Azərbaycanda quduzluq əleyhinə vaksin tərkibli yem istehsal ediləcək

12:17 17.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin ilk altı ayı ərzində heyvan sağlamlığı, fitosanitar nəzarət və qida təhlükəsizliyi sahələrində mühüm tədbirlər həyata keçirilib. Hazırda ölkədə 14 heyvan bazarı fəaliyyət göstərir, yaxın günlərdə Xaçmaz heyvan bazarının da istifadəyə verilməsi ilə onların sayı 15-ə çatacaq.

Hafta.az xəbər verir ki, bu fikirləri açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əli Nəbiyev səsləndirib. O bildirib ki, hesabat dövründə 11 heyvan bazarının fəaliyyəti yenidən qurularaq mövcud tələblərə tam uyğunlaşdırılıb və istifadəyə verilib. Bununla yanaşı, heyvanların identifikasiyası üzrə işlər davam etdirilir. Gələn ildən etibarən bu prosesin dövlət vəsaiti hesabına həyata keçirilməsi istiqamətində hazırlıq işləri aparılır.

AQTA sədrinin müavini qeyd edib ki, fitosanitar nəzarət və bitki sağlamlığı sahəsində də genişmiqyaslı monitorinqlər və mübarizə tədbirləri görülüb. Amerika ağ kəpənəyi və çəyirtkəkimilərə qarşı aparılan monitorinqlər nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Aqrar Xidmətlər Agentliyi ilə birgə zəruri tədbirlər həyata keçirilib və müsbət nəticələr əldə olunub.

Onun sözlərinə görə, qəhvəyi mərmər bağacığı ilə bağlı ölkə üzrə 16 mindən çox nöqtədə monitorinqlər aparılıb, nəticədə 390 mindən çox zərərverici aşkarlanaraq məhv edilib. Həmçinin gavalının cibcibə virusu və pomidor meyvələrinin qonur qırışıqlığı virusu müəyyən olunub, həmin ərazilərdə operativ lokalizasiya tədbirləri görülərək təsərrüfat sahiblərinə müvafiq tövsiyələr verilib.

“Bir daha təsərrüfat sahiblərini qeyd olunan viruslara qarşı mübarizə tədbirlərini təxirə salmadan həyata keçirməyə çağırıram. Bu, həm təsərrüfatların daha tez sağlamlaşdırılması, həm də daha az ziyanla üzləşməsi baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə Əli Nəbiyev vurğulayıb.

AQTA sədrinin müavini Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyəti barədə də məlumat verərək bildirib ki, cari ilin ilk altı ayında laboratoriyalarda 545 mindən çox müayinə aparılıb və uyğunsuzluq göstəricisi təxminən 0,3 faiz təşkil edib.

Əli Nəbiyev əlavə edib ki, Qida Təhlükəsizliyi İnstitutu tərəfindən quduzluq əleyhinə vaksin tərkibli cəlbedici yemin ölkədə istehsalı məqsədilə Quba rayonunda xüsusi istehsal sahəsi ayrılıb. İlin sonunadək həmin yemin istehsalına başlanılması nəzərdə tutulur. Bu istehsalın ölkənin biotəhlükəsizliyinin gücləndirilməsində və təhlükəli heyvan xəstəliklərinə qarşı mübarizədə mühüm rol oynayacağı gözlənilir./azertag/