Son günlər ABŞ regionla bağlı fəallıq nümayiş etdirir. Yeni ilin ilk həftəsində ABŞ Dövlət Departamenti rəhbərinin Azərbaycan-Ermənistan xarici işlər nazirləri ilə aparacağı danışıqlar regionda sülh prosesinə veriləcək töhfə kimi dəyərləndirilir. Bu gün əsas vasitəçi kimi görünən ABŞ sülh danışıqlarında hansı irəliləyişə nail ola bilər?
Politoloq Mətin Məmmədli hafta.az-a açıqlamasında bildirib ki, Birləşmiş Ştatların son zamanlar Azərbaycan-Ermənistan arasında aparılan danışıqlarda fəallıq nümayiş etdirməsində əsas məqsəd iki ölkə arasında danışıqların yenidən canlandırılmasına xidmət edir.
“Məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən iki ölkə arasında problemlər qalmaqdadır. Bu da Ermənistanın danışıqlar prosesinə maneə törətməsi kimi dəyərləndirilə bilər. Ermənistan son iki il ərzində olduqca ziddiyyətli bir mövqe nümayiş etdirir. Təəssüf ki, biz beynəlxalq vasitəçilərdən də buna qarşı adekvat mövqe görmürük”.
M.Məmmədli bildirib ki, Ermənistan-Azərbaycan arasında aparılan sülh danışıqlarında iki vasitəçi tərəf olub - Rusiya və Avropa İttifaqı. Onun sözlərinə görə, sonradan prosesə qoşulan ABŞ, Avropa İttifaqının vasitəçiliyi ilə bu günə qədər müəyyənləşmiş diplomatik gündəlik çərçivəsində hərəkət edir. “Təəssüf ki, bu vasitəçilər Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyə adekvat mövqe nümayiş etdirmir. Nəticədə sülh prosesində irəliləyişlər əldə etmək mümkün olmur. Bu da vəziyyəti daha da gərginləşdirir”.