sahədə ciddi nailiyyətlərə malik çox nüfuzlu qurumlar, alimlər, biznes strukturlarının təmsilçiləri iştirak edirlər. Təbii ki, onlar bu tədbirə qatılmaqla Azərbaycanın kosmik sənayedə əldə etdiyi uğurlarla yerindəcə tanış olduqdan sonra yeni əlaqələr, yeni partnyorlar yaranacaq. Məsələn, biz özümüz uzaq kosmosun tədqiqi ilə məşğuluq. Amma fikrimiz var ki, Azərbaycanın kosmik sənayedə inkişafından istifadə edərək nano peyklər vasitəsilə yaxın kosmosda astrofiziki ekspermentlər aparaq. Bu nöqteyi nəzərdən o tipli mütəxəssislərlə görüşmək, onların təcrübəsindən istifadə etmək bizi çox qabağa aparacaq”.
N.Cəlilov həmçinin seçim zamanı Azərbaycana üstünlük verilməsinin səbəblərinə də toxunaraq deyib ki, son illər ölkəmizin kosmik sənayedə əldə etdiyi uğurlar bu cəmiyyətə üzv olan ölkələrin diqqət mərkəzindədir: “Azərbaycan gənc ölkə olmasına baxmayaraq bu istiqamətdə çox böyük nəticələri var. Hazırda ölkəmiz MDB məkanında telekommunikasiya peykinə sahib olan 3 dövlətdən biri, Qafqaz regionunda isə ilk peykə sahib ölkədir. Bu kimi amillər Azərbaycana əlavə üstünlüklər qazandırır. Eyni zamanda, gənc bir ölkənin qısa müddətdə kosmik ailəyə daxil olması və bu sahədə keçdiyi inkişaf yolu əksər ölkələr üçün maraqlıdır. Ona görə də 2022-ci ildə keçiriləcək 73-cü Konqresə ev sahibliyi etmək üçün finalda məhz Azərbaycan qalib gəlib. Bu baxımdan əldə olunan uğuru tarixi qələbə kimi qiymətləndirmək olar”.
Xatırladaq ki, hər il Beynəlxalq Astronavtika Federasiyası qlobal kosmik ictimaiyyəti bir araya toplayaraq Beynəlxalq Astronavtika Konqresini təşkil edir. Builki 70-ci Konqres Vaşinqtonda keçirilib. Bu Konqres Federasiyaya üzv olan dünyanın müxtəlif ölkələrində keçirilir. Ev sahibliyi edəcək ölkə Federasiyanın müəyyən tələblərinə cavab verməlidir. Son illərdə tədbir 4500-dən çox iştirakçı cəlb edib. Bir neçə gün öncə Vaşinqtonda keçirilən tədbirdə Azərbaycan Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb.2022-ci ildə keçiriləcək 73-cü Konqresə ev sahibliyi etmək üçün finalda 4 namizəd Azərbaycan ("Azərkosmos"), Hindistan (Hindistan Kosmik Tədqiqat Mərkəzi), Sinqapur (Kosmik və Texnologiya Assosiasiyası), Braziliya (Braziliya Kosmik Agentliyi) olub.
“Azərbaycan da yeni texnologiyaların tətbiqinə açıq bir ölkədir” - Namiq Cəlilov
16:49 30.10.2019
Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt
Sosial rubrikasından digər xəbərlər