Azərbaycanın D-8-ə qəbul edilməsi bu quruma daha da güc qatacaq - Ceyhun Məmmədov

14:56 20.12.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“D-8 önəmli təşkilatdır. Burada müsəlman dünyasının ən güclü dövlətləri birləşib. Azərbaycanın təşkilata üzv olması ölkəmizin nüfuzunun daha da güclənməsinə öz müsbət təsirini göstərəcək”.

Hafta.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın D-8 təşkilatının Misir Ərəb Respublikasında keçirilən sammitində bu quruma üzv qəbul edilməsi mühüm əhəmiyyətə malikdir. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında Azərbaycanın təşkilata qəbul edilməsinin bu quruma daha da güc qatacağını xüsusilə vurğulayıb.

“Bu gün Azərbaycan ölkəmizin həyata keçirdiyi uğurlu siyasət nəticəsində müsəlman dünyasının lider dövlətlərindən birinə çevrilib. Azərbaycan müsəlman dünyasını narahat edən hər bir məsələyə həssas yanaşır. Bir neçə gün bundan əvvəl Prezident İlham Əliyevin Suriyada baş verən son proseslərlə bağlı Türkiyə prezidenti ilə danışması, Azərbaycanın Suriya xalqına humanitar yardım göstərməyə hazır olmasını ifadə etməsi bu fikri bir daha təsdiq edir. Bir müddət bundan əvvəl cənab Prezident Ərəb Liqasına üzv təşkilatların zirvə sammitində də müsəlmanlara qarşı ayrı-seçkiliyi və ikili standartları sərt tənqid etmişdi. Həmin çıxış da ərəb ölkələrinin liderləri tərəfindən heyranlıqla dinlənilmiş və çox yüksək qiymətləndirilmişdi.

Eyni zamanda Azərbaycan Respublikasının baş naziri Əli Əsədov sammitdəki çıxışında müsəlman dünyasını narahat edən bir çox mühüm məsələlərə toxundu, Azərbaycan xalqının hər zaman Fələstin xalqının yanında olduğunu, 2 milyon vəsait ayırdığını qeyd etdi.

Eləcə də Azərbaycan bir müddət bundan əvvəl COP29-a ev sahibliyi etdi. Əvvəllər bir neçə müsəlman ölkəsi də bu tədbirə ev sahibliyi edib. Digər ölkələrdən fərqli olaraq Azərbaycan bu tədbirə ən qısa zamanda hazırlaşdı. Az zaman olmasına baxmayaraq, bu tədbiri ən yüksək səviyyədə təşkil edən müsəlman ölkələrindən biri oldu. Hələ də bütün müsəlman dünyası Azərbaycanın bu uğurundan bəhs edir”.