Bir neçə il sonra işğaldan azad edilmiş ərazilərimizdə soydaşlarımızla erməniəsilli Azərbaycan vətəndaşları kompakt şəkildə yaşamağa başlayacaq. Belə olduğu halda erməni dilini bilən yerli məmurlara ehtiyac yaranacaqmı? Hazırda ölkəmizdə erməni dilini bilən kadrlara daha çox hansı fəaliyyət sahəsində zərurət var? Bu dilin tədrisi harada təşkil edilir?
Məsələ ilə bağlı tarixçi professor, AMEA-nın müxbir üzvü, millət vəkili Musa Qasımlı hafta.az-a açıqlamasında bildirdi ki, Azərbaycan Respublikasında yaşayan bütün vətəndaşların hamısı etnik kökündən asılı olmayaraq dövlətimizin dili olan Azərbaycan dilini bilməlidir.
Çoxlu dil bilmək ziyanlı deyil, üstünlükdür. Ayrıca olaraq erməni dilini hamının bilməsi lazımdırmı? Ölkəmizdə bir neçə etnik qrup yaşayır. Onların hamısı bərabərhüquqlu vətəndaşlardır. “Erməni dilini bilən şəxslərə gəlincə, hesab edirəm, bəzi universitetlərimizdə Qafqazşünaslıq ixtisasında tələbələr və magistrlər təhsil aldıqlarından onlara erməni dili də öyrədilir. Həmin şəxslər universiteti bitirdikdən sonra bəziləri elmi tədqiqatlarla məşğul olur, bəziləri isə dövlət və hökumət qurumlarında işləyir. Müvafiq istiqamətlərdə çalışan şəxslərin, məmurların, xidmət keçənlərin həmin dövlətin dilini bilməsi üstünlükdür. Ona görə də təkcə erməni dilinin deyil, qonşuluğumuzda olan digər xalqların da dillərinin bilinməsində ziyanlı heç nə yoxdur. Yaxşı haldır ki, indi ölkəmizdə Qafqaz regionunun araşdırılmasına, xalqlarının dillərinin mənimsənilməsinə, müvafiq tədqiqatların aparılmasına xüsusi fikir verilir, Qafqazşünaslıq İnstitutu fəaliyyət göstərir. Biz ilk növbədə qonşularımızı dərindən öyrənməliyik”.
BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru İsmayıl Tanrıverdi isə söylədi ki, bu gün Azərbaycanda erməni dilini bilən kadrlara daha çox mətbuatda və güc nazirliklərində tələbat var:
“Azərbaycanda erməni dilinin öyrənilməsinə 2012-ci ildən başlanılıb. İlk olaraq, cənab Prezidentin göstərişi ilə ATV kanalında imtahanlar keçirildi və oradan erməni dilini yaxşı bilənlərin seçimi oldu. Onlar hazırda CBC kanalındadır. Mahiyyət ondan ibarətdir ki, düşmənin dilini bilmək mütləqdir. Yüz il əvvəl türk dili ermənilərin ikinci ana dili olmuşdu. O zamanlar bizim onların dilini öyrənməyimizə ehtiyac yox idi. İndi erməni dilinə tələbat daha çox mətbuatdadır. Daha sonra güc nazirliklərində bu dili bilən kadrlara zərurət yaranır”.
Direktorun sözlərinə görə, ölkəmizdə erməni dili rəsmi olaraq Bakı Dövlət Universitetində və Azərbaycan Dillər Universitetində tədris edilir. Həmçinin bununla bağlı müvafiq dərsliklər də çap olunub:
“Bundan başqa kurslarda da bu dilin öyrədilməsi həyata keçirilir. Bu ilin may ayından etibarən BDU-da ayrıca olaraq Erməni Dili Mərkəzi yaradıldı. Mərkəzin drektoru mənəm. Mərkəz olaraq son 2 ay ərzində 2 dərslik kitabı buraxmışıq. Sözügedən dərsliklər erməni dilini ən asan üsulla öyrədən dərs vəsaitləridir”.
Xatırladaq ki, ötən il UNEC-də tədqiqatçılar üçün 6 aylıq erməni dilinin tədrisinə başlanılmışdı. Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzi tərəfindən təşkil olunan təlimlərin məqsədi tədqiqatçılarımıza Ermənistan mətbuatını mütəmadi izləmək, Ermənistanın mövcud iqtisadi durumu və gələcək vəziyyəti ilə bağlı erməni dilində olan mənbələrdən daha dolğun məlumat əldə etmək, həmçinin bu dildə olan elektron resurslardan istifadə etməklə araşdırmalar aparmaq, eləcə də analitik təhlil materialları hazırlamaq, elmi məqalələrlə çıxış edərək dünya ictimaiyyətini məlumatlandırmaq imkanı yaratmaqdan ibarət olub.
Həmçinin, 2015-ci ildə siyasi elmlər doktoru, əslən Ermənistandan olan Hatəm Cabbarlının yazdığı erməni dili dərsliyi Bakıda Azərbaycan Respublikasının prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən çap edilib. 2018-ci ildə isə Bakı Dillər Universiteti Qafqazşünaslıq kafedrasının baş müəllimi Hüseyn Əsgərovun yazdığı "Erməni dilinin qrammatikası" dərsliyini nəşr edib.